Azərbaycanda əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq. Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

Onun sözlərinə görə, artıq “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: “Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır. Beləliklə, Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və tam kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək".

V.Qasımlı bildirib ki, əmanətlərin tam sığortalanması və Prezident İlham Əliyev tərəfindən aparılan digər uğurlu iqtisadi islahatların hesabına banklarda fiziki şəxslərin depozitləri təkcə 2018-ci ildə 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatıb, başqa sözlə, 9.6 faizdən çox arıb: "Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5.6% (291 mln. AZN), tələbli depozitlər isə 18.5% (436 mln. AZN) artıb. Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada (¾-ü milli valyutada) artımını şərtləndirib. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə 2,1 dəfə artıb, xarici valyutada olan əmanətlər isə 65 faiz azalıb. Nəticədə 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi azalıb. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir".

"Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24.3%-ni (2.3 mlrd. manat) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77%-i (6.4 mlrd. manat) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24%-ni (1.5 mlrd. manat) 30 min manata qədər əmanətlər təşkil edir. Göründüyü kimi, dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək artmışdır. Bu isə əmanətlərin tam sığortalanması mexanizminin nə qədər effektiv olduğunu bir daha göstərir. Əhalinin banklara artan etimadı şəraitində əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradır. Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsilə iqtisadiyyatın səmərəlilik, hesabatlılıq və şəffaflıq imkanları genişlənir", - deyə o qeyd edib.

V.Qasımlı deyib ki, Prezident İlham Əliyevin qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, həm də potensial əmanətlər üçün təşviq mexanizmidir: "Əmanətlərin tam sığortalanması gələcəkdə xüsusilə manatla əmanətlərin həcminin artmasına zəmin yaradacaq. Azərbaycan manatının regionda ən sabit valyuta olması və ölkəmizdə inflyasiyanın aşağı həddi şəraitində əhali üçün banklarda əmanət yerləşdirmək daha əlverişlidir. Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması əhalinin banklara etimadını daha da gücləndirəcəkdir. Prezidentin həyata keçirdiyi digər uğurlu iqtisadi islahatlar kimi əmanətlərin tam sığortalanaması barədə qərar da ilk növbədə əhalinin maraqlarının təmin olunmasına və insan amilinə xidmət edir. Prezident İlham Əliyevin qərarı həm də bankların maraqlarına uyğundur. Çünki dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində üstəlik əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir avantajdır. Qlobal və regional səviyyələrdə iqtisadiyyatda baş verən proseslər fonunda Azərbaycanda əmanətlərin tam sığortalanması ölkəmizdə maliyyə sabitliyi və bank sisteminin dayanıqlığı üçün əlavə bir imkandır. Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır. Məsələn, qonşu ölkələrdən Gürcüstanda 5000 lari (3 200 AZN), Rusiyada 1.4 milyon rubl (36 000 AZN), Türkiyədə 100 000 lirə (32 000 AZN) və Qazaxıstanda 15 milyon təngə (66 000 AZN) məbləğinədək əmanətlər sığortalanır. Bu limiti keçdikdə isə yalnız limit qədər olan əmanət məbləği sığortalanır. Bundan başqa, ABŞ-da 250 000 dollar (425 000 AZN), Kanadada 100 000 dollar (170 000 AZN), əksər Avropa İttifaqı ölkələrində 50 000 avro (100 000 AZN), Malayziyada 250 000 rinqit (104 000 AZN) və Estoniyada isə 100 000 avro (200 000 AZN) həcmində olan əmanətlər sığortalanır. Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qoruyur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar