"Millət vəkili olmağımı istədilər, buna "yox" dedim" - 5 qat dünya çempionu

"Bura həm gənc idmançıları görməyə, həm də istirahətə gəlmişəm".

“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ağırlıqqaldırma üzrə 3 qat olimpiya, 5 qat dünya və 10 qat Avropa çempionu Halil Mutlu keçirdiyi mətbuat konfransında deyib. Mutlu ilk dəfə Bakıya qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Faiq Qarayevin dəvəti ilə gəldiyini xatırladıb. F.Qarayevlə yaxın dost olduqlarını söyləyən məşhur idmançı o vaxtdan Bakının çox dəyişdiyini vurğulayıb: "İki dövlət - bir millət deyimi təsadüfi deyil. İstərdim ki, idmanda da sevincimiz və kədərimiz bir olsun".

46 yaşlı veteran idmançı bildirib ki, olimpiya çempionu yetişdirmək üçün gənclərə yaxşı şərait yaratmaq lazımdır: "Əsas başlanğıc nöqtəsidir. Bütün idman növləri uzun və məşəqqətli yoldur. İlk çempionluğumu 21 yaşımda əldə etdim. Yəni, səbr etmək lazımdır. Azərbaycanda yaxşı ağırlıqqaldıranların yetişməməsi üçün heç bir səbəb yoxdur. Ümumiyyətlə, Azərbaycanda idmana dövlət səviyyəsində böyük dəstək var. Prezident İlham Əliyev şəxsən idman sahəsinə diqqət ayırır".

H.Mutlu Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə dəvət alarsa, imtina edəcəyini söyləyib: "Azərbaycana gəlib, həyəcanlanmaq üçün bir çox səbəb var. Burada gənclərlə bir yerdə olmaq çox xoşdur. 2004-cü ildə məni siyasətə dəvət etdilər, millət vəkili olmağımı istədilər. Amma buna "yox" dedim. Çünki bu səviyyəyə ağırlıqqaldırma sayəsində gəlmişəm. Ona görə də idmanda gənclərə xidmət etmək istəyirəm. Ölkəmdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti postuna namizəd olmuşam. Belədə, bundan sonra məşqçilik etməyim doğru deyil. Məşqçilik çətin işdir, səbr lazımdır. Hədəfim isə federasiya rəhbəri olmaqdır".

Veteran idmançı zarafatla əlavə edib ki, bir gün Azərbaycana məşqçi kimi gəlsə, məqsədi pul qazanmaq olacaq. Onun sözlərinə görə, müasir idmanda ən böyük problemlərdən biri dopinq qalmaqallarıdır: "Dopinq - oğurluqdur. Hamımız səhv edirik. Özüm də 2005-ci ildə dopinqdən cəza almışam. Hərçənd, məqsədim dopinq qəbul etmək deyildi, içdiyim dərmanın tərkibində qadağan olunmuş maddə tapılmışdı. Türkiyədə bu dopinq işinin önünə keçə bilmədik. Biz də doğru yolu tapsaq, heç bir ölkədən geri qalmarıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar