Cəmil Həsənli Müdafiə Komitəsinin sədri seçildi - Foto

Bu gün Ziyalılar Birliyinin qərargahında müxalifət liderləri, partiya sədrləri və gənc fəalların iştirakı ilə həbs olunan hüquq müdafiəçilərinin müdafiə komitəsinin toplantısı keçirilib.

Tədbir həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi istiqamətində görüləcək işlərin müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan Cəmil Həsənli həbs olunan ictimai xadimlərin hüquqlarını müdafiə etməyi hər kəs üçün vicdan borcu adlandırıb:

“Müdafiə Komitəsi olaraq Leyla xanımın həbsindən sonra ilk dəfə toplanmışdıq. O zaman məqsədimiz Leyla xanımın və Rəsul Cəfərovun hazırladığı siyahını müdafiə etməkdən ibarət idi. Bundan əvvəlki toplantımızda Rəsul Cəfərov özü də iştirak edirdi. Biz bu qədər təmiz, dürüst adamların saxta ittihamlarla həbs olunması cəmiyyət üçün gözlənilməz oldu. Məqsədimiz onları müdafiə etməkdən ibarətdir.

Leyla xanım başda olmaq biz siyahıda olan bütün məhbusları müdafiə edirik. Ancaq Leyla xanıma xüsusi diqqət ayırmağımızın səbəbi odur ki, həbs kişilər üçün normal qəbul olunsa, qadının həbsi ictimai rəydə qəbul edilmir. Leyla xanımın müdafiəsinə həm də ona görə üstünlük veririk o sıradan bir qadın deyil. O, mübariz bir qadındır, 30 ildən çoxdur ki, insan haqları uğrunda, siyasi məhbus problemi ilə bağlı mübarizə aparır.

Bu cəmiyyətin Leyla xanımın qarşısında bir vicdan borcu var və biz bütün siyasi mənsubiyyətlərimizi bir kənara qoyub bu cəmiyyətin bir üzvü kimi vicdan borcumuzu yerinə yetirməliyik. Azərbaycan xalqı ilə də işləməliyik. Həmçinin mətbuatla və beynəlxalq hüquq müdafiə təşkilatları ilə da iş aparmalıyıq” .

Daha sonra AXCP sədri Əli Kərimli, Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu, publisist Mehriban Vəzir, Xalq Partiyasının sədri Pənah Hüseyn, jurnalist Şahvələd Çobanoğlu və digərləri çıxış edərək həbs olunanların müdafiəsi istiqamətində səyləri birləşdirməyin vacib olduğunu qeyd ediblər.

Müzakirələrin nəticəsi olaraq həbs olunan hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin Müdafiə Komitəsi yaradılıb.

Komitənin sədrləri professor Cəmil Həsənli və hüquqşünas Vidadi Mirkamal seçilib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar