“Dörd aydır telefon danışıqlarım nəzarətə götürülüb”- Cahangir Hacıyev

Dərc olunub: 21/01/2019 - 20:04

cahangirBakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham olunan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Hakim rus və ingilis dillərində tərcüməçi kimi Camal Bədəlovun iştirak edəcəyini bildirib. Qeyd edək ki, C.Bədəlov ibtidai istintaq zamanı da tərcüməçi qismində çıxış edib.
Anket məlumatları dəqiqləşdirilən zaman barəsində həbs qətimkan tədbiri seçilməyən Arif Ramazanov qeyd edib ki, keçmiş “Simurq” klubunun vitse-prezidenti və Zaqatala Olimpiya Komplesinin rəhbəri vəzifəsində çalışıb.
Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı”ASC, Vergilər Nazirliyi və “Aqrarkredit” bank tanınıb.
Daha sonra C.Hacıyev dövlət tərəfindən ona təyin olunmuş vəkildən imtina edib və məlum olub ki, sabiq sədrin hüquqlarını vəkil Fariz Namazlı müdafiə edəcək.
Vəkil F.Namazlı müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşdirilməsi ilə bağlı vəsatət qaldırıb. O, bunun müdafiə etdiyi şəxsin hüquqlarının keyfiyyətli şəkildə həyata keçirilməsi üçün vacib olduğunu vurğulayıb.
Vəkilin digər vəsatəti cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı olub. Həmçinin, vəkil C.Hacıyevin telefon danışıqlarınıa qoyulan qadağa ilə bağlı Bakı İstintaq Təcridxanasına məktub göndərilməsini istəyib.

C.Hacıyev iki vəkili olduğunu, vəkillərindən birinin fəaliyyətinə xitam verildiyini, cinayət işi materialları ilə özü tanış olmaq qərarına gəldiyini məhkəmənin diqqətinə çatdırıb. O, dörd aydır ki, telefon danışıqlarının nəzarətə götürüldüyünü də vurğulayıb.
Hakim isə hansısa məhdudiyyət barədə heç bir sənəd olmadığını bildirib:“Hazırlıq iclasında biz ittihamı müzakirə etmirik. İş məhkəmə baxışına verildikdən sonra sübütlar araşdırılır və qiymət verilir”.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib. Hazırlıq iclası yanvarın 24-də davam etdiriləvək.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.








loading...


Fikrinizi bildirin