PİRVERDİYEVİN BANKI DA "ZİYANA İŞLƏYİR" - “Expressbank” ötən ili böyük zərərlə başa vurub

“AzPolitika.info” xəbər verir ki, artıq Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2018-ci ilin yekun hesabatlarını açıqlayıblar. Hesabatlardan bəlli olur ki, ötən ili ən böyük mənfəətlə başa vuran 425 milyon 841 min manatla "Azərbaycan Beynəlxalq Bankı", ən böyük zərərlə qapadan isə 250 milyon 478 min manatla “VTB Bank (Azərbaycan)” olub.

Maraqlıdır ki, ən çox zərər edən iki bank Rusiya banklarının Azərbaycandakı törəmələri olan VTB Bank (Azərbaycan)” və “Nikoyl Bank”dır. Yerli bankların arasında isə birinci yerdə 23 milyon 755 min manat zərərlə “Expressbank” qərarlaşıb. Əslində, bu bankın ötən ilki faiz və qeyri-faiz gəlirlərində, eləcə də ümumi gəlirlərində 6 milyon manata yaxın artım müşahidə olunub və bu göstərici 2017-ci ildəki 38 milyon 719 min manatdan 44 milyon 497 min manata yüksəlib. Bankın faiz gəlirləri kifayət qədər yüksək olsa da, ehtimal olunan kredit itkiləri üçün 24 milyon 988 min manatlıq ehtiyat yaradılması onun 2 milyon 155 min manat faiz zərəri etməsilə nəticələnib. Bu isə ciddi məbləğdə riskli kreditlərin mövcudluğundan xəbər verir.

Ancaq ötən il əgər böyük məbləğdə zərər açıqlayan "VTB Bank Azərbaycan" və "Nikoyl Bank"ın bu göstəriciləri əsasən ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına ayrılan iri vəsaitlərlə bağlıdırsa, “Expressbank”ın zərərində inzibati və ümumi xərclərinin 26 milyon 128 min manat təşkil etməsinin xüsusi rolu olub. Çünki bu xərclərdən öncə bank 2 milyon 373 min xalis gəlir əldə edib ki, burada da “Expressbank”ın 4 milyon 528 min manat qeyri-faiz mənfəəti əldə etməsinin əhəmiyyətli rolu var.

Ehtimal olunan kredit itkiləri üçün ehtiyatın yaradılmasına, eləcə də ümumi və inzibati xərclərə böyük məbləğlər ayırması nəticəsində “Expressbank” yerli banklar arasında zərərin miqdarına görə, liderə çevrilib. Xatırladaq ki, sözügedən bank 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə tamamlamışdı.

Bankın cari balans kapitalında da azalma müşahidə olunub. Belə ki, 2017-ci ildə 144 milyon 317 min manat cəmi balans kapitalına malik olan bankın bu göstəricisi 119 milyon 348 min manata enib.

Lakin bütün bunlarla yanaşı, bankın cəmi aktivləri 26 faizə yaxın artaraq, 395 milyon 204 min manata çatıb. Müştərilərə verilən kreditlərin həcmində də 50 milyon manatdan çox artım var. Həmçinin, əhalinin bu bankdakı əmanətləri də 19 milyon manat çoxalıb. Digər mühüm göstəricilər olan məcmu kapitalın həcmi və adekvatlığı da kifayət qədər yüksək olub.

Onu da qeyd edək ki,  “Expressbank” “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Elə rəsmən də bankın əsas səhmdarları “AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qaynı olduğu bildirilir. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizi məxsusdur.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

adəm 2019-02-04 10:54:16

çox ehtimal ki o biri talançılar kimi o sa ötürüb xarici ölkələrdə yerləşdirib milyardlarını

Ələsgər 2019-02-04 10:54:16

Bəs bunun oğurladıqları,mənimsədikləri nə ilə qurtardı.YAP-çı kimi onu da bağışladılar? Heç olmasa məlumat verin,millət bilsin.

EJDER 2019-02-04 10:54:16

NEJE DEYERLER,BRAVO,BRAVO KAPITAL....GETSIN

Son yazılar