Finlandiya təhsil sistemi niyə dünyanın ən yaxşılarındandır? - Ev tapşırığı, yazılı yoxlaması...

Finlandiyalı uşaqlar ən müxtəlif testlər üzrə əla nəticələr göstərirlər. Və bu istiqamətdə ABŞ, Rusiya, Yaponiya, hətta Çindəki yaşıdlarını geridə qoyurlar. Finlandiya məktəbləri həm də onunla məşhurdur ki, burada şagirdlər səhərdən axşamadək oxumağa məcbur edilmir. Hər bir şagirdi bir gündə orta hesabla 4 saatlıq dərs gözləyir. Və bu 4 saatın özü də 75 dəqiqə davam edən böyük tənəffüslə müşayiət olunur. Bununla yanaşı, yuxarı siniflər də daxil olmaqla şagirdlərə ev tapşırığı verilmir.

Finlandiya təhsil sisemini unikal edən nədir və bu sistem nəyə əsaslanır? Yəqin bu sualların cavabı hamı üçün maraqlıdır. Maraqlı məqamlardan biri də bu sistem çərçivəsində müəllimlərin şagirdləri necə motivasiya etdiyidir.

“Nastoyaşee Vremya” telekanalı öz araşdırmasında bu məqamlara aydınlıq gətirməyə çalışıb. Və Sankt-Peterburqda fəaliyyət göstərən Finlandiya məktəbinin müəllimləri ilə söhbət aparıb. Bu məktəbdə Finlandiyadakı təhsil sistemi tətbiq olunur.

ABŞ, ÇİN, Cənubi Koreya və Rusiya məktəblərində təhsil sistemi nəticəyə köklənib. Uşaqdan mümkün olduğu qədər yüksək qiymətlər, sertifikatlar və mükafatlar tələb olunur. Çünki bütün bunlar sonradan onun universitetə daxil olmasını asanlaşdırır.

Finlandiyada isə müəllimlər uşaqları “ulduzlar” qazanmağa yox, özünü inkişaf etdirməyə motivasiya edir.

“Finlandiya təhsil sisteminin ən güclü tərəflərindən biri odur ki, uşaqların nəyisə çatdırmamaq qayğısı yoxdur. Və onların uğursuzluğu görmək imkanları var. Onlar nəyi edə bilmədiklərini müəllimlərinə rahat şəkildə demək imkanına da sahibdirlər. Bu zaman da pedaqoq köməyə gəlir”, – deyə Sankt-Peterburqdakı Finlandiya məktəbinin direktoru Pyayvi Xyurinen bildirir.

Finlandiya məktəblərində birinci dərəcəli və ikinci dərəcəli dərs, istedadlı və zəif şagird anlayışı yoxdur. Uşaqları bacarıqları və aldıqları qiymətlərə görə ayırmırlar.

“Zəif və güclü məktəb, əsas fənlər və ikinci dərəcəli fənlər, istedadlı və zəif şagird anlayışı yoxdur. Əsas prinsiplər güvən, hörmət və azadlıqdır”, – pedaqoqlar bildirir.

Finlandiyada musiqi, idman, təbiət elmləri və dillər üzrə ixtisaslaşan çoxlu sayda xüsusi məktəblər var.

“Xaricdə əsasən belə qənaət var ki, Finlandiya məktəblərinin uğuru orada güclü şagirdlərin oxuması ilə deyil, oradakı zəif şagirdlərin o biri ölkələrdəki qədər zəif olmaması ilə bağlıdır. Daha bir yanlış qənaət formalaşıb ki, Finlandiya məktəblərində yoxlama işləri olmur. Yoxlama işləri olur, amma digər ölkələrdəki kimi yox”. “, – deyə Pyayvi Xyurinen əlavə edir.

Yeni tədris planına əsasən şagirdin öz biliklərini ifadə etmək üçün uğyun formanı seçmək hüququ var. Və bu forma müxtəlif ola bilər. Bu şərtlər daxilində müəllimin vəzifəsi uşağa özünü ifadə etməsinə şərait yaratmaqdır.

“Biz ona görə yoxlama işini yazılı etmirik. Uşaq öz mühahidələrini və qənaətlərini müəllimə şifahi şəkildə bildirə bilər. Əgər uşaq utancaqdırsa və sinif qarşısında danışmaqdan çəkinirsə, müəllim ona kompüterin köməyi ilə test etməyi təklif edir”, – Xyurinen bildirir:

“Finlandiya məktəbləri bir qayda olaraq böyük olmur. Məsələn, bizim məktəbdə qruplarda təqribən on şagird olur. Ona görə də müəllimlə şagird bir-birini yaxşı tanıyır. Və müəllim şagirdin bilik səviyyəsini daha yaxşı bilir. Uşağın maraq dairəsini, dünyaya dair düşüncələrini yaxşı bilməklə lazımi stimulları da seçmək olar. Əgər müəllim və şagird bir-birlərini çoxdan tanıyırsa, müəllim çox yaxşı bilir ki, hansı şagird dərs materalını necə mənimsəməyib”.

Finlandiya məktəblərini fərqləndirən daha iki cəhət var. Birinci fərq – uşaqlara fənlər ayrı-ayrı tədris olunmur, onlara informasiyanı ümumilikdə axtarmaq və müxtəlif bilik sahələri arasındakı əlaqəni görmək öyrədilir. İkinci fərq – xarici dillərin fin dili ilə eyni səviyyədə öyrədilməsidir.

Finlandiya məktəbləri üçün proqram hazırlayan mütəxəssislər hesab edirlər ki, şagirdlərin müstəqil qərar verməyə istiqamətləndirilməsi onların həyata hazırlanması üçün ən yaxşı üsuldur.

“50 il sonra hansı peşələrə tələbat olacağını ehtimal etmək mümkün deyil. Ona görə də müəllim üçün şagirdi hansısa konkret peşəni seçməyə yöynləndirmək çətindir. Müasir fin təhsil sisteminin əsas vəzifəsi uşaqlara yenilikləri müstəqil şəkildə mənimsəməyi öyrətməkdir. Bu, şagirdə imkan verir ki, seçdiyi peşə on il sonra zamanın tələbinə cavab verməsə, sürətlə başqa peşə üzrə ixtisaslaşsın. Bu halda o, zəruri bilik və bacarıqları tez mənimsəmiş olur”.

Xyurinen bildirir ki, Finlandiyada məktəb sisteminin daha bir vacib elementi aşağı siniflərdən başlayaraq şagirdlərin beynəlxalq aləmə inteqrasiyasıdır: “İki il sonra bizim ölkədə xarici dillərin erkən öyrənilməsi haqda proqram qüvvəyə minəcək. Nəzərə alsaq ki, fin dilindən ancaq Finlandiyada istifadə olunur, bizim üçün xarici dil vacibdir. Ona görə də xarici dillərin (ingilis dili, alman dili, fransız rus dili, ispan dili) başlanğıc siniflərdən tədrisi zəruri olacaq. İngilis dili isə ikinci vacib dil hesab olunacaq”.

Hazırladı: G.Hüseynova

Strateq.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar