MƏRDANOVÇU MALİYYƏÇİNİN "AzTV ƏMƏLİYYATI"... - O, MTN-in də "caynağından" qaça bilmişdi...

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb. Hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması məqsədilə "təmizləmələrə" başlayıb. Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifədən azad olunublar və onların vəzifədə olduğu müddətdə həyata keçirilmiş bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Həmçinin televiziyanın maliyyə idarəsinə yeni rəhbər də təyin olunub.

Şahrza Əliyev özü işdən çıxarılmasını AzTV-də yeni rəhbərliyin təzə komanda yığmaq istəyilə izah edib: “Mən də dedim ki, Allah xeyir versin, qardaş. Ərizəmi yazdım və xahiş etdim ki, tutduğum vəzifədən azad edəsiniz. Arif Alışanovla sentyabrdan işləyirdik, cəmi 4 ay işlədik”.

Ş.Əliyev AzTV-nin sabiq sədri Arif Alışanovla yaxın olduqlarını da gizlətməyib: “İndiki Dövlət İqtisad Universitetində (O zaman Xalq Təsərrüfatı İnstitutu) oxuyurduq. Eyni vaxtda təhsil almışıq. Sonra mən Təhsil Nazirliyində, Alışanov isə AzTV-də maliyyəyə rəhbərlik etdik. Məni bir neçə dəfə dəvət eləmişdi, açığı, getmirdim. Sonra getdim ki, ona kömək eləyim. Nə etməli, qismətdir, 4 ay işlədik. Yeni planlarımız var idi...”

"AzPolitika.info" xatırladır ki, Şahrza Əliyev uzun illərdir maliyyə sistemində çalışan, bu sahədə, necə deyərlər, ad çıxarmış kadrlardandır. Belə ki, o, hələ uzaq 1993-cü ildə - Firudin Cəlilov təhsil naziri olduğu dövrdə Təhsil Nazirliyinin Maliyyə İdarəsinə rəis təyin olunub. Lakin çox işləyə bilməyib.

Elə həmin ilin sentyabrında təhsil naziri postuna gətirilən Lidya Rəsulova Ş.Əliyevi işdən çıxarıb. Ş.Əliyev yalnız 5 ildən sonra arzusunda olduğu vəzifəyə qayıtmağı bacarıb - 1998-ci ildə o vaxtkı təhsil naziri Misir Mərdanov onu yenidən Maliyyə İdarəsinin rəisi vəzifəsinə gətirib. Həmin vaxtdan 15 il Təhsil Nazirliyinin Maliyyə İdarəsinə rəhbərlik edən Ş.Əliyev, M.Mərdanov istefaya göndərildikdən az sonra postunu itirib. Yeni təhsil naziri Mikayıl Cabbarov 2013-cü ilin may ayında Ş.Əliyevi işdən çıxarıb.

Özünün dediyinə görə, bir neçə il özəl şirkətlərdə işlədikdən sonra köhnə dostu Arif Alışanov onun maliyyə sahəsindəki "dərin biliklərindən" yararlanmaq istəyib və 4 ay əvvəl iş təklif edib. Lakin burda A.Alışanovun köhnə dostunu işlə təmin etməkdən daha ciddi niyyətlərin olduğunu düşünmək üçün əsaslar var. Məsələ ondadır ki, A.Alışanov Ş.Əliyevə vəzifə təklif edərkən özünün tezliklə işdən çıxarılacağını bilməmiş deyildi. Hamıya aydın idi ki, məlum biabırçı məhkəmə proseslərindən sonra A.Alışanovun AzTV rəhbərliyindəki ömrü çox da uzun olmayacaq. Bunu elə Ş.Əliyev də bilməmiş deyildi. Belədə sual olunur: Alışanov gethagetdə Şahrza Əliyevi AzTV-yə gətirməklə nə məqsəd güdürdü? Olmaya bəzi maliyyə sənədlərini "qaydaya salmaq" zərurəti olub?...

Hər halda Şahrza Əliyev barədə yayılan çoxsaylı məlumatlar onun "təmiz" kadr olmasına ciddi şübhələr yaradır. Belə ki, onun Təhsil Nazirliyinin Maliyyə İdarəsinə rəhbərlik etdiyi illərdə istər nazirliyin xətti ilə həyata keçirilən məktəb və bağça tikinti-təmir işlərində, istər dərsliklərin çapında, istərsə də digər sahələrdə (hətta müəllimlərə yazılan maaşın, mükafatın  və ezamiyyət xərclərinin müəyyən hissəsi saxlanılırdı-müəll.) ciddi korrupsiyaya yol verildiyinə dair çoxsaylı məlumatlar yayılıb. Həm də konkret faktlarla.

Məsələn, 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Bakının Xəzər rayonunun Yeni Qala qəsəbəsində tikilmiş 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəbi Azərbaycanın Təhsil Nazirliyinə təhvil verib. Həmin məktəb 300 min dollara, o vaxtkı kursla 255 min manata başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar və ya 12,7 min manat, bir şagirdə düşən xərc 750 dollar və ya 638 manat təşkil edib.

Həmin vaxt Təhsil Nazirliyinin büdcənin pulu ilə Qəbələdə tikdiyi təxminən eyni ölçülü məktəbə isə təxminən 1,5 milyon manat (6 dəfə çox) xərcləndiyi rəsmiləşdirilib. Hansı ki, səfirliyin tikdiyi məktəb hər cür təchizatına görə (istilik sistemləri, 20 tonluq su çəni və s.) Təhsil Nazirliyinin tikdirdyi məktəbdən daha yüksək səviyyədə olub.

Təhsil Nazirliyinin xətti ilə tikilən məktəblərin real dəyərindən dəfələrlə, bəzən 10 dəfəyə yaxın baha başa gəlməsinin yeganə səbəbinin korrupsiya olduğu şübhə doğurmur. Hansı ki, bu sahəyə ayrılan bütün vəsaitlər Ş.Əliyevin imzasından keçib...

Biz hələ sənədlərdə tikilib istifadəyə verilən, ancaq faktiki mövcud olmayan məktəb və bağçaların olduğuna dair məlumatları demirik...

Dərslik çapına ayrılan vəsaitlərin isə bəzi "doğma" şirkətlərin hesabına yönəldilərək talandığı iddia olunurdu. Bununla bağlı da konkret faktlar ortaya qoyulurdu.

Belə faktların sayı o qədər artmışdı ki, keçmiş MTN 2011-ci ildə Təhsil Nazirliyinin Maliyyə İdarəsində geniş miqyaslı əməliyyat həyata keçirdi. Düzdür, Ş.Əliyev bu əməliyyatdan da "təmiz" çıxmağı bacardı. Bütün günahlar onun müavini Orxan Kərimovun üzərinə atılaraq, onu həbs etdilər. O vaxt musavat.com-a danışan mənbə demişdi ki, əslində MTN-in hazırladığı əməliyyatın hədəfi Şahrza Əliyev olmalı idi. Ancaq son anda Ş.Əliyev müavinini güdaza verməklə özünü qoruya bildi...

Yeri gəlmişkən qeyd edək ki, Ş.Əliyevin "özünü qoruya bilməsinin" əsas səbəbi kimi onun Şeyxülislamın adamı olması, Allahşükür Paşazadə tərəfindən himayə edilməsi göstərilir. Düzdür, S.Əliyev bunu təkzib edib və şeyxlə sadəcə yerli olduqlarını bildirib. Ancaq Ş.Əliyevin maddi imkanları barədə yayılan məlumatları və Azərbaycan reallığını nəzərə alsaq, onun himayəsinin olmaması barədə dedikləri şübhə doğurur.

Belə ki, Ş.Əliyevin maddi imkanlarına görə istənilən milyonçu ilə rəqabət apara biləcək bir şəxs olduğu iddia olunur. Məsələn, mətbuata yayılan xəbərlərə görə, Ş.Əliyevin Bakıda fəaliyyət göstərən “Jasmin” və “Mərhəmət” ticarət şəbəkələrinin, eyni zamanda çoxsaylı ticarət obyektlərinin sahibidir.

Ümumiyyətlə, Şahrza Əliyevin Təhsil Nazirliyində işlədiyi illərdə nazir Misir Mərdanovun himayəsi altında gizli oliqarxa çevrildiyi bildirilir. AzTV-də başlanan yoxlamaların bu "maliyyə oliqarxının" taleyinə necə təsir edəcəyini isə, zaman göstərəcək...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Ters 2019-01-24 00:15:14

Bilirsiz hər insanın vicdanı icində olmalıdır.Şahrza müəllimlə qısa müddətli iş ilə əlaqədar tanışlığım olub. Deyə bilərəm ki o çox alicənab ətrafındakı işçilərinə qarşı mehriban insandır.Mən özüm mühasib işləmişəm haqsılığa uğrayıb ona müraciət edəndə o məni heç qəbul etməzdi əksinə o məni üəbul etdi dinlədi. O nazirlikdə təhsil idarələrinə büdcəni ayırır. Amma o büdcənin pullarını yerli xəzinədarlıq və həmin təhsil idarələrinin rəhbərləri öz xeyirlərinə sərf edir. O çox güclü maliyyəçi və çox alicənab sadə insandır

Allahverdi 2019-01-24 00:15:14

xaricde tehsil anan var ...kim diplomun pulsuz tesdiq eletdirmeyin yollarin bilir??

EJDER 2019-01-24 00:15:14

VALLAH GULMELI HOKUMETIMIZ VAR,HER WEY OZELLEWDIRILIB...BOW BOW INKIWAFDAN DANIWIRLAR...SARAKOZI CANI.ALLAH YETIM EYVAZI REHMET ELESIN...AZERBAYCAN

azeri 2019-01-24 00:15:14

Cox geribedir,kadri teyin edende xalgi.... Hec kim mesuliyyete celb olunmur,bir gara gepik de budceye gaytarilmir.Elbirlik sozu yerine dushmurmu..?

lerikden Mehemmed Hesen emi 2019-01-24 00:15:14

abel yazdirir size bu yazilari ?

BABAYEVA ASYA EHMEDELI Qi 2019-01-24 00:15:14

bas ona gadar kim dagidib bu bir sabakanin halgalaridir ki o vaxtki maliyya nazirliyindan baslayarag bu guna kimi uzanir

Elşad Qurbanov 2019-01-24 00:15:14

Azpolitika.az saytının hazırladığı bu materialdakı faktlar dəqiqdir. Misir mərdanov Şahrza əliyevi oliqarxa çevirdi. Ümumiyyətlə Mərdanovun işlədiyi kadrların böyük əksəriyyəti şahrza tipli kadrlar olub.

Son yazılar