PALATA BİR NEÇƏ BANKA XƏBƏRDARLIQ EDİB -  "Təhlükəli zonada" olan banklardan nə tələb edilir?

"AzPolitika.info"ya daxil olan məlumata görə, Azərbaycanın 3 bankına Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xəbərdarlıq edilib. Bu bankların "Muğanbank", "Turan Bank" və "NBC Bank" olduğu bildirilir. Qeyd olunur ki, bankların 2018-ci ilin yekunlarına aid hesabatlarında əks olunan nəticələr qənaətbəxş deyil. Bu üzdən sözügedən banklardan maliyyə göstəricilərini yaxşılaşdırmaları tələb olunub.

Məlumat üçün bildirək ki, doğrudan da adıçəkilən bankların maliyyə nəticələrinə nəzər yetirdikdə, onların məcmu kapital, depozit portfeli, xalis mənfəət və digər pozisiyalarda gerilədikləri, bəzi hallarda isə kəskin azalma və kiçilmə faktı ilə üz-üzə qaldıqları görünür.

"TuranBank" cəmi 70 min qazanıb...

"Turan Bank" da ötən ilin maliyyə göstəricilərinə görə həsəd aparılası vəziyyətdə deyil. Bankın 2018-ci ilin yekunlarına aid hesabatı göstərir ki, bu bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir. Belə ki, bank 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. 2017-ci ili isə "Turan Bank" ümumiyyətlə, ziyanla başa vurmuşdu. Təbii ki, bir bank üçün 70 min manat qazanc olduqca simvolik, hətta ironik bir rəqəmdir.

Eyni zamanda, bu, ondan xəbər verir ki, 2018-ci ildə manatın sabitliyini saxlaması və inflyasiya səviyyəsinin yüksək olmamasına rəğmən, bank bu mühitdən səmərəli istifadə edə bilməyib. Nəticədə bank 2018-ci ili cəmi 70 min manat xalis mənfəətlə başa vuraraq, 2017-ci ildəki 725 min manat zərəri qapada bilməyib.

"Turan Bank"ın aktivlərində də azalma müşahidə olunub. Bankın 2018-ci ilin sonuna cəmi aktivləri 492, 606 min manat, cəmi öhdəlikləri isə 433, 473 min manat təşkil etdiyi halda, ilin əvvəlində cəmi aktivləri 495, 054 min manat, cəmi öhdəlikləri isə 436, 114 min manat olub.

Bankın balans kapitalında isə ilin yekununda cüzi dəyişiklik, dəqiq desək, 193 min manatlıq artım müşahidə olunub və bu göstərici ilin əvvəlində 58 milyon 940 min manat olduğu halda, ilin sonunda 59 milyon 133 min manata çatıb. Ancaq bu göstərici eyni zamanda, ötən ilin 2-ci rübünün nəticələrilə müqayisədə bankın balans kapitalının az qala 1 milyon manata yaxın - 815 min min manat azaldığını da ortaya qoyur. 2-ci rübün nəticələrinə görə "Turan Bank"-ın balans kapitalı 59 milyon 948 min manat olduğu halda, üçüncü rübdə 58 milyon 995 min manata qədər enib. 4-cü rübdə balans kapitalı cəmi 138 min manat artsa da, 2-ci rübün göstəricisinə çata bilməyib. 2-ci rübün nəticələrinə görə, Azərbaycandakı bankların sırasında 19-cu yerdə olan "Turan Bank" 3-cü rübdə 21-ci yerə enib.

"NBC Bank"ın mənfəəti kəskin azalıb

"NBC Bank"ın vəziyyətinin digər üç bankla müqayisədə yaxşı olmasına baxmayaraq, onun da mənfəəti 2017-ci illə müqayisədə 2.5 dəfə azalıb. "NBC Bank" ötən il 1 milyon 150 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır. İl ərzində bankın faiz gəlirləri 17 571 min manat, qeyri-faiz gəlirləri 3 386 min manat, faiz xərcləri 11 023 min manat, qeyri-faiz xərcləri 7 660 min manat, aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 1,124 min manat təşkil edib.

Eyni zamanda, bu bankın məcmu kapitalı tələb olunan normadan yüksək olsa da, "NBC Bank" bu göstərici üzrə 30 bank arasında 21-ci yerdədir.

"Muğanbank"da illərin yığılmış zərəri qalmaqdadır

"Muğanbank" da ötən il ərzində ürəkaçan durumda olmayıb.  Bank 2018-ci ilin 3-cü rübündə cəmi 29,18 milyon manat faiz gəliri əldə edib ki, bu da ötən ilki müvafiq dövrlə müqayisədə 12,3 faiz azdır.

Bankın faiz xərci isə əksinə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,8 faiz çox olub və 18,79 milyon manat təşkil edib. Bankın xalis faiz gəlirinin 11,4 milyon manat təşkil etməsinə baxmayaraq, ehtiyatlara ayırmalardan sonra 7,1 milyon manata düşüb. 4 milyona yaxın vəsaitin ehtiyatlara ayrılması bankın kifayət qədər ciddi məbləğlərdə kredit problemlərinin olduğundan xəbər verir.

Bundan başqa, Bankın cəmi kapitalı artaraq 69,01 milyon manata kimi artsa da, hələ də 17 milyon manata yaxın illərin yığılmış zərəri qalmaqdadır.

Göründüyü kimi, adıçəkilən bankların maliyyə göstəriciləri Azərbaycanın bank sektorunun vəziyyətinin hələ lazım olan səviyyənin xeyli altında olduğundan xəbər verir. Və qeyd edək ki, qənaətbəxş durumda olmayan banklar təkcə bunlar deyil. Bu siyahıya "AGBank", "Muğanbank" və digər bir neçə bankı da əlavə etmək olar. Görünür, belə bankların ümumilikdə ölkənin bank sektoru üçün ciddi risklər yaratdığı qənaətinə gələn Maliyyə Bazarlarına Nəzarət Palatasının onlara xəbərdarlıq etməsi əsassız deyil. Və problem təkcə açıqlanan rəsmi hesabatlardakı mənfi rəqəmlərlə də məhdudlaşmır...

CƏLAL

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar