FHN İXTİSARLARLA BAĞLI MƏLUMAT YAYDI – “Struktur islahatları davam etdirilir, ancaq…”

Dərc olunub: 26/01/2019 - 23:43

FHNFövqəladə Hallar Nazirliyi (FHN)  qurumda geniş ixtisarların aparılması barədə informasiyalarla bağlı məlumat yayıb. FHN-in saytından yayımlanan məlumatda deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur islahatları davam etdirilir.

Təəssüf hissi ilə bildiririk ki, bəzi KİV-də bu struktur islahatları fonunda Fövqəladə Hallar Nazirliyində geniş ixtisarların aparılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Qeyd edək ki, həyata keçirilən struktur islahatları zamanı hər hansı kütləvi ixtisarlar aparılmır və belə ixtisarların aparılması nəzərdə tutulmayıb.

Bir daha KİV nümayəndələrini diqqətli olmağa və həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”.

***

fhn-696x357-e1520434567666

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasına, dövlət xidmətlərinin optimallaşdırılmasına dair tövsiyyələri ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) də bir sıra işlər həyata keçirilməyə başlanılıb. 

Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, nazirliyin fəaliyyətində səmərəliliyinin artırılması və xərclərin azaldılması məqsədilə ciddi struktur və kadr islahatlarına başlanılıb. Prezidentin tövsiyyələrinə uyğun olaraq daha çevik, daha yığcam, daha məqsədyönlü idarəetmə sisteminin formalaşdırılması məqsədi ilə Nazirliyin tabeçiliyindəki bir çox strukturlarda geniş ixtisarlar həyata keçirilib.

Hətta bəzi strukturlarda işçi heyətinin 50 faizə qədərinin ixtisar olunduğuna dair məlumatlar var. İxtisarlar daha çox FHN-nin institutlarını əhatə edib. Əməkdaşlara fevralın 1-dən işdən çıxarılacaqları haqda xəbərdarlıq olunub.

Eyni zamanda nazirlikdə islahatların davam etdiriləcəyi, bəzi strukturların birləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev də çıxışında bildirmişdi ki, idarəetmə strukturu böyük dərəcədə şişirdilib: “Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”. Qeyd edək ki, Prezidentin müvafiq fərmanları ilə həyata keçirilən struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasını, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasını nəzərdə tutur”.

Bütün bu tədbirlər bir tərəfdən təqdir olunur, amma digər tərəfdən də minlərlə insanın işsiz qalması ilə nəticələnir. FHN strukturlarında ixtisara düşənlər də yaxın günlərdə bu işsizlərin sırasına qoşulacaqlar.  

Rasim
AzPolitika.info








loading...


Fikrinizi bildirin