Göz yaşıyla dağıdılan sərhəd, qanlı paytaxt və atamın bir daha gülməyən üzü…

Dərc olunub: 20/01/2019 - 16:57

zahir-melikli-768x895Zahir MƏLİKLİ

1990-cı ilin 19 yanvar günü…

Həyətə çıxan kimi, hiss etdim ki, kənddə nəsə səs-küy var. Evimiz kəndin mərkəzində olduğu üçün bir hadisə olanda bilirdik. İndi də nəsə olmuşdu.

“Kəndiçi” deyilən yerə yollandım, buranı görmək üçün evimizdən azca aralanmaq kifayət idi. Doğrudan da, kəndin içi adamla doluydu. Orda-burda topalaşıb nəyisə həyəcanla müzakirə edirdilər.

Xazairin “Qaz-66”-sı dayanan yerin yanında daha çox adam toplaşmışdı, ən çox adam da elə Xazairin ətrafındaydı.

Yaxınlaşdığım dəstədən nə baş verdiyini soruşmağa əvvəlcə macal vermədilər. İndi kim olduğunu unutduğum həmkəndlilərdən biri məni qabaqladı. “Müəllim, qranisi qırıblar, camaat teli doğrayıb, hamı İrana gedir” – deyə, yarı-sevincək, yarı-həyəcanlı halda xəbər verdi.

Məlum oldu ki, əsas xəbər Xazairdədir, ona yanaşdım. Onun da dediyindən məlum oldu ki, dünən gecədən sərhəd tellərini  kəsiblər, zastavalarda heç kim yoxdur, camaat İrana – çoxdan həsrətində olduğumuz qardaşlarımızın yanına axışır.

Xazairin bir dəfə camaatı sərhədə apardığını biləndən sonra inandım və bir dəstə adam qərara aldıq ki, biz də gedək.

Tez evə qayıtdım. 3 uşaq atası olsam da, atamdan icazə almaq söhbəti var idi, 100 faiz əmindim ki, kişi buna heç vaxt razı olmayacaq. Ona görə icazə almadan getməyə qərar verdim. Fikrim qəti idi, yoldaşlardan ayrıla bilməzdim. Həm də xəyallarımızın gerçəkləşdiyi anların ilk şirinliyini dadmaqdan geri qalmaq istəmirdim.

Evdə tələsik yüngül və isti geyinib hara getdiyimi təkcə həyat yoldaşıma bildirdim və tapşırdım ki, imkan qədər, atamın mən barədə sorğu-sualından qaçsın – ta biz Yardımlını keçənə qədər. Sonra bilsə də, eybi yoxdur. Yoxsa, maşını yoldan qaytartdırardı. O zamanlar, sovet dönəmində sərhəd dağıtmağın nə olduğunu adam yaxşı dərk edirdi. Bu, göz görə-görə güdaza getmək demək idi.

Biz yola çıxanda axşam düşmüşdü, yer qar olduğundan hər tərəf işıqlı görsənirdi. Mən üstü tentlə örtülmüş maşına minəndən sonra səfər yoldaşlarımın kimlər olduğunu gördüm. Demək olar ki, hamısı kəndin sayılıb-seçilən, evli-eşikli kişiləri idi. Biz hamımız onda cavan idik – mən 27 yaşında, qalanlar da məndən bir az yaşlı, bir az cavan.

Kənddən çıxana kimi, maşın tamamilə doldu, hətta ortalıqda da oturmuşdular. Heç kim qarşıda bizi nə gözlədiyini bilmirdi. Yardımlını çıxanda artıq qaranlıq düşmüşdü.

Qəribə bir mənzərə idi: biz hara gedirdik? Amma maraq hər şeydən üstün idi. “SSRİ, doğrudanmı, çökmüşdü?”,“Azərbaycan, həqiqətənmi, birləşmişdi?” şübhələri içimizi gəmirirdi. Amma Tavarxanın baməzə zarafatları və maşını bürüyən qəhqəhə səsləri adamı darıxmağa qoymurdu. Doğrusu, mən sərhədə çatana qədər o taya keçəcəyimizə inanmırdım.

Başımızın üstündən uçan vertolyotlar məsələnin elə-belə, sakitliklə qurtaracağına şübhə yaradırdı. Yəni ruslar qan bahasına qurduqları imperiyanı bir-iki nəfərin gecə gizlicə telləri qırması ilə buraxıb qaçacaqdı? Heç inandırıcı görsənmirdi! Amma gedirdik.

Nəhayət, maşınımız dayandı. Zastava bizdən aralıdaydı. Tellər 10-15 metr məsafədə kəsilib tapdalanmışdı. Görünür, çox adam keçmişdi. Çünki bir xeyli içəriyə doğru məsafə tapdaq altında qaldığından, qar palçıqla əvəz olunmuşdu. Ətrafda çoxlu sahibsiz maşın dayanmışdı.

Mən yerə düşənəcən yoldaşlar burda rastlaşdıqları bir neçə adamla söhbət etmişdilər, onlar da, demək olar ki, dəqiq heç nə bilmirdilər, o tərəfə keçən adamlarına görə bura gəlmişdilər. Əzizlərindən ötrü günortadan burda gözləyirdilər.

Biz maşınımızı saxlayıb, tapdaq yolla Allah ümidinə İran tayına yollandıq. Şübhə içimi gəmirirdi. Belə ola bilməzdi. Zastavanın işıqları yanmırdı, guya, səhər tezdən hərbiçilər ailə-uşaqlarını götürərək çıxıb getmişdilər.

Bir xeyli getdik, üzüaşağı hamı qaçırdı, yalnız dərəyə düşəndə qarşıda gedənlərin kimlərləsə rastlaşdıqları hiss olundu. Yaxınlaşanda, başa düşdük ki, o taylı qardaşlarımızdır.

Çox maraqlı mənzərə idi: qucaqlaşmalar, öyrəşmədiyimiz ləhcə ilə bizdə qadınların bir-birinə müraciət forması olan “vuy, qardaş, başuza dönüm, vuy, qardaş, azaruzi alım” ifadələri ilə müraciətlər və s. Çoxu ağlayırdı, tarixi məqam idi. İndi adi görsənə bilən bu mənzərə, doğrudan, dəhşətli idi, mən özüm nə baş verəcəyini anlamırdım.

Qardaşlarımız bizə bələdçilik edərək irəli aparırdılar. Yolda silahlı əsgərlərlə rastlaşdıq. Biz güman edirdik ki, onlar da bizi bağırlarına basacaqlar. Tavarxan bir-ikisini qucaqlayıb, hönkürmüşdü. Amma onlar çox soyuq idilər, olanları biganəliklə seyr edirdilər; mən indi başa düşürəm ki, bəlkə də onlar o vaxt nələr baş verəcəyini bilirdilər.

Mən dözməyib o taylı qardaşlarımızdan soruşdum ki, bu əsgərlər bizə qarşı niyə belədirlər. Onların cavabı məni heç onda da təəccübləndirmədi. Məlum oldu ki, bu əsgərlər farslardır. Azərbaycanlılar farsların məskunlaşdığı ərazilərdə, farslar isə Azərbaycan ərazilərində əsgərlik edirlər.

Asfalt yolda gözləyən mikroavtobuslara, onların təbirincə isə, minibuslara oturub Üçağac adlanan kəndin məscidinə getdik. Yalnız düşəndə hiss etdik ki, bura nəsə yaşayış yeridir. Çünki orda-burda evlərin balaca akoşkalarından lampa işıqları közərirdi.

İçəri daxil olan kimi, yeni qucaqlaşmalar, öpüşmələr başladı. İndi bildik ki, bura məsciddir. Bir neçə saat söhbət etdik. Bizdən əvvəl gələn rayonlularımız da burda idi.

Primuslar fıshafısla yanaraq içərini elektrik işığı kimi işıqlandırırdı. O vaxt biz də lampa işığına möhtac idik. İran kəndlərinə biz getdiyimiz ərəfədə elektrik hələ çəkilməmişdi. Bizdə isə çoxdan var idi, amma gündüzlər, ümumiyyətlə, yanmırdı, gecələr isə hər beş dəqiqədən bir söndürülürdü. Mən qərar verdim ki, bu aparatdan səhər mütləq alacam.

Gecənin bir vədəsi bizi evlərə böldülər. Beş nəfər bir evə getdik. Bizim abad kəndlərimizdən fərqli olaraq, hələ gecənin qar işığında və süzülən lampa işıqlarında belə, fərq aşkar hiss olunurdu – bu cür daxmalar bizdə yalnız heyvan saxlanılan qışlaqlarda olurdu. Evə qalxanda, hiss etdik ki, bura ikinci mərtəbədir, aşağıda isə heyvan saxlanılır.

Amma onda bu, o qədər də önəm daşımırdı, sovet ideologiyasının bizə öyrətdiyi kapitalizmdə kasıb kəndli təbəqəsinin yaşayış üsulunun düzgün təsvir edildiyinə inanc yaradırdı sadəcə. Kitablarımızda kapitalist ölkələrində kəndlilərin yaşayışı elə belə də təsvir edilmişdi.

Nə qədər yorğun olsaq da, səhərin tez açılmasını istəyirdik.

…Və səhər açıldı. Səhər yeməyi yeyəndən sonra bizi minibuslara əyləşdirərək, rayon mərkəzi sayılan Germiyə apardılar. Yol boyu keçdiyimiz kəndlərin yeknəsəq kasıb mənzərəsini gördükcə, yaşadığımız şəraitə şükürlər edirdik. Mən o mənzərə barədə yazmaq istəmirəm, ona görə ki, yəqin, hamı bu illər ərzində artıq Cənubi Azərbaycanda olub.

Germi bizi qəribə izdihamla qarşıladı. Bizim o vaxtkı şəhərlərimizdən fərqli olaraq, əşya, pal-paltar bolluğuna düşmüşdük. Ən maraqlısı o idi ki, bizdə o vaxt defisit sayılan təsbeh dolu idi, həm də su qiymətinə, istəyirsən, kisəylə al. Elə ən çox da təsbeh almağa girişdik. Möhür tapılırdı, bəlkə, amma bu zalım təsbeh hər adamda olmazdı. Yalnız qədimi mollalar o vaxt İrandan gətirdikləri Yüsür təsbehləri ilə başqalarına yandıq verirdilər.

İndi buyur, bu da sənə təsbeh, nə qədər istəyirsən, al. Pul da ki var, məktəb direktoru işləyən rəhmətlik Əlibala müəllim müəllimlərin əməkhaqqını götürüb, başqa kənddən olduğuna görə, pulu heç kəsə etibar etməmişdi, özü ilə gətirmişdi. Ürəyi təmiz adam olduğu üçün sirr açmışdı bizə, biz də zarafatçün hamıya xəbərləmişdik, səhər kənddən Germiyə gedəndə Əlibala müəllim yalnız özü üçün bir az pul saxlaya bilmişdi.

Kefimizə kef çatmırdı, bizim o taydan olduğumuzu biləndə qucaqlayan kim, öpən kim, təsbeh, möhür bağışlayan kim…

Amma çox keçmədi dəhşətli bir xəbər ilğım kimi başımızın üstünü kəsdi: “Baba, Bakidən xəbəriniz var?Telvizyon deyib ki, azəriləri Bakidə qırıblar”.

Əvvəlcə inanmadıq, amma dağılışan yoldaşlarımız bu müdhiş xəbəri eşitdikcə bir-birini axtarmağa başladılar. Axır ki, hamımız bir yerə yığışdıq.

Məlum oldu ki, Bakıda faciə baş verib, bizi qırıblar, bizsə sadəcə tələyə düşmüşük.

Təsəvvür edin nə haldayıq, belə hadisələr zaman-zaman olub, qəfil sərhədlər bağlanıb və əzizlər ayrı düşüblər. Şəxsən mənim babalarımın həyatında belə hadisə olmuşdu. Bitərəflik deyilən zamanda İrana alver üçün gedən anamın atası sərhədlərin qəfil bağlanmasına görə İran tayında qalmışdı. Övladlarının həsrətinə dözməyən babam sovetin o tayda qalan vətəndaşlarının geri qayıtmasına icazə verməsinə baxmayaraq, İran sərbazlarının gülləsinə tuş gəlmişdi. İndi də mən eyni vəziyyətdə qürbətdə qaldım. Hiss edirdim ki, yavaş-yavaş havalanıram. Mən bu üzdə qalsam, atamın çırağı sönəcək, kişinin dərddən ürəyi mütləq partlayacaq…

Biz bu barədə düşünürdük, hələ Bakıda baş verənlərin ağırlığının nə dərəcədə olmasını dərk edə bilmirdik. Bizim üçün hələ ki, bir amal var idi: Vətənə, əzizlərimizə çatmaq!…

Bizi gətirən qardaşlarımız da pərt olmuşdular.

Nəhayət, sərhədə özümüzü yetirdik. Sərhədin görükümünə çatana qədər nə çəkdik, Allah bilir. Budur, sərhəd görsənir, yenə hərbçilər gözə dəymir, amma adam əlindən yer yoxdur.

Şükür, teli keçirik, gələnlər bu üzdə olanları qarşılamağa gələnlərdir. Bakı faciəsi baş verən kimi, hamı əzizləri üçün telə tələsib.

Bizim də dalımızca gəliblər. Atamın gözünə görsənmək istəmirəm. Amma o gəlməyib. Çox pis oldu, camaat içində gərginliyi aradan götürmək evdəkindən yaxşı olardı. İndi hər ikisi haqq dünyadadır, Allah hər ikisinə rəhmət eləsin, rəhmətlik Tərxan əmiyə yanaşıram, nə əcəb atamın gəlmədiyini soruşuram. Oğluna qovuşduğuna görə kefi yaxşıdır: “Dədən dedi, uşaqları necə (biədəb söz işlədir) yola salmısan, get, eləcə də gətir”. 

Qarnımda toydur, kişinin gözünə necə görsənəcəm? Yeganə övladıyam, mənə heç söz deməyəcək, sadəcə, ona narahatçılıq yaşatdığıma görə xəcalət çəkirəm.

Kəndə çatırıq. Kişinin nə deyəcəyini düşünə-düşünə evə gedirəm. Evə girənə kimi heç kim hiss eləmir. Qapını açıram, atam ekranı ağarmış televizorun yanında kədərlə oturub. Anam boynuma atılır, uşaqlar üstümə cumurlar. Atam isə, heç yerindən qımıldanmır. Gözaltı baxıram, əsəbi deyil, çox kədərlidir…

Evdəkilər deyirlər ki, veriliş gedə-gedə televizor dayanıb. Birdən ekran açılır və Lənkərandan televiziya xəbərləri verir, bütün həqiqətləri ilə.

Bizi, doğrudan, qırıblar…

Bütün yorğunluğa, qorxuya-hürküyə baxmayaraq, yata bilmirəm… Yoldaşıma deyirəm ki, mən gedirəm. “Hara gedirsən”soruşur, “Bakıya” – deyirəm. Rəngi ağarır: “Görmürsən, milləti qırırlar?”

Özümdən asılı olmadan qışqırıram: “Bəs sənin qardaşların orda deyil, mən kimdən artığam?”

Üç körpən var sənin, – deyir yoldaşım, – atanın da səndən başqa heç kimi yoxdur, İrana getmişdin, sən bilmədin, o nələr çəkdi”…

Maşınım var, amma “Jiquli”dir, kəndə gələ bilmədiyinə görə Yardımlıda saxlayıram. Piyada gedə bilmərəm rayona, yalnız “Qaz-66”-lar işləyir, yer qar, buz… Bəs mən nə edim? Yox, mümkün deyil, sakitləşə bilmirəm, ayağa dururam, telefona yaxınlaşıram. İşləyir. Xazairə zəng vururam, o da yorğun olmasına baxmayaraq, cavab verir. Mən, elə bilirəm, o günlər heç kim yatmırdı. Məni rayona aparmasını xahiş edirəm. Səbəbini soruşur, mən də səhvə yol verib Bakıya gedəcəyimi deyirəm. “Dayımdan qorxuram, o özü deməsə, apara bilmərəm, incimə” – deyir. Əlavə biri var, onlara da zəng edirəm, gecə keçməsinə baxmayaraq, dərhal cavab verirlər. Sürücü evdə deyil, uşaqları şəhərdə olduğu üçün xəbəri eşidən kimi, Bakıya gedib.

Səhər açılmalıdır, açılır…

Tezdən özümü maşınıma yetirirəm. Dörd saatdan sonra Bakıdayam.

Bakı nə gündədi?!… Qızıl Ordu meydanı (indiki 20 Yanvar), yuxarı getdikcə küçələr qan içində, lap başda üstündə şar olan eksperimental binanın qarşısı əsl göz dağıdır. İlk toqquşma burda baş vermişdi. İnsanlar uzun müddət həmin yeri qərənfillərə qərq etdilər. Orda, kiçik də olsa yaddaş, xatirə ocağı düzəltmək olardı.

Şəhidlərimizin dəfn mərasimi çox izdihamlı idi, bunu yazmaq istəmirəm, bu, artıq çoxunun yadındadır, iştirak etməyənlər də ekranlardan görüblər. Mən bircə onu deyirəm ki, kaş içimizdəki oyanış, kişilik, mərdlik, cəsarət, bir-birimizə hörmət, qarşılıqlı anlayış, düşmənə nifrət və nəhayət, Vətən sevgisi ondakı kimi olaydı…

…Atamın o gündən üzü gülmədi. Bilmirəm, o günlər ona yaşatdığım həyəcanlı anların təsiri oldu, ya nəysə, ürəyimə gələnləri yazmaq istəmirəm, çünki birmənalı qarşılanmaya bilər. Amma heç vaxt xəstəliyə yıxılmayan atamı da elə o hadisələrdən bir neçə ay sonra itirdim. 1990-cı il mənim üçün ikiqat qara gəldi…

20 yanvar 2014. Gecə saat 2:30

( “O və yerdə qalanlar” kitabından)








loading...


Fikrinizi bildirin