“Telekanallarımız “kolxoz bazarını” xatırladırlar” - "Təxirəsalınmaz tədbirlər görməyin vaxtı çatıb"

Milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə qeydə alınır.

"Azadinform" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib. Məlumatda qeyd edilir ki, il ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Belə ki, yayımçıların ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmədikləri bəlli olub. Onlar daha çox ucuz yollara əl atır, əksərən ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

Bəs bu məlumata münasibət necədir? Telekanallardakı özbaşınalığı necə aradan qaldırmaq olar?

Bununla bağlı "Azadinform"-a danışan Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, son illər telekanallarda bayağı verilişlərin sayı xeyli artıb: “Yayımçılar ciddi, analitik verilişlər hazırlamağa maraq göstərmirlər. Buna səbəb kimi həmin verilişlərə marağın az olduğunu göstərirlər. Azərbaycan cəmiyyəti “reytinq bəlası”na düçar olub. Bu mənfi tendensiyadan telekanallar daha çox əziyyət çəkirlər. Reytinq azarı peşəkar yanaşmanı arxa plana keçirib. Aparıcı tanıyıram ki, reytinq xatirinə efirdə meymunluq edir. Aparıcı da var ki, verilişin reytinqini qaldırmaq üçün efirdə “donbalaq” aşır. Hamı “tamaşaçı ovu”na çıxıb. İntellektual, maarifləndirici verilişlər yox dərəcəsindədir. Telekanallarımız “kolxoz bazarını” xatırladırlar. İntellektual səviyyəsinə görə bazar arvadlarından fərqlənməyən aparıcılar efirdə meydan sulayırlar. Arvadı pencək kimi dəyişən əbləhlər efirdə ailə dəyərlərindən danışırlar. Ekspert statusu ilə verilişlərə dəvət alan adamların çoxu mənfi imicə malik olan şəxslərdir. Elə “ekspert” var ki, canlı efirdə qonağa “əxlaqsız”, “qatil”, “cani” deyir”.

S.Verdizadə vurğulayıb ki, Milli Televiziya və Radio Şurası bu problemlərə laqeyd qalmamalıdır: “Həmin verilişlərin aparıcılarını cəzalandırmaq lazımdır. Qeyri-peşəkarların efirlərə yol tapması, bayağı verilişlərin sayının artması tamaşaçıda teleməkana qarşı ikrah hissi oyadıb. Azərbaycan telekanallarına baxmaqdan imtina edənlərin sayı hər ötən gün artır. Bu isə birbaşa ölkəmizin informasiya təhlükəsizliyini təhdid edir. Təxirəsalınmaz tədbirlər görməyin vaxtı çatıb. Sonra gec ola bilər”.

635x100

Şərhlər

Muğam 2019-01-18 17:37:15

Azərbaycan televizoruna demək olar hərdənbir baxırıq. Çoş-boş mənasız seriallara, ATV-də Zaur baxşelyevin, Xəzərdə Xoşqədəmi və Tolikin, ARB-də Elqızın, Afətin ağızlarına gələni danışmalarına və bir çox ayrı cür yüngül həyat tərzli kimi tanıdığımız müğənnilərə nə qədər baxmaq olar axı, heç baxılmırda. Əslində o Zauru, Toliki, Xoşqədəmi, Elgizi və bir neçələrini kənarlaşdırmaq lazımdır. Yaxşı ki, Türkiyənin, Rusiyanın kanalları var.

Şamaxılı 2019-01-18 17:37:15

Seymur müəllimlə tam razıyam və onu dəstəkləyirəm.Görəsən Azərbaycanda aşbazlıqdan artistkikdən və həkimlikdən başqa peşə sahibləri yoxdur...Onlar da normal əxlaq sahibləri olsa.... Bir az da Qarabağımızın yad əllərdə olmasını unumamalıyıq.Əksər kanallarda bütün gün boyu çal-çağırdı.

azər 2019-01-18 17:37:15

qalxoz bazarı çox faydalı bir məkan olub, onunla mqayisə tam yanlışdır..çox zərərli radiasiya mənbəyi demək daha düzgün olardı..

BAKILI 2019-01-18 17:37:15

kolxoz bazarindaki ayaq yolunu xatirladir

Oqtay 2019-01-18 17:37:15

You tube dəki kanallardan nümunə götürün. Azadlıq olmasa heçnə . Yalandan özünüzü yormayın..Qorxa qorxa danışmaqla ya da hamı bildiyini tərsinə deməklə ,Almaniya dağılır deməklə kim sizə baxar Bizim TVlər 20 əsrin əvvəlində ilişib qalıblar Yaltaqları tapıb göstərib özlərini sığortalayırlar.Dünyanın harasında var bunlar.Bir sözlə sistem düzəlməsə özünüzü yormayın

aysberq 2019-01-18 17:37:15

Cənab Seymur Verdizadəyə: Dediyiniz o dırnaq içindəki "kolxoz bazarlarında" qayda-qanun indiki qayda-qanundan 10 dəfə möhkəm idi. Çünki, onun o biri başı "Moskovski Komissiya" idi deyə heç kim cızığından çıxmırdı!! (İndiki kimi). ..

Son yazılar