Tbilisidə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Dərc olunub: 18/01/2019 - 21:20

862539d3-43d5-42fe-8841-fa4e3854cd71Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə Tbilisidə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, SOCAR şirkətinin baş ofisində baş tutan mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan parlamentinin deputatları, gürcü və azərbaycanlı ziyalılar və gənclər iştirak ediblər.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

D.Həsənov çıxışışında 20 Yanvar faciəsinin qısa tarixi barədə danışıb. O, bu tarixin faciəvi olması ilə yanaşı, Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu da deyib: “1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu silahsız və dinc əhaliyə qarşı amansız qətliam törədib. Azərbaycanın qəhrəman oğul və qızları müstəqillik uğrunda canlarından keçiblər. Şəhidlər ölməzdir. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında daima yaşayacaq”.

M.Məmmədov da çıxış edərək 20 Yanvar hadisələrinə aparan tarixi yol barədə söz açıb: “Faciədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə getmiş, törədilmiş qanlı hadisəyə sərt etirazını və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirmişdi. O, faciənin törədilməsində günahkar olan cinayətkarların cəzalandırılmasını da tələb etmişdi”. O, Azərbaycan xalqının şəhidlərini dərin hörmət və böyük hüznlə yad etdiyini vurğulayıb: “Azərbaycan xalqı və gənc nəsil müstəqillik uğrunda mübarizənin mahiyyətini anlayır. Müstəqillik uğrunda şəhid olanların qanı yerdə qalmayıb və bu gün müstəqil və inkişaf edən Azərbaycan buna sübutdur. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq”.

F.C.Yazqan də Azərbaycan xalqının tarix boyu qətliamlarla üzləşdiyini söyləyib: “Həmin faciələrin bütün qurbanları hər zaman ürəyimizdə yaşayacaq. 20 Yanvar faciəsindən 29 il ötsə də, hüzn davam edir. Şəhidlərin qarşısında bir borcumuz var ki, bu da ərazi bütövlüyünün bərpası və müstəqilliyi sona qədər qoruyub saxlamaqdan ibarətdir. Türkiyə bu mübarizədə Azərbaycanla bir yerdədir”.

Gürcüstan parlamentinin deputatı Giorgi Mosidze də çıxış edərək 20 Yanvar gününün yeni dövrün başlanğıcı olduğunu deyib: “Gürcüstanda 9 aprel 1989-cu il, Azərbaycanda isə 20 yanvar 1990-cı il tarixi xalqın birləşməsi və yeni milli şüurun yaranması tarixləri olub. Qətlə yetirilən insanlar bugünkü Azərbaycan uğrunda şəhid olublar. Bu gün Azərbaycan inkişaf edir, ölkədə mötəbər idman və digər dünya əhəmiyyətli tədbirlər keçirilir. Mən, Azərbaycanın bundan sonra da daha da inkişaf edəcəyinə əminəm və bu yolda dost və qardaş xalqa uğurlar arzu edirəm”.

Daha sonra çıxış edən gürcü ziyalılar və alimlər Azərbaycan və Gürcüstanın müstəqillik uğrunda mübarizədə oxşar talelər yaşadıqlarını bildirərək Bakıda 20 Yanvar və Tbilisidə 9 aprel faciəsini törədən cinayətkarların cəzalandırılmamasını təəssüflə qeyd ediblər. Onların sözlərinə görə, həmin cinayətkarlar çirkin niyyətlərinə çata bilmədilər, belə ki, Azərbaycan və Gürcüstan müstəqilliyə nail olublar.

Tədbir çərçivəsində 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib və Gürcüstanın əməkdar jurnalisti, “Associated Press” agentliyinin Qafqaz üzrə fotomüxbiri Şahvələd Eyvazovun qanlı yanvar hadisələrini əks etdirən fotolarından ibarət fotosərgi təşkil olunub.

Mərasimin sonunda ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.








loading...


Fikrinizi bildirin