Sabunçuda icra başçısı-deputat qarşıdurması

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin kürəkəni Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb.

Rayonda nüfuz sahibi olan millət vəkilini hədələyən icra başçısı onun qarşıdan gələn seçkilərdə deputat seçilməsinə imkan verməyəcəyini bəyan edib.

Bununla bağlı informasiya Editor.az-a özəl mənbələrdən daxil olub.

Mənbə iddia edir ki, konfliktin yaranmasına səbəb Kürdəxanı, Bilgəh və Pirşağı sakinlərinin icra başçısının qanunsuz fəaliyyəti ilə bağlı deputata şikayət etməsi olub. İcra başçısını sakinlərin problemlərini həll etməyə çağıran millət vəkili hədəf götürülüb və rayondakı bütün qurumlara Hacı Qalibin əleyhinə iş aparmaq tapşırığı verilib.

Hacı Qalib Salahzadənin sayta verdiyi açıqlamada millət vəkili icra başçısı ilə arasında qarşıdurma olması xəbərini təsdiq edib. Lakin bu barədə hələlik ətraflı danışmaq istəmədiyini deyib: “Problem var, amma nədən qaynaqlanıb, hələ ki bu barədə danışmaq istəmirəm. Yaxın günlərdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı geniş müsahibə verəcəm”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti də rəsmi mövqeyini açıqlayıb. Qurumdan bildirilib ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilgəh qəsəbəsində hazırda baş alıb gedən anti-sanitar vəziyyət və abadalıq-quruculuq işlərinin zəif getməsi ilə bağlı Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsini dəyişmək qərarına gəlib. Bu kadr dəyişiklikləri mütəmadi olaraq öz işinin öhdəsindən gələ bilməyən və səriştəsiz icra nümayəndələri ilə bağlı baş verir. Lakin Sabunçu rayonundan seçilən millət vəkili Qalib Salahzadə bu məsələyə qarşı çıxaraq bildirir ki, icra nümayəndəsi mütləq bilgəhli olmalıdır. Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasətini yerlərdə uğurla icra edə bilən hər bir azərbaycanlı, istənilən şəxs istənilən vəzifəni tuta bilər. Burada kiminsə bilgəhli olması bir o qədər önəmli məsələ deyil. Bu, Prezidentin siyasətidir və biz bu siyasətə sadiqiq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar