Ötən il Bakıda yol qəzalarında ölənlərin sayı 2,4 faiz artıb

Dərc olunub: 22/01/2019 - 19:47

ramil-usubovYanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq mühafizə siyasəti, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsi, bütün bunlarla əlaqədar nazirlik tərəfindən icraya yönəldilən əmr və göstərişlər paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib.

O, hesabat dövründə çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Qeyd olunub ki, 2018-ci ildə paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 11.813 cinayət qeydə alınıb ki, onların da 88,9 faizini az ağır və böyük ictimai təhlükə törətməyən növlər təşkil edib. 2017-ci illə müqayisədə ümumi cinayətlər 2,5 faiz, ağır və xüsusilə ağır cinayətlər 30,8 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,4 faiz azalıb.

Məruzəçi təqsirləndirilən şəxs qismində axtarışda olanların 76,6, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,5 faizinin tutulduğunu, bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlər törətmiş 620 nəfərdən ibarət 241 cinayətkar qrupun ifşa olunduğunu diqqətə çatdırıb.

Narkotiklərlə bağlı aşkar edilmiş 890 fakt üzrə qeyri-leqal dövriyyədən 349 kiloqramdan çox narkotik vasitənin çıxarıldığı, ümumilikdə, 103 odlu silah, 20 mərmi, 21 qumbara, 3.682 ədəd döyüş patronunun yığıldığı, qanunsuz saxlanılan və gəzdirilən 42 odlu silahın isə əməliyyat yolu ilə götürüldüyü qeyd olunub.

Bildirilib ki, 2017-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin və qəzalarda xəsarət alanların sayı 4,2 faiz azalsa da, həlak olanların sayı 2,4 faiz artıb. Yol hərəkətinə nəzarət prosesində 864.216 inzibati xəta aşkar olunub, o cümlədən 132 avtoxuliqan barəsində isə qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə mövcud olmuş nöqsanlara da toxunaraq onların aradan qaldırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edən aidiyyatı struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələri, yol verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Müşavirəyə yekun vuran nazir ötən il paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

O da nəzərə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, yeni informasiya texnologiyalarının xidməti fəaliyyətdə geniş tətbiqinə yönəlmiş tədbirlər cari ildə də səmərəli şəkildə həyata keçirilməlidir.

Xüsusi qeyd olunub ki, hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların qanuni mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməlidir. Xidməti fəaliyyətdə başlıca məqsəd isə vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.

Bu gün qanunla müəyyən edilmiş vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan general-polkovnik Ramil Usubov əmin olduğunu bildirib ki, ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq Bakı şəhər polis orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, əldə edilmiş müvəffəqiyyətlərdən arxayınlaşmayaraq xalqa, dövlətə ləyaqətlə xidmət edəcək.








loading...


Fikrinizi bildirin