“İQTİDARA ƏN BÖYÜK XƏYANƏT İÇƏRİDƏN GƏLİR…” – Qüdrət Həsənquliyevdən onu təhqir edən nazirə sərt cavab

Dərc olunub: 02/02/2019 - 10:30

“Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda…”

qudret_(4)

Azərbaycan siyasətində mənəvi dəyərlərin sürətlə aşındığı, “əxlaqlı mübarizə” anlayışının, demək olar ki, aradan qalxdığı bir zamandan keçirik. Söyüş, təhqir, hətta fiziki hesablaşmalara çağırışlar günümüzün ən adi reallıqlarına çevrilib. Bəs, siyasətdə belə yaramaz bir mühitin formalaşması Azərbaycana nə vəd edir?

“AzPolitika.info”nun əməkdaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu mövzuda qısa söhbət edib.

- Qüdrət bəy, Azərbaycanda siyasətin eybəcərləşdirilməsi və siyasətçilərin gözdən salınması, siyasi rəqiblərin düşmənə çevrilməsi istiqamətində fəal iş aparılır. Bu, Sizi qorxutmurmu?

– Biz güclü ümumdünya erməni lobbisi və onların xristian həmrəyliyindən çıxış edən tərəfdarları, o cümlədən daxildə hakimiyyətə susamış feodal təfəkkürlü insanların məkrli pozuculuq fəaliyyəti ilə üz-üzəyik. Onların bizə qarşı düşmənçilik siyasətini həyata keçirmələri üçün çoxlu pulları var. Satqınları və gerizəkalı şizofrenikləri isə bütün xalqların sırasından çox da çətinlik çəkmədən tapmaq olar. Hazırda baş verənlər həm də ölkəmizdə mənəvi terror yolu ilə ləyaqətli insanları qorxutmaq, Prezidenti müdafiəsiz qoymaq cəhdidir… Söyüş söyənlər bilirlər ki, dediklərinin on qat artığı onlara qaytarılır, amma ləyaqətlərini satdıqlarından başqa yolları yaxdur. Tapşırıqları icra etməlidirlər. Onların əsas məqsədi mənəvi-siyasi böhran yaratmaqla, torpaqlarımızın işğal altında qalmasını təmin etmək, Prezidenti islahatları dərinləşdirməkdən, kadr islahatlarını davam etdirməkdən çəkindirmək, Azərbaycanda asılı bir feodal dövləti quraraq ölkəmizi uzun illər inkişafdan saxlayacaq birisini hakimiyyətə gətirməkdir. Ölkəmizi qorumaq üçün iqtidarlı-müxalifətli, hamılıqla düşmənlərimizin yeni müstəvidə açdıqları bu savaşa qarşı dayanmağı bacarmalıyıq. Söyüş söyənlərə məğlubiyyət ölkəmizə Qarabağın işğal altına düşməsindən daha çox zərər vura bilər. Çox təəssüf ki, iqtidardakı və müxalifətdəki ləyaqətli insanların mənəvi terrora qarşı dayandığı bir vaxtda iqtidara ən böyük zərbə və xəyanət onun içərisindən gəlir.

- Bu, çox ciddi ittihamdır. Nəyə əsaslanaraq belə ittiham irəli sürürsünüz – konkret ad, misal çəkə bilərsinizmi?

– Elə özümlə bağlı bir fakt söyləyim. Xatırlayırsınızsa Sizin sayta verdiyim açıqlamamda (Bura bax: DEPUTATDAN NAXÇIVANLA BAĞLI ŞOK AÇIQLAMA VƏ TƏKLİFLƏR) qeyd etmişdim ki, Naxçıvanın iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac var. Prezident də daim söyləyir ki, iqtisadiyyatımız inkişaf etdirilməlidir və əyalət rəhbərlərinin fəaliyyətinə həm də iqtisadiyyata özəl sərmayənin cəlb olunmasına görə qiymət veriləcəkdir. Prezidentin bu mövqeyinin nəticəsi kim artıq 34 rayon və şəhərin rəhbəri öz işini yeni tələblərə uyğun qurmağı bacardığından dövlət büdcəsindən dotasiya almır, bəziləri isə öz xərclərini tam ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla vəsait də ödəyirlər. Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manat dotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfədən çox – 300 milyon 360 min manat dotasiya alır. Bu rəqəmləri deputatlara hökumət təqdim edib. Mən də büdcənin müzakirəsi zamanı imkan olmadığından mətbuatda bu barədə danışmışdım. Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssiələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər, sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın “daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər, əslində, ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi.

Ümid edirəm, bu açıqlamamdan sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin