AzTV-də KADR İSLAHATLARI və YOXLAMALAR BAŞLADI – Telekanal Alışanovun adamlarından təmizlənir

Dərc olunub: 23/01/2019 - 12:10

aztvAzərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması məqsədilə “təmizləmələrə” başlayıb.

Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifəsindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub. Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Ş.Əliyev fəaliyyəti ilə bağlı qalmaqallarla yadda qalıb.

Kadr islahatı “Xəbərlər” İnformasiya redaksiyasını da əhatə edib. Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa qurumun bir neçə ölkədəki təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.

İslahatlarla bağlı faktları AzTv-dən təsdiqləyiblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub.

Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

 








loading...


Fikrinizi bildirin