RƏSUL QULİYEVİN ACP-dən İSTEFASININ PƏRDƏARXASI - 2 səbəb 

Eks-spiker Rəsul Quliyevin qurucusu olduğu Açıq Cəmiyyət Partiyasından istefası, sözsüz ki, gözlənilməz hadisədir. Baxmayaraq ki, Rəsul Quliyev təbiət etibarilə elə bir siyasətçidir ki, ondan istənilən qərarı gözləmək mümkündür. Təsadüfi deyil ki, cənab Quliyevin artıq bitmiş hesab olunan siyasi karyerasında en sayda ziddiyyətli, izahı çətin olan məqamlar var. 

Bununla belə, onun ACP-dən istefa verəcəyi qətiyyən gözlənilmirdi.

Xatırladaq ki, ACP-nin keçmiş lideri öz qərarını belə əsaslandırıb ki, onun tərəfdarlarının çox hissəsi hansısa partiyaya üzv olmaq istəmir, ona görə də təkcə ACP-nin lideri olması düzgün deyil.

“Respublikada olan mənim tərəfdarlarımın maksimum 5 faizi ACP-də cəmləşib. Yerdə qalan 95 faizi müxtəlif partiyalarda olanlar və ən çoxu heç bir partiya üzvü olmayan və olmaq istəməyənlərin arasındadır. Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyildir ,əksinə belə bir qərarı gərək 10 il bundan öncə qəbul edərdim.”

Təbii ki, R.Quliyevin bu arqumentinin reallıqla uzaqdan-yaxından əlaqəsi yoxdur. Hamımız bilirik ki, Azərbaycanda Rəsul Quliyevin tərəfdarı qalmayıb - özünün ziddiyyətli, məntiqsiz, yersiz qərarları və açıqlamalarilə, ən əsası yalan vədlərilə R.Quliyev ona inananların inamını çoxdan qırıb. Ortada 100-150 nəfər qalmışdı ki, onları da son 5-6 ayda itirdi.

Belə olduğu halda cənab Quliyevin öz istefasını guya tərəfdarlarının çoxluğu, onların ACP-yə sığışmamalarilə izah etməsi sadəcə olaraq gülüncdür.

Bəs R.Quliyevin bu gözlənilməz addımının pərdə arxasında nə var?

AzPolitika.info-nun araşdırmalarına görə, R.Quliyevin ACP-dən uzaqlaşmasının 2 ciddi səbəbi var.

Əvvəla, hər seçkidən sonra partiyasının ona lazım olmadığı haqda rəyə gəlməsi R.Quliyev üçün adət halını alıb. Bu dəfə R.Quliyev bu qərara gəlmək üçün heç seçkinin bitməsini də gözləmədi. Seçkiyə 3 ay qalmış ACP-nin maliyyəsi kəsildi, qərargahdan çıxarıldı, təşkilatlanmanı dayandırdı.  ACP faktiki olaraq seçkidən 3 ay əvvəl təslim oldu və siyasi proseslərdən uzaqlaşdı.

Partiyasından faktiki imtina edən R.Quliyevin özü isə iqtidarı unudaraq müxalifətin birliyinə qarşı hücuma keçdi. Belə bir vəziyyətdə isə ACP əcaib bir vəziyyətə düşdü. Bu "əcaib məxluq" isə sözsüz ki, R.Quliyevə lazım deyildi.

R.Quliyevin ACP-dən istefasının ikinci səbəbi Sülhəddin Əkbərlə münasibətlərinin kəskin pisləşməsi olub. S.Əkbər hələ ACP-yə yenicə sədr seçilərkən, əksəriyyətin fikri belə idi ki, onların uzun müddət birlikdə olması mümkün deyil.

Bizə verilən məlumatlara görə, son 2 ayda ACP-nin lideri ilə sədrinin münasibətlərindəki kəskin pisləşmə o səviyyəyə çatıb ki, bir neçə gün əvvəl onlar əməlli-başlı söyüşüblər. R.Quliyev telefonla danışarkən S.Əkbəri təhqir edib. S.Əkbərin cavabı da sərt olub.

Belə olduqda ACP-də ya Rəsul Quliyev, ya da Sülhəddin Əkbər qalmalı idi. Lakin əvvəla R.Quliyevin ACP-də elə bi gücü yox idi ki, S.Əkbəri ordan uzaqlaşdırsın. İkincisi, yuxarıda qeyd etdiyimiz kimi, xəstə uşağa bənzəyən ACP heç R.Quliyevə lazım da olmadığından o, özü getmək qərarına gəlib.

Bu gündən etibarən ACP adlı partiya demək olar ki, mövcud deyil. S.Əkbərə bu partiyanın quru adı qaldı. O təşkilatı yenidən və daha sağlam əsaslar üzərində qurmalıdır.

R.Quliyev isə, fikrimizcə siyasi karyerası boyu azsaylı düzgün qərarlarından birini verdi. Bir dövr yüz minlərin inam və ümid qaynağı olan cənab Quliyevin daha da hörmətdən düşmədən getməkdən başqa yolu qalmamışdı. 

Rasim Əliyev

AzPolitika.info

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar