“ETSN-nin xəbərdarlığı “Neft Daşları”nda faciənin qarşısını alıb” - Çökən meydançada monitorinq aparılır

Yanvarın 17-18-də kəskin hava şəraiti "Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQCİ) istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 nömrəli meydançanın çökməsinə, Neft Daşlarının ikinci, üçüncü və dördüncü mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsinin dağılmasına səbəb olub. N.Nərimanov adına NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılıb, 588 nömrəli meydançadan 730 nömrəli meydançaya gələn neft-qaz xətti yüngül zədələnib.

SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədov BakuPost-a açıqlamasında deyib ki, kəskin hava şəraiti ilə əlaqədar insan tələfatının qarşısının alınması üçün proqnozlara uyğun öncədən 2500-dən çox SOCAR əməkdaşının təxliyə edilməsi zəruri idi.

İ. Əhmədov bildirib ki, hazırda qasırğanın fəsadları dəyərləndirilir və fəsadların aradan qaldırılması üçün işlər görülür. Onun sözlərinə görə, qasırğanın neftin hasilatına ciddi təsiri olmayıb, hər hansı faciə baş verməyib: "Bu fəsadların özü də bizim üçün bir əsasdır, SOCAR hazırda bu fəsadları təhlil edir, bundan irəli gələn dərslərdən nəticə çıxarır. Hələ ki, dəyən ziyanın yekun məbləği müəyyənləşməyib, hazırda hesablamalar aparılır. Hər bir halda məhz təhlükəsizlik tədbirlərinin görülməsi nəticəsində böyük iqtisadi itkilərin qarşısı alınıb”.

SOCAR rəsmisi çökmüş 1047 nömrəli meydança ilə bağlı hazırda müxtəlif variantların nəzərdən keçirildiyini qeyd edib: "Bu, neft yığım meydançasıdır. Bu meydançalar adətən, estakada üsulu ilə istismar edilən yataqlarda olur. Həmin neft meydançalarına adətən, kommunikasiya xətləri gəlir. Məsələn, meydançaya borular gəlir, boru ilə gələn neft də meydançadan başqa yerlərə ötürülür. Həmin meydança köhnə istismar edilən yataqda idi, ətrafında fəaliyyətdə olan bir neçə köhnə quyu vardı. Əsas odur ki, orada hər hansı sızma baş verməyib. Yəni neft dənizə dağılmayıb. Həmin quyulardan gələcəkdə neft nəqli üçün meydançanın bərpası, yaxud alternativ variantlar, texniki həll yolları nəzərdən keçirilir. Hələ bununla bağlı yekun qərar verilməyib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 17-18 yanvar tarixlərində kəskin hava şəraiti nəticəsində "Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQCİ) istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında çökən meydançaya baxış keçirib, hazırda monitorinq davam edir. Bunu BakuPost-a açıqlamasında ETSN-nin rəsmisi Mirsalam Qəmbərov bildirib.

M.Qəmbərov deyib ki, ETSN-nin hava şəraiti ilə bağlı xəbərdarlığı ilə əlaqədar SOCAR-ın öncədən gördüyü tədbirlər nəticəsində oradan insanlar çıxarılıb: "Ən əsası odur ki, meydançanın çökməsi nəticəsində insan tələfatı olmayıb. Çünki iş prosesində həmin meydança yoxlanır, neftçilər belə yerlərə baş çəkir. Bu hadisə neftçilərin orada olduğu zamanla üst-üstə düşsəydi, faciədən qaçmaq mümkün olmazdı. Digər tərəfdən, meydançaya neftin nəqli ilə bağlı əsas işlər həyata keçirilmədiyi üçün ciddi iqtisadi ziyan da olmayıb. Ekoloji fəlakət də yaşanmayıb. Boru qırılması, neft sızması, ümumiyyətlə, ətraf mühitə təsir göstərən tullantının dağılması da yoxdur”.

M.Qəmbərov qeyd edib ki, meydançanın uçması ilə bağlı avadanlıqların oradan yığışdırılması, korroziyaya qarşı tədbirlərin görülməsi vacibdir: "Yad cisimlərin müəyyən mənada suyu çirkləndirməsi qaçılmazdır. Ancaq bunlar xırda məsələlərdir, hazırda da bunun üzərində iş gedir. Orada bizim də monitorinqlər keçirilir, nümunələr götürülüb, müqayisəli təhlillər aparılacaq. Amma öncədən demək olar ki, həm ətraf mühit, həm də oradakı kollektiv bu hadisədən ziyan çəkməyibsə, buna şükür etməliyik. Bütün bunlar da qabaqlayıcı tədbirlərin görülməsi sayəsində mümkün olub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar