Fazil Mustafa oğurlanmış barelyefdən yazdı – “Oğruların ağlı olsa…”

Dərc olunub: 18/01/2019 - 20:40

fazil-mustafa-88Fazil MUSTAFA,
Millət vəkili

Rəsmi məlumat belədir: “Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.”

Sağ olsun polislərimiz, insanların haqlı narahatçılığına vaxtında son qoydular. Ancaq bu informasiyanın bir mənəviyyat təftişinə əşədü-ehtiyac var.

Birincisi, həmin Novxanıda körpələr evi deyilən yer böyük Məhəmmədəmin Rəsulzadənin doğulub boya-başa çatdığı ocaqdır, burada onun ev muzeyi əvəzinə, hələ də körpələr evi fəaliyyət göstərir. Oğruların ağlı olsa, ifadə verərlər ki, məhz böyük Rəsulzadəyə bu cür münasibətə görə barelyefi oğurlayaraq məsələyə diqqət yönəltmək istəmişik.

İkincisi, oğrularımız da ibtidai təhsilsiz və dəyərtanımazdırlar – oğurlanmalı o qədər mənasız barelyeflər olduğu halda, gəlib, ilişiblər Azərbaycan dövlətinin qurucusunun kasıb bareleyfinə.

Üçüncüsü, bu bareleyfi qəbul edən metalalma məntəqəsində də oturan “metallar” aldıqları malın üzərini də oxuyub Rəsulzadənin kimliyi barədə düşünməyi bacarmayıblar.

Dördüncüsü, heç şübhəsiz, saxlanılan şəxslərin davranışları incələndiyində məlum olacaq ki, onların arasında narkomanlar var və bu berelyefi ya narkotik, ya da spirtli içki almaq məqsədi ilə oğurlayıb metal kimi satışa veriblər. Bu da bölgələrdə narkomaniya və işsizlik probleminin nə qədər ciddi fəsadlar törədə biləcəyinin bir nümunəsidir.

Beşincisi, sözümü eşitsəydilər, xahiş edərdim ki, Rəsulzadənin barelyefini oğurlayanları yenicə ləğv olunmuş kitabxanaların birinə qatıb 15 gün müddətində Rəsulzadənin əsərlərini oxuma cəzası verərdilər. Böyük Rəsulzadə, əminəm ki, barelyefinin oğurlanmasına görə kimsəni həbs etdirməzdi, lakin oxumağa, öyrənməyə məcbur edərdi.

Altıncısı isə, oğurluq çox pis şeydir. Ancaq maddi sübut kimi götürülmüş barelyefin qalıqları, əminəm ki, yaxın zamanlarda Rəsulzadənin ata ocağında yaradılmış muzeyin ilk eksponatı olacaqdır. Evin yaxınında da böyük və işıqlı Körpələr Evi inşa ediləcəkdir. Bu Körpələr Evində Rəsulzadənin evindən oğurluq edən uşaqlar deyil, elmindən, şəxsiyyətindən, yolundan öyrənən uşaqlar yetişəcəkdir.








loading...


Fikrinizi bildirin