Bakıdakı Türkiyə bankı borclarını yığa bilmir – “Ziraat Bank Azərbaycan”ın mənfəəti kəskin azalıb

Dərc olunub: 23/01/2019 - 09:31

ziraat_bank_3

“AzPolitika.info” xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC-nin xalis mənfəətinin 2017-ci illə müqayisədə 3 dəfəyədək azaldığı məlum olub. 2018-ci ili 1 milyon 375 min manat xalis mənfəətlə başa vuran bank, 2017-ci ildə 4 milyon 63 min manat qazanmışdı.

“Ziraat Bank Azərbaycan”ın ilin nəticələrinə əsasən yaydığı hesabatdan o da məlum olur ki, azalmanın əsas səbəbi bankın əməliyyat mənfəətini artan kredit və depozit risklərinə görə ehtiyata yönəltməsidir.

Əslində isə bankın gəlirləri artıb. Belə ki, 2017-ci ildə “Ziraat Bank Azərbaycan”-ın əməliyyat mənfəəti 6 milyon 256 min manat olduğu halda, 2018-ci ildə bu rəqəm 7 milyon 93 min manata yüksəlib. Lakin mənfəətin 5 milyon 405 min manatını ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırdığından və 313 min manat mənfəət vergisi ödənildiyindən yekun mənfəət 1 milyon 375 min manata düşüb.

“Marja”nın yaydığı məlumatda isə deyilir ki, ehtiyata ayırma 2016-cı ildə 434 min manat, 2017-ci ildə 1 milyon 231 min manat olub. Ayırmanın ildən-ilə artması və ötən il 5 milyon 405 min manata çatması isə kredit riskinin və gecikmədə olan kreditlərin artdığına işarədir. Görünür, bank Azərbaycanda verdiyi kreditləri toplamaqda ciddi çətinlik çəkməkdədir.

ziraat-696x452

Bununla yanaşı, bankın bir sıra göstəricilərində artım müşahidə olunub. Məsələn, illik müqayisədə müştərilərə verilən kreditlər 2017-ci ilin sonundakı 67 milyon 884 min manatdan 105 milyon 488 min manata yüksəlib.

Həmçinin, bank ötən ilin nəticələrinə görə, 227 milyon 919 min manat cəmi aktivlərə malik olub. 2017-ci ildə bu göstərici 186 milyon 665 min manat idi.

Cəlal
AzPolitika.info








loading...


Fikrinizi bildirin