22 yaşında şəhid olan Milli Qəhrəmanın 50 illik yubileyidir – Adını daşıdığı məktəbdə heç bir tədbir keçirilməyəcək!

Yanvarın 23-ü Milli Qəhrəman Hikmət Muradovun anadan olmasının 50-ci ildönümüdür.

1991-ci ilin 29 oktyabrında 22 yaşında şəhid olan pilot H.Muradova 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə Milli Qəhrəman adı verilib. 1969-cu ildə Bakıda doğulan H.Muradov 1986-cı ildə paytaxtın 190 saylı orta məktəbini bitirib.

Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olan Hikmət 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Daha sonra Kiyev Ali Mülki Aviasiya İnstitutunda qiyabi təhsil alan H.Muradov təyinatla Yevlax hava yollarında 2-ci pilot kimi fəaliyyətə başlayıb.

Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə Dağlıq Qarabağa uçuşlar edib, Xocalıya aviasiya hissələrinin daşınmasında və müxtəlif ləvazimatların vaxtında çatdırılmasında böyük xidmətlər göstərib.

Qorxmaz təyyarəçi 1991-ci ilin 29 oktyabrında xüsusi tapşırıqla xidməti borcunu yerinə yetirərkən, qəhrəmancasına həlak olub. Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi şiddətli raket atəşinə məruz qalıb və nəticədə pilot və ekipaj üzvləri şəhid olublar.

Vaxtilə oxuduğu 190 saylı orta məktəb Hikmət Muradovun adını daşıyır.

Ancaq "AzPolitika"ya müraciət edən Milli Qəhrəmanın dostu və məsləkdaşı Bayram Muxtarov məktəb rəhbərliyinin şəhid pilotun xatirəsinə biganə yanaşmasından gileyləndi. B.Muxtarov 190 saylı məktəbdə Milli Qəhrəmanın 50 illik yubileyilə bağlı heç bir tədbirin planlaşdırılmadığına təəssüf etdiyini və bunu şəhidin ruhuna hörmətsizlik saydığını dedi: "Məktəbin rəhbərliyilə əlaqə saxlayaraq, bu əlamətdar günlə bağlı hansı tədbirlərin nəzərdə tutulduğunu soruşdum. Direktorun köməkçisi Nuranə xanım heç bir tədbirin planlaşdırılmadığını bildirdi..."

Doğrudan da, bir məktəbin adını daşıdığı Milli Qəhrəmanın ruhuna qarşı belə biganə münasibətini anlamaq çətindir. Görünür, məktəb rəhbərliyinin "daha vacib işləri" olduğu üçün şəhid qəhrəmanın yubileyi nəzərdən qaçıb. Ancaq məntiqlə belə yubileylər nəinki yaddan çıxmalı, əksinə, gənc nəslə örnək olması üçün layiqli şəkildə qeyd edilməlidir. Çünki ən azından elə həmin məktəbdə yeni qəhrəmanların yetişməsi üçün burada təhsil alan şagirdlər canını vətən yolunda fəda edənlərə laqeyid münasibətin deyil, böyük diqqət və ehtiramın şahidi olmalıdırlar.

Allah rəhmət eləsin!

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar