“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Dərc olunub: 16/01/2019 - 17:13

UNEC_210918“UNEC-100” İnkişaf Strategiyasında 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunub.
Sənədə görə, “Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək”, “Tədqiqat universitetinə çevrilmək”, “Sahibkar universitetə çevrilmək”, “Sosial xidmətlərdə aparıcı universitetə çevrilmək”, “Beynəlmiləl universitetə çevrilmək”, “Daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq”, “Yüksək beynəlxalq reytinqli universitetə çevrilmək” UNEC-in strateji məqsədləri kimi təsbit olunub.
Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək istiqamətində UNEC, yüksək bal toplayaraq universiteti seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmağı, tədrisdə gənc müəllimlərin payını yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd imkanlarını artırmağı, onları yataqxana ilə təmin etməyi, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.

Strategiyaya əsasən, aparıcı tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC-in hədəfləri dünya təcrübəsinə uyğun magistratura və doktorantura təhsili vermək, yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmaq, sifariş və qrantlar hesabına tədqiqat layihələri reallaşdırmaq, “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə məqalələrin sayını artırmaq və həmin bazalara daxil olan elmi jurnallara sahib olmaqdır.
UNEC-in sahibkar universitet modelini inkişaf etdirmək məqsədilə müəyyən etdiyi strateji hədəfləri startapların, patent müraciətlərinin və kommersiyalaşan patentlərinin, o cümlədən biznes dünyası ilə birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaqdır.
Sosial xidmətlərdə aparıcı universitet statusu almaq istiqamətində hədəflər milli səviyyəli sosial məsuliyyətlilik layihələri reallaşdırmaq, bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin sosial şəraitini, məzunlarla əlaqəni təkmilləşdirmək, ömür boyu təhsil proqramlar-ı üzrə xidmət göstərmək kimi müəyyən olunub.
Beynəlmiləl universitetə çevrilmək və beynəlmiləlləşməni daha da genişləndirilməsi məqsədilə UNEC-də əcnəbi təhsilalanların payının artırılması, beynəlxalq mübadilə proqramlarında daha çox tələbə, müəllim və inzibati heyətin iştirakının təmin edilməsi, beynəlxalq ikili diplom, o cümlədən ingilis dilində təhsil proqramlarının sayının davamlı artırılması hədəflənib.

Strategiyaya uyğun olaraq, daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq məqsədilə hədəflər UNEC-də strateji idarəetməni tam şəkildə tətbiq etmək, insan resursları, informasiya resursları və maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək, universitet idarəetmə strukturunu optimallaşdırmaq kimi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub.








loading...


Fikrinizi bildirin