“BU QƏDƏR ÖZBAŞINALIĞA MƏRUZ QALAN İŞ DÜNYASI…” – “Fəlakətimizin əsas səbəblərindən biri də budur”

“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar”

“İstər kölgə iqtisadiyyatının qarşısını almaq, istərsə də korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün ilk növbədə vəzifəli şəxslərdən gəlir və xərcləri barədə deklorasiya tələb olunmalıdır. Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər və necə qazanırlar. Yalnız bundan sonra qeyri-qanuni qazanc yollarını bağlamaq olar”. 

“AzPolitika.info”nun məlumatına görə, bunları Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov yanvarın 11-də Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirəsini “Hürriyyət” qəzetinə şərh edərkən deyib.

Həmin iclasdakı çıxışında kölgə iqtisadiyyatını böyük bəla kimi qiymətləndirən Prezident, ona qarşı ciddi mübarizə aparılacağını bəyan etmişdi. Sitat: “Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq".

Ölkə başçısının bu mövqeyini təqdirlə qarşılayan Ədalət lideri, nəhayət ki, ölkədə dövlətçilik ənənələrinin formalaşacağına ümidvar olmaq istədiyini bildirib: “Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatı iri məmurların nəzarəti altında formalaşır. Onlar korrupsiya yolu ilə mənimsədikləri vəsaitləri böyük iqtisadi layihələrə yatıraraq daha çox varlanırlar. Buna baxmayaraq, qeyri-qanuni gəlirlərini vergi orqanlarından gizlətməkdən də çəkinmirlər. Vergi orqanları isə bir tikə çörək pulu qazanan sadə vətəndaşların boğazından yapışıb, onları istismar edir. Prezidentin özünün də vurğuladığı kimi, ötən ilə qədər hətta onlardan bir il sonranın vergiləri də toplanırdı. Bu qədər özbaşınalığa məruz qalan iş dünyası harınlamış məmur oliqarxiyası ilə rəqabətə necə duruş gətirə bilərdi?”

Prezidentin müsbət mesajlarına baxmayaraq, mövcud reallıqla kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizənin mümkün olmayacağından ehtiyatlanan partiya sədri, fikirlərini belə əsaslandırıb: “Korrupsiya, rüşvətxorluq və bunun nəticəsi olaraq ortaya çıxan kölgə iqtisadiyyatı rejimin mahiyyətindən qaynaqlanır. Bu cür qanunsuz iqtisadi fəaliyyətlər yalnız hakim iradəyə sərvət qazandırmır, həm də məmurları gözükölgəli edərək özünə bağlayır. Onlar ölkənin başqa cür idarə olunması yollarından xəbərsizdirlər və içərisindən çıxa bilməyəcəkləri cinayət bataqlığına sürükləndiklərindən mövcud vəziyyətin dəyişdirilməsini də istəmirlər. Odur ki, kölgə iqtisadiyyatı ilə mübarizənin də Qarabağ probleminin həllindəki kimi nəticəsiz qalacağından şübhələnirəm”.

İ.İsmayılovun fikrincə, hakimiyyətin həqiqətən də kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı mübarizə əzmi vardırsa, onda ilk növbədə bunları etməlidir: “

“Biz partiya olaraq dəfələrlə bu məsələylə bağlı mövqeyimizi açıqlamışıq. Təəssüf ki, təkliflərimizə indiyədək barmaqarası baxılıb. Əgər hakimiyyət indi öz səhvini anlayıb düzəltmək istəyirsə, biz ona bunun yollarını  məmnuniyyətlə göstərə bilərik. Qeyd edim ki, partiyamızın korrupsiya, rüşvətxorluq, inhisarçılıq və bu bəlaların nəticəsi kimi ortaya çıxan kölgə iqtisadiyyatına qarşı mübarizə ilə bağlı mövqeyi ötən il Ovqat.com saytında dərc olunan müsahibəmdə də öz əksini tapmışdı. Biz yenidən həmin təklifləri gündəmə gətirməyə məcburuq. Kölgə iqtisadiyyatı və korrupsiya ilə effektli mübarizə ilk növbədə milli qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik bazası hələ də yaradılmayıb. Bu mübarizə dövlət vəzifəsi daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Xatırladım ki, bu barədə hələ 2005-ci ildə qanun qəbul olunub, ancaq məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir.

İkincisi, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya tələb edir. Prezident də öz çıxışlarında xərclər üzərində nəzarətin gücləndirilməsini vacib sayıb. Yeri gəlmişkən, bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. Həmin sənəd belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməli və onun tətbiqinə nail olmalıyıq.

Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.

Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya və onun üzərində qurulan kölgə iqtisadiyyatına aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxt Milli Məclisə korrupsiya ilə ciddi mübarizə üçün, Prezidentin təbirilə desək, dünyanın aparıcı ölkələrində olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, uzun vaxtdan sonra Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə vermiş oldu. Düşünərəm ki, Prezident kölgə iqtisadiyyatının qarşısını almaq üçün bu qanun layihəsini tezliklə MM-ə göndərməlidir. Yəqin ki, MM-də onun təşəbbüsünün əleyhinə getməzlər.

Dördüncüsü, korrupsiya ilə ciddi mübarizə, demək olar ki, əksər nazirliklərdə yaradılıb, həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının, habelə nəqliyyat prokurorluqlarının bərpasını tələb edir.

Beşincisi, bu gün sosial-iqtisadi durumumuzun böyük bəlası olan inhisarçılıqdan çox danışılır. Amma bu bəla ilə mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır. Haqlı olaraq da sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə, deməli, 13 il əvvəl keçən Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilmir, burada marağı olan kimlərdir? Hansı qanun və qaydaya görə qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur. Qeyd edim ki, mən bu barədə fikirlərimi dəfələrlə müxtəlif platformalarda dilə gətirmiş və bəzi mühüm təkliflərlə çıxış etmişəm.

İnhisarçılığın və korrupsiyanın tamamilə ortadan qaldırılması da kölgə iqtisadiyyatına qarşı mübarizənin başlıca metodlarındandır. Xatırlatmaq yerinə düşər ki, II Dünya müharibəsindən sonra bədbəxt hala salınmış Almaniyanın iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın keçmiş dövlət katibi və Müdafiə naziri Marşalın planında nəzərdə tutulan tədbirlər içərisində inhisarçılığın və kölgə iqtisadiyyatının ləğvi birinci yerdə dururdu. Çünki kölgə iqtisadiyyatı və inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Bir-birilə üzvü şəkildə bağlı olan bu iki amil insan hüquq və azadlıqlarını pozur, vətəndaşların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran bu bəlaya qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır”.

635x100

Şərhlər

Lətif 2019-01-19 16:37:04

İlyas müəlim,bu fəlakətlər Yuxarı səviyyədə qohumbazlıq və yerlibazlıq, bunun nəticəsində sorumsuzluq,göz yummalar nəticəsində baş verdiyi aşkardır.Ancaq hökumət bu aşkar halları görməzdən gəlir.Necə olur ki, bir kasıb 5 kiloqram düyi,10 qutu siqaret və xaricdən gətirdikdə gömrükdə olmazla qarşılaşır və hətta əlləindən alınır.Belə ayrıseçkilik daxildə mövcuddur.Misal üçün,Siz deputatları,nazirlərin qısa bir müddətdə malik olduqları mal varlıqlarına (bəzisi gizlətmək üçün başqa ada keçirib) diqqət edin.

Dr.AGAOGLU 2019-01-19 16:37:04

İlyas müəllim, şəxsi təmannasız Dövlət əhəmiyyətli bütün analiz-sintez yüklü təklif-müsahibələrinizə görə təşəkkürlər.Hər beş təkilifiniz cox dəyərlidir.Dərin mahiyyət yüklüdür.Nəticə etibarı ilə Dövlətə və xalqa sevgi,inam və istəklə zəngindir.Prokuror,nazir, deputat işlədiyiniz dövründə bütün etdikleriniz əbədi Azərbaycan tarixinə yazılmış işlərdir.Bu gün də böyük ağır itginiz müqabilində,özünüzdə titanik güc tapıb bu işlərinizi davam etdirməniz ,həyatınızda pulu aciz qoyub ağlatmanız bir tarixdir.

Moshu 2019-01-19 16:37:04

Allah rəhmət eləsin dahi Sabirə. Yazdıqları elə bil bu gün üçün nəzərdə tutulub. Bənzəmirik dünyada hər millətə, Biz dözərik ölkədə hər zillətə, Nuru boğub, yol açırıq zülmətə, Mindiyimiz kor yabıdan düşmərik, Yadlara qul, doğmalara düşmənik. Belə həyati məsələyə münasibəti İlyas İsmayılovdan başqa hansı ziyalımız gündəmə gətirir, bu məsələnin aktuallığını, xalqa xeyrini, ziyanını təhlil edir? Cəmi bu yazıya 3 çərh yazılıb. Bizə maraqlı yazılar bunlardlr: filankəs filankəsi öldürdü, filan xanımcıx filan xanımcığın ərini əlindən aldı, filankəs filankəsə atdı. Vallah, çox unikal xalqıq, xeyrimizi,ziyanımızı başa düşmürük. Belə məsələləri isə gündəmə gətirən ziyalılarımızı hoydu-hoyduya qoyuruq. Bu insan özündə qətiyyət tapıb bizim başımıza gətirilən işlərin əsl səbəblərini mətbuat səhifəsinə gətirir. “Azpolitika”da gözə təşəbüsdə bulunur, bu məsələlərə səhifəsində yer ayırır. Bu yazılara hər birimiz xüsusi diqqətlə yanaşmalıyıq: kim harada hansı neqativ halla rastlaşıb, harada kimdən rüşvət tələb olunub və s. və i.a. Millətimə aktiv olmağı arzulayıram

hellas 2019-01-19 16:37:04

Aminə cavab:Əvvəla onu deyim Qdlyan-İvanov tandemi bura gəlsəydi Azərbaycan indi bu gündə olmayacaqdı. Sonrası düz 40 ildir ki, bu iqtidar gənə kimi yapışıb Azərbaycanın damarından. Azırıncısı da bəyənmədiyimiz Özbəkistan bizlərdən buir xeyli qabağa gedibdir. P.S. Redaktora: Yazdığımız zibili vaxtında versəniz, cavabları da vaxtında verərik. Vermək istəmirsiniz heç nəyi verməyin.

AMİN 2019-01-19 16:37:04

Hellasa cavab.Azərbaycanda bir milyon ton pambıq 1981-ci ildə isrehsal olunub.İlyas müəllim Respublika Prokuroru vəzifəsində 1985-1990 cı illərdə işləyib.Onun səyi nəticəsində Ruslar Azərbaycanı Özbəkistana döndərə bilmədilər.

EJDER 2019-01-19 16:37:04

HORMETLI ILYAS MUELLIM,SIZ QEYD EDIRSINIZ KI,QARABAQ MESELESI KIMI KORRUPSIYA,RUWVWTXORLUQDA UZADILIR.HESAB EDIREM KI,AZERBAYCANDA KIM KIMDI ,NE IWLE MEWQUL OLUR,HAMI BILIR,LUKAWENKO CANI...DUNYA ICTIMAYETI,AVROPA WURASIDA BILIR,CUNKI MINTALITETIMIZ BELEDI...TOXUN ACDAN XEBERI OLMAZ

hellas 2019-01-19 16:37:04

Hörmətli professora sual:: Zəhmət olmasa deyin görüm kölgə iqtisadiyyatı indi çoxdur, yoxsa Sizin Respublika Prokuroru olduğunuz dövrlərdə?? Mən biləni o dövrlərdə 1 milyon ton pambıq yığmaq üçün 1 hektara qarşı 2-3 hektar, bəzən də 4 hektar sahədə pambıq əkilərdi. Buna baxmayaraq da yenə o milyon tona çatılmazdı, zəhmət olmasa açıqlama verərdiniz!!

Son yazılar