AQTA araşdırmalara başlayıb - 50-yə yaxın sahibkar cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitorinqlərə başlayıb.

Agentlikdən "Report"a verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət ötən ilin dekabrın 31-də bitib.

Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlanıb.

Lakin qeydiyyat üçün kifayət qədər uzun müddətin ayrılmasına və prosedurun asan olmasına baxmayaraq qida məhsulları sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyib. “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

Qida sahəsində qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik aidiyyəti orqanlarla birlikdə paytaxtın Səbail rayonu ərazisində 50-ə yaxın ictimai-iaşə obyektində reyd keçirib. Reydlər zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmayan, qida təhlükəsizliyi qeydiyyatından keçmədən qida sahəsində çalışan subyektlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Bu zaman bəzi sahibkarlıq subyektləri cərimələnib, bəzilərinin isə fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

635x100

Şərhlər

ayzek 2019-01-16 18:22:28

bir yandan deyirsiniz ki sahibkarlara şərait yaradaq,digər yandan da onları cərimələrlə boğursunuz. ..

Son yazılar