BİR ÇOX MƏMURUN XİDMƏTİ MAŞINI ƏLİNDƏN ALINACAQ –  Prezidentin fərmanı

Dərc olunub: 18/01/2019 - 12:12

 

269935_res_01

“Son 10 il ərzində dövlət büdcəsindən xidməti maşınların alınmasına 700-800 milyon dollar vəsait xərclənib”

Dövlət Reklam Agentliyinin rəhbərliyinin aldığı 1,4 milyon manat dəyərindəki lüks “CİP”ləri də satışa çıxarıla bilər

Xəbər verildiyi kimi prezident İlham Əliyev idarəetmə strukturlarında genişmiqyaslı islahatlar başladıb. Bu islahatlar çərçivəsində bəzi dövlət strukturları ləğv edilir, yaxud digərlərinə birləşdirilir. Ləğv edilən bir neçə dövlət strukturunun əsasında yeni, vahid struktur yaradılır. Struktur islahatlarına dair növbəti fərman ötən gün imzalanıb.

Fərmanda yer alan mühüm bəndlərdən biri də bundan ibarətdir ki, prezident dövlət strukturlarında xidməti avtomobillə təchiz edilən məmurların siyahısına yenidən baxılmasını tapşırır.

Belə ki, fərmana əsasən prezident Nazirlər Kabinetinə 3 ay ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməyi tapşırır. (8.7.1)

Habelə sənəddə bildirilir ki, (8.7.2.) bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi təmin edilməlidir. Və nəticəsi barədə prezidentə məlumat verilməlidir.

Fərmanın bu hissəsi ona görə mühümdür ki, Azərbaycanda xidməti avtomobillərlə bağlı vəziyyət doğrudan da əndazəni aşıb. Virtualaz.orq qeyd edib ki, bəzən məmur özü üçün bir yox, bir neçə xidməti avtomobil alır. Yaxud xidməti avtomobillərdən məmurların şəxsi işləri üçün istifadə edilməsi geniş yayılmış və adi hal almış praktikdadır. Habelə dövlət strukturlarının yüksək vəzifəli şəxsləri özlərinə dəyəri yüz minlərlə dollar olan lüks xidməti avtomobillər sifariş verirlər, hansı ki, əksər hallarda belə strukturların fəaliyyət effektivliyi aşağıdır və işçilərinin əmək haqları cüzidir.

Məsələn, ötən gün məlum olmuşdu ki, yeni yaradılan Dövlət Reklam Agentliyinin rəhbərliyinin ilk işi 1.4 milyon manat dəyərində bir neçə lüks “cip” və digər avtomobillər almaqdan ibarət olub. Agentlik ümumilikdə nəqliyyat vasitələrinin alınmasına 2,5 milyon xərcləyib. Büdcədən maliyyələşdirilən dövlət strukturlarının əksəriyyəti vaxtaşırı olaraq bu cür xidməti avtomobillər sifariş verirlər. İndi isə prezidentin fərmanına əsasən bir çox məmurlar xidməti limuzinləri və cipləri ilə vidalaşmalı olacaqlar.

rovsen1543998952“Son 10 il ərzində dövlət büdcəsindən xidməti maşınların alınmasına 700-800 milyon dollar vəsait xərclənib.” “AzPolitika.info”nun məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev öz “facebook” səhifəsindən prezidentin fərmanı ilə bağlı paylaşdığıçərhdə bildirib.

Ekspert qeyd edib ki,   məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır: “Prezidentin dünənki fərmanından belə görünür ki, xidməti maşınların sayı azalacaq. İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım – söhbət 700-800 milyon dollardan gedirdi.

Yaxşı xəbərdi, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 20-30 min dolarlıq maşnda gəzib, 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdı.

Bizdə bununla bağlı qanun 14 il əvvəl – 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib. Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır. İslahat deyiriksə, real olanlardan biri məhz budur”.

Elman
AzPolitika.info








loading...


Fikrinizi bildirin