BİLİYİN DƏYƏRİ

Cəsarət ƏLİYEV

(birinci yazı)

O, necə ölçülür? Yalnız çap üzü görmüş əsərlərin sayına görəmi? Onda, nəinki çap işi olmayan, heç ali bilik ala bilməyən Evarist Qaluanın, böyük vaxt kəsiyində çapa heç nə verməyən Nyütonun işi necə olsun? Yüz nədi, minlərlə məqaləsi olanları və cəmi 9 məqaləsi olan Hiqsi, 50 məqaləsi olan Keldışı necə tutuşduraq? Bir “Hop-hop”lu Sabirlə hansı qalaq-qalaq kitablını yanaşı qoyaq? Ötən yüzilliyin 26-cı ilində, bu gün kvant mexanikasının əsas tənliyi adlandırılan tənliyini yazmaqla nəinki fizikanı, elmin bir şox sahələrini kökündən dəyişən Şrödingerin əməyini necə qiymətləndirək? Hansının, sözün birbaşa anlamında, on il döyüşərək qravitasiya (ümumi nisbilik) nəzəriyyəsini yaratmağa çalışan, amma düzgün tənliyi ala bilməyən Eynşteynin, yoxsa az qala bir günə düzgün tənliyi çıxaran Hilbertin əməyi böyükdür? Bilik brilyantdırsa, onda onu çoxlu sayda necə yaratmaq olar?

Bütün dövrlərdə biliyi dəyərləndirmək çox çətin bir iş olub. Nəyi necə dəyərləndirəsən?! Deyiləndə, yazılanda söz tutumunu, yoxsa anlam tutumunu? Birinci asanlıqla görünən, ikinci isə ... . Deyilənin dəyəri varsa o, elə bir günə, bir ilə özünü bildirir, yoxsa düşüncənin dəyərliliyini bilmək üçün bəzən on illər yox, yüz illər də bəs etmir. Elə götürək Evarist Qaluanı, yazdıqlarını ünlü fransız riyaziyyatçısı Koşiyə göndərmişdi. Koşi onun bu “cızma-qarasına” heç bir cavab verməmişdi. Obaşdan duelə gedəsi 21 yaşlı Evarist sanki ölümünü duymuşdu. Gün çıxana kimi, bütün düşündüklərini, necə deyərlər, bir “on iki vərəqli dəftər”ə köçürmüşdü. Yalnız yüz ildən sonra bu “on iki vərəqli dəftər”də yazılanlara “yüz vərəqli kitablar” həsr ediləcəkdi. Bugün onun biliyə gətirdikləri cəbrdə Qalua qrupları adlanır. Buyurun, ali biliyi olmayan Qaluanın biliyə (təkcə biliyəmi?) verdiklərini dəyərləndirin!

Bu astronomiyanın nə xeyiri var – tez-tez eşidilən sorğudu. Bir dəfə yenə də belə oldu. Dedim, cib telefonunuz varmı? Cibindən telefonu cıxarıb bizə sarı uzatdı. Yox-yox dedim, bizə telefon gərək deyil. Necə işlədiyini bilirsinizmi, soruşdum. Belə sorğu ilə konkret nəyi soruşduğumuzu açıqlamağa gərək qalmadı. Birbaşa istədiyimizi dedi - əlbəttə, peyk vasitəsilə. Hə, o peykin orbiti Nyüton qanunu ilə hesablanır. Bütün orbitə çıxarılmış peykləri bir yana qoyub yalnız rabitə peyklərindən gələn gəliri hesablayın və bu gəlirdən Nyütonun payını ayırın. Nə qədər etdi? Bəs Nyüton qanununun bilikdə, orta və ali öyrətmədə, onun toplumların dünya görüşünün formalaşması və başqa bilik və öyrətmə sahələrinə etgisini, bir sözlə toplum gəlişməsində payını, rolunu necə dəyərləndirək? Əgər dəyərləndirmə indi durduğumuz vaxt kəsiyindən baxanda belə çətindirsə, onda Nyütonun dövründə necə olub?! Nyüton, onunla bir dövrü bölüşən bir çoxlarının yersiz danlağı üzündən məqalə çapını dayandırmışdı və araşdırmalarını yalnız kitab şəklində çap etdirirdi. Dövründə Nyütonu danlayanların heç birinin biliyə verdikləri nə çəkidə, nə də uzun ömürlülük baxımından Nyütonun etdiklərinə tən gəlmədi. Burada başqa bir məsələ də göz görəsi qədər qabarır. İlgilidir, Nyütona və ömrünün son otuz ilini heç nə çap etdirməyən Eynşteynəoturduqları bilik akademiyalarında necə baxıblar? Görünür o akademiyalarda bilik dəyərləri başqaymış.

Olsun ki onlar çoxdur, amma biz yalnız ikisinin adını çəkəcəyik: Peter Hiqs və Lütfi Zadə. Bu iki kəs sağlığında bilik sahəsində kürəvi korrupsiyaya qalib gəlmiş insanlardır. Yox, onlar heç kimə savaş açmamışdı. Bir qədər keçmişə baxaq, onda demək istədiklərimiz daha aydın görünər.

1964-cü ildə Hiqs (“Physics Letters”də ilk məqaləsi) nəzəri fizikada, sahə nəzəriyyəsində ünlü bir kəsin adıyla bağlı teoremin yanlış olduğunu göstərir. Bunun ardınca o, ikinci məqaləsini həmin jurnala göndərir. Amma məqalənin çapı rədd edilir. Yəqin ki bu, təsadüf deyildi, artıq birinci məqaləni çapa buraxmaqla yanlış yapdıqlarını, görünür jurnalın redaksiya heyyətinə anlatmışdılar. Hiqs məqaləni tamam qısaldır və “Physical Review Letters”ə göndərir. Məqalə ... çap olunur. İllər keçəcəkdi, onun bu ilk addımı haqqında yazacaqdılar ki, guya onun işi elmi ictimaiyyət tərəfindən rədd edilib. Əslində isə ... gənc Hiqs arxasında kimlərin dayanmasına önəm vermədən patriarxın teoreminin doğru olmadığını göstərmişdi və elementar tanələr (zərrəciklər) nəzəriyyəsində yeni cığır açmışdı. Hiqsin bu işlərini Şrödingerin ilk beş işi ilə yanaşı qoymaq olar. Fiziklərin Şrödingerin ilk beş işi haqqında dedikləri isə belədir: Görən nəzəri fizikada bu beş işdən də gözəl nəsə varmı?! Həmin illərdə Hiqsin işlərinə istinad edən heç bir yazı çap oluna bilməzdi və olunmadı da. Hiqsə istinad edən işlər eybəcər rəylərlə kənara atılırdı. Nəticədə, cəmi doqquz məqaləsi çap olunan Hiqsin yeddi məqaləsinə heç bir istinad olmadı. Yalnız "onu rədd edən elmi ictimaiyyətin" tənəsi qarşısında aciz qalan kürəvi korrupsiya "səksən yaşlı" Hiqsə artıq heç bir maddi və mənəvi yükü olmayan Nobel ödülü verməklə öz boynundan bilik və bilik adamlarına qarşı olan bu alçaqlıq yükünü atmağa çalışdı. Gəncliyində belə terrorla üzləşən Hiqs doqquz məqalə ilə, demək olar ki, elmdən uzaqlaşmışdı. Amma iki məqaləsi bəs etdi. Söz tutumunu soruşursunuz? Cəmi səhifə yarım, hər biri. Düz eşitdiniz - bir səhifə yarım. Bəs anlam tutumu, bax bunu siz deyin. Nobel ödüllü Hiqs axı çox ünlü, tanınmış kəsdir.

Bənzər, amma bir qədər fərqli taleni Lütfi Zadə yaşadı. İşə bax, təkcə talelər bənzər deyil, illər də az qala üst-üstə düşür – 1965. O, iyirminci yüz ilin 65-ci ilində, harda-harda, biliklər kağanı sayılan riyaziyyatda oturuşmuş dünyagörüşünə savaş açdı – yayğın çoxluqlar nəzəriyyəsinin əsasını qoydu (olsun ki, “qeyri-səlis” termini rus dilindəki “neçyotkiy” sözünün dilimizə birbaşa çevrilməsindən yaranıb və bir yandan dilimizə gəlmə sözdür, o biri yandan isə heç də həmişə doğru anlamı vermir. Məsələn, “fuzzy line” – qeyri-səlis cızıq nə deməkdir? Öz sözümüz - yayğın cızıq isə anlamı düzgün açır – yayılmış, geniş kələkötür cızıq. Fuzzy – yayğın.) Savaş bununla bitmir. Lütfi Zadə klassik dünyagörüşünə qarşı çıxaraq bir-birinin ardınca yayğın məntiq, yayğın ehtimal, duyğu-düşüncə əsaslı qərarvermə, sözlə işləyən hesablama və daha nələr yaradır. Bir sözlə o, riyaziyyatda oturuşmuş bilikləri, hamının doğru bildiyini çevirirdi. Hansı ki, riyaziyyatın irəliyə gedişi, artıq çoxdan idi ki, oturuşmuş biliklərin üstündə yenilərinin qurulması ilə davam edir(di). Amma öz ölkəsində onun bu yeniliyinə dəyər verilmirdi. Yalnız Yaponiya, Almaniya və Rusiyada onun yaratdıqlarına önəm verildikdən sonra öz ölkəsində də, ona ... ödül verdilər. NASA, başqa strukturlar onu tanıdılar və yaratdıqlarını işə buraxdılar. Birmi, ikimi - ödüllərin sayı. Bütün dünya onu ödülə tutmuşdu. Hansı ki, etdiklərinin bir başqa dəyər ölçüsü də olmalıydı. Axı bunlar sadəcə ödül veriləsi yaxşı söz toplusu, bədii əsərlər deyildi. Bütün dünyada yayğın məntiqə söykəkli yaradilan və işə buraxılan (tətbiq edilən) patentlərin sayı əlli mindən çoxdur. Onların çoxu ABŞ və çox yeyin böyüyən Çinin payına düşür (köhnəlmiş xəbərdir, yəqin ki, indi daha çoxdur). Bu patentlərin gətirdiyi gəlir, bilmirəm, milyardlarla (€) ölçülür, yoxsa daha böyük ölçülər gərəkdi. Heç bir patentdə Lütfi Zadə yiyə (müəllif, həmmüəllif) deyil. İllər ötəcəkdi - elmin, sənayenin elə bir sahəsi yoxdur ki, yaratdığınız nəzəriyyə orada işlədilməsin, bəs gəlir? – kimi bir sorğuya (Mirşahinlə söhbət) cavab olaraq sakitcə deyəcəkdi ki, hamısı boşa (yana) getdi (əgər Lütfi Zadənin o vaxt dediyi “nalevo” sözünü ötürmüsünüzsə, onda arayıb-tapıb birdə baxın). İki tale – birinin həyatı gəncliyində əlindən alınıaraq yerinə yaşlı çağında Nobel ödülü verilir (o, daha nələr edə bilərdi), o biri isə ömrünün çox hissəsini, necə deyərlər, şan-şöhrət içində keçirsə də, milyardlar gətirən yaratdıqlarının qarşılığı olaraq qəpik-quruş və ödül alır. Lütfi Zadə çox işini tək görüb (tək müəllif) ki, bu da onun yüksək kvalifikasıyasından xəbər verir. Hiqs də belə idi. Axı koperativ işlərin görülməsinin təbliği bütün dünyada tirajlanır. Nədəni nə? İdeya və metodların, onları yaradan düşünən başların oğurlanması, yaxşı halda düşünən beyinin başqa ölkəni varlı etməsi üçün çəkilib aparılması (ABŞ-in ikinci Dünya savaşı vaxtı Almaniyadan apardığı bilik adamları və onların kosmos və başqa sahələrdə ABŞ-a verdikləri). Təkcə Nyüton və Lütfi Zadənin misalında ideya və metodların nə qədər gəlir gətirdiyinə baxın və onu dünyada inkişaf etmiş ölkələrin qrant adıyla biliyə buraxdığı qəpik-quruşla tutuşdurun. Onda, varlı yabançı ölkələrin başqalarına bu qədər pay ayırmasının nədəni anlaşılacaq. Çoxdan bəllidi axı, havayı pendir ancaq siçan tələsində olur. Nədən başladıq və gəlib çıxdıq düşüncə, intellektual kapitalın qorunmasına. Bu, ayrı söhbətin aramasıdır.

Qayıdaq yenə də, biliyin dəyərləndirilməsinə. Elə ötüb-keçmişlər var ki, təkcə baş verdiyi dar sahədə deyil, çox geniş auditoriyaya öyrənmək, anlamaq üçün örnək ola bilər. Eynşteynin adı həm də çox qalmaqallarda hallandırılıb və bu, bugün də davam edir. Onlardan biri “Ümumi nisbilik nəzəriyəsi” ilə bağlıdır. 1905-ci ildən başlayaraq Eynşteyn inersial olmayan sistemlər üçün ümumi nisbilik prinsiplərini qurmaq istəyir. O dövrdə fizikada baş verən çevrilişlərin səsi alman riyaziyyatçısı Hilberti də silkələyir və o da, bu işlərə qoşulmağa çalışır. (Deyirdilər ki, riyazi dünya iki fokuslu ellipsoiddir. Bir fokusu Parisdə, o biri isə Gettingendədir. Bir fokusda Puankare, obirində isə Hilbert dayanırdı.) Tələbəsi Veyl yazırdı ki, biz saatlarla ona elementar fizika qanunlarını öyrətməyə çalışsaq da, nəticə uğursuz olurdu. Və ... Hilbert fizika problemlərini öz düşüncə müstəvisinə gətirir. Fizikanın aksiomatik əsasları anlayışı da elə bu dövrdə yaranır. Eynşteynin on ilə edə bilmədiyini dərin riyazı bilikli Hilbert az qala bir günə edir. O, variasiya yolu ilə indi Eynşteyn tənliyi adlanan düzgün tənliyi çıxarır və 1915-ci ildə Berlin akademiyasında bu haqda çıxış edir. O vaxta kimi Eynşteynin çıxardığı bütün tənliklər yanlış idi. Hilbertdən on gün sonra Eynşteyn də Berlin akademiyasında çıxış edir və ... düz(ə yaxın) tənliyi yazır. Yalnız son vaxtlar Hilbertin adı Eynşteynin adıyla yanaşı çəkilir: Hilbert-Eynşteyn variasiya metodu. Onları qarşı-qarşıya qoymaq, tənliyin önündə birinin adını silib obirinin adını yazmaq nə dərəcədə doğru yanaşmadır, bu, bir yandan. İdeya Eynşteynindir, ona kimi nə inersial olmayan sistemlərdə nisbilikdən danışan olub, nə də qravitasiyanı bir tenzor sahə kimi fəzanın əyriliyi ilə bağlayan. İdeya və onun realizasiyası yolunda atılan ağlagəlməz addımlar Eynşteynin, tənliyin düzgün çıxarılışı isə Hilbertin adıyla bağlıdır. Əlbəttə, bilik yolunda qəhrəmanlıq Eynşteynin adına yazılır. İndi onların etdiklərini dəyərləndirin. Sorğunu necə qoyaq, kimin payı çoxdur? Yox, bu sual deyil. Eynşteynin çağdaş kosmoloji modellərin əsasında duran gravitasiya nəzəriyyəsi və düzgün analiz üçün Hilbertin çıxardığı tənlik – bax, buna dəyər vermək gərəkdir. Görünən dağa nə bələdçi.

Şrödinger 1926-cı ildə, indi onun adını daşıyan tənliyi yazanda, demək olar ki, onu heç kim tanımırdı. Həmin il, çapdan sonra ona ilk üz tutanlar kimlər olsa yaxşıdı?! Plank və Eynşteyn. Plank yazdığı məktubda Şrödingeri alqışlayırdı, Eynşteyn isə bir qədər çaşqınlıq içərisində, Şrödingerə onun çıxardığı tənliyin deyəsən doğru olmadığını yazırdı (Eynşteynə görə sahə tənlikləri düz asılılıqlı, yəni xətti ola bilməzdi). Srödingersə Eynşteynə, bütün etik normalar gözlənilməklə yazdı ki, onun çap işində belə bir (Eynşteynin yazdığı) tənlik yoxdur. Və Eynşteyn ona – əgər belədirsə, onda heç bir problem yoxdur – cavabını verdi. Bu iki ünlü, Plank və Eynşteyn, sanki bu bir tənliyin klassik baxışı tamam dəyişəcəyini, öndə daha böyük təlatümlər gözlənildiyini duyurdular (Eynşteyn kvant mexanikasının əsasları ilə ömrünün sonuna kimi barışmadı). Bir tənlik təkcə fizikada deyil, riyaziyyatda da köklü dəyişikliklərə gətirdi. Kvant mexanikasının etgisi ilə funksional fəzalar anlayışı, operatorlar hesabı yarandı. Heç kimin tanımadığı, elmdə qoca sayılan, Bor, Heyzenberq, Dirak, Pauli və bir çox başqalarının artıq at oynatdığı kvant nəzəriyyəsində peşəkar sayılmayan Şrödinger bir tənliklə bilik dünyasının görüntüsünü dəyişdi. Dəyər verin.

(ardı var)

635x100

Şərhlər

Cəsarət Əliyev 2019-01-20 22:59:29

Saygılı Köhnə azərbaycanlı, sayğılı Etibar bəy. Məncə bizdə elmi jurnalistikanın yaradılmasına gərək var. Və buna universitetlərdə öyrətmədən başlamaq lazımdır. Ədabiyyat, fizika və b. sahələrdə peşəkar jurnalist yetişdirilər və belə olanda hər oxucunun istəyinə uyğun xəbərlər çap edilməklə oxucu "susuzluğuna" son qoyular. Həm də yazılar peşəkar jurnalist qələmimilə hamıya çatdırılar. Bilik adamları isə bu işdə jurnalistlərə yardımçı olar. Daha çox siyasi yazılara yer verilir, amma deməzdim ki bu sahədə iş çox yaxşıdır. Elə götürək Azərbaycanda baş verən son olayları. Axı təkcə Azərbaycan üçün deyil, bütün dövlətlər üçün çox önəmli olan əks ilişgili siyasi sistemin qurulmasından söhbət gedir. Bu iş hələki başladılır və uğurla davam etdirilərsə, onda sistem dayanıqlı olar və hər bir (real və hipotetik) çevrilişin qarşısı alınar, bilik, öyrətmə, iqtisadiyyat sahələlərində böyümə baş verər. Əks ilişgili sistemdə önəmli olan nəsnələrdən biri də, baş verənlərə çevik reaksiya verilməsi, düzgün dəyərləndirmədir. Bu haqda ətraflı "Siyasi bifurkasiya nöqtələri və çağdaş dünya" yazısında söhbət açılacaq.

Etibar Əliyev 2019-01-20 22:59:29

Cəsarət müəllim belə yazıların əhəmiyyəti çox böyükdür, sizə təşəkkür edirəm

Köhnə azərbaycanlı 2019-01-20 22:59:29

Cəsarət müəllim yazıya görə çox sağ olun.Yazı geniş auditoriya üçün nəzərdə tutulmasa da çox maraqlıdır.Məqalə fikrimcə fizika-riyaziyyat sahəsində təhsil alan gənclərimiz və maraq dairəsində olan insanlar üçün bu elmlər sahəsində nüfuz sahibi olan alimlərin yaradıcılığına bir ekskursiyadır.Gənclərimizin elmə olan marağının artırılması yolunda çox gözəl məqalədir.Əbəs yerə deyilməyib ki dövlətin ən böyük kapitalı insan kapitalıdır.Yazının II hissəsini gözləyəcəyik.

Son yazılar