"İlham Əliyev getməlidir və gedəcək!"- Cəmil Həsənlinin ittiham dolu MÜSAHİBƏSİ

"Saxtakarlığın miqyası elədir ki, onu Ramiz Mehdiyev kimi adı mandat alverində əks olunmuş bir məmurun müsahibəsindəki "demokratiya təcəssümü" ilə aradan qaldırmaq mümkün deyil"

"Ramiz Mehdiyev və onun təmsil etdiyi komanda Azərbaycanın çirkab içərisinə batmış keçmişidir, gələcəyi deyildir"

Seçkidən əvvəl kölgəyə çəkilən Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev seçkidən sonra üzə çıxdı və sensasiyaya səbəb olan müsahibə verdi. PA rəhbəri müsahibəsində seçkinin nəticələrini tanımayan beynəlxlaq strukturları tənqid atəşinə tutmaqla yanaşı, onları şantaj etməkdən də çəkinmədi. Sensasiya da elə budur. Təsəvvür edin, Ramiz Mehdiyev ABŞ-ı seçkini saxtalaşdırmağa cəhddə ittiham edir...

PA rəhbərinin fikirlərini şərh etmək üçün Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli ilə söhbət etdik.

Ramiz Mehdiyevin kənarda qalması da öz mənasını itirib

- Cəmil müəllim, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ABŞ Dövlət Departamenti, habelə digər nüfuzlu təşkilatların 9 oktyabr seçkilərinin qeyri-legitim olduğu haqqında verdiyi rəylər hakimiyyətin baş ideoloqu hesab edilən Ramiz Mehdiyevi də dilə gətirib. Seçkidən sonra onun qəfil səhnəyə çıxması sizcə, nə ilə bağlıdır?

- Mən cənab Mehdiyevin verdiyi müsahibə ilə tanışam və ilk təəssüratım bundan ibarətdir ki, ya o, seçkilərin hansı total saxtakarlıq şəraitdə keçdiyindən xəbərsizdir, ya da onun seçkilər haqqındakı "fəlsəfi düşüncələri" keçmiş kommunist yanaşmasının müasir təqdimatıdır. "Applegate" hadisəsi nəticələrin bir gün əvvəldən elan olunduğun ortaya qoydu və bütün dünya bu rüsvayçılıqdan yazır. Bunlar hələ utanmadan belə bir seçkiyə demokratiya donu geyindirməyə cəsarət edirlər. Azərbaycan hakimiyyəti korrupsiya və rüşvətə adaptasiya olunduğu kimi, seçki saxtakarlığına da adaptasiya olub, bu da hakimiyyətin əsas mənbəyi olan xalqı öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edib. Oktyabr ayının 9-da Azərbaycanda bilavasitə hakimiyyətin mənimsənilməsi hadisəsi baş verib və bu da respublika konstitusiyasına görə Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir. Bundan danışmaq lazımdır.

Konkret olaraq sualınıza gəlincə, mən Ramiz Mehdiyevin fikirlərini onun subyektiv olması barədə mülahizələri bölüşmürəm. ATƏT-in və ABŞ-ın ünvanına səsləndirilən kəskin ittihamlar yalnız Mehdiyevin deyil, bütövlükdə Azərbaycan hakimiyyətinin, ilk növbədə isə saxta yolla seçkilərdə qalib elan olunmuş İlham Əliyevin mövqeyidir. Məsələ burasındadır ki, hakimiyyət bu etirazı mandat alveri ilə bağlı adı beynəlxalq hesabatlara düşmüş bir məmur vasitəsi ilə ifadə etməkdə ciddi səhvə yol verdi. Əslində Ramiz Mehdiyevin 9 oktyabr seçkilərindən kənar saxlanması onun mandat alverində iştirakının beynəlxalq arenaya çıxması və ABŞ Dövlət Departamentinin illik hesabatında, Avropa Şurasının hesabatında onun adının parlament yerlərinin satılmasında hallandırılması ilə bağlı idi. 9 oktyabrda baş verənlər heç bir əndazəyə sığmadığından artıq Ramiz Mehdiyevin kənarda qalması da öz mənasını itirdi və bu minvalla mandat alverçisi saxta seçkinin nəticələrini müdafiə etməklə, ABŞ-ın və ATƏT-in üzərinə getməklə özünün İlham Əliyev rejimi üçün gərəkliliyini nümayiş etdirdi. Bunlar hamısı Azərbaycan xalqını qorxutmaq, Qərbə "xox" gəlmək xarakteri daşıyır və belə mənasız gedişlərin bir nəticə verəcəyini düşünmək sadəlövhlükdür. Bu rejimin mahiyyəti hər kəsə bəllidir və onun gedəcəyi də hər kəsə aydındır. Ramiz Mehdiyev və onun təmsil etdiyi komanda Azərbaycanın çirkab içərisinə batmış keçmişidir, gələcəyi deyildir. 9 oktyabr bu gələcəyi gün kimi ortaya qoydu.

Azərbaycanın adını dünyada rüsvayçılıq simvoluna çevirdilər

- Ramiz Mehdiyev bəyan edir ki, ATƏT-in müşahidə missiyasının 10 oktyabrda səsləndirdiyi rəy bir neçə gün öncədən onlara məlum idi. Bu Nostradamusluğun kökündə nə dayanır?

- Ola bilər, çünki Mehdiyev də daxil olmaqla Azərbaycan rəhbərliyi seçki saxtakarlığına son göstərişləri 9 oktyabrdan bir neçə gün əvvəl vermişdilər və heç nəyə məhəl qoymadan, nəyin bahasına olursa-olsun İlham Əliyevin qalib elan olunması ilə bağlı rayon icra başçılarına MSK, DSK və Məntəqə seçki komissiyalarına müvafiq təlimatlar verilmişdi. Dünya mediasını bürümüş "Applegate" hadisəsi bunun aydın təsdiqi idi. Bu hərəkətləri ilə onlar seçkilərin qeyri-legitimliyini təsdiqləmələri ilə yanaşı, Azərbaycanın adını dünyada rüsvayçılıq simvoluna çevirdilər. İndi bu hadisədən utanıb-qızarmaq əvəzinə hələ bir "demokratik seçki" ifadəsini dilə də gətirirlər. Bunlar anlamırlar ki, İlham Əliyevin üçüncü prezidentliyi anti-konstitusiondur və buna demokratiya donu geyindirmək heç nəyi dəyişməyəcək. Biz seçki təşviqatı dövründə dəfələrlə MSK-ya müraciət etdik ki, qeydə aldığı namizədlərin gəlirləri və onun mənbələri, mülkləri və onun mənbələri haqqında bəyannaməni açıqlasın. Halbuki, namizəd qeydə alındığı andan 24 saat ərzində MSK bunu özü etməli idi və seçki məcəlləsinin tələbi idi. Bəlkə Ramiz müəllim bunun izahın versin ki, MSK qanunun bu tələbini niyə yerinə yetirmədi. Təkcə bu fakt seçkilərin nəticələrinin ləğv olunması üçün yetərlidir.

Saxtakarlığın mənzərəsini öyrənmək üçün baş sındırmaq lazım deyil

- Amma Ramiz Mehdiyev iddia edir ki, 2013-cü ilin prezident seçkiləri demokratiya quruculuğu, Azərbaycanda həqiqətən azad cəmiyyət və hüquqi dövlət yaradılması yolunda irəliyə doğru böyük addım olub.

- Mandat alveri ilə məşğul olan, hakimiyyətin mənimsənilməsi prosesində iştirak edən bir adamda nə məsuliyyət hissi, nə də "azad cəmiyyət və hüquqi dövlət" anlayışları haqqında normal təsəvvürlər ola bilər. Ramiz Mehdiyevi indi bir məsələ düşündürür, yaranmış vəziyyətdən öz mövqelərini bərpa etmək üçün istifadə etsin və onun müsahibəsi də bunun təzahürüdür. Amma seçki saxtakarlığının miqyası elədir ki, onu Mehdiyev kimi adı mandat alverində əks olunmuş bir məmurun müsahibəsindəki "demokratiya təcəssümü" ilə aradan qaldırmaq mümkün deyil. Baxın son illərdə hakimiyyət avtoritarizmi daha da möhkəmləndirdikcə seçki saxtakarlığının miqyası da durmadan artır. Bülletenlərin topa-topa qutulara doldurulması, səslər hesablanarkən ATƏT tərəfindən müşahidə edilən məntəqələrdə neqativ hallar 2008-ci ildə 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz olubsa, 9 oktyabr seçkilərində dairələrinin 58 faizi pis və çox pis kimi qiymətləndirilib. Bu nə deməkdir? Bu o deməkdir ki, ölkənin seçki dairələrinin yarıdan çoxunda seçkilər saxtalaşdırılıb. ATƏT-in müşahidə missiyasının ilkin rəyində əks olunmuş faktlar heç şübhəsiz ki, baş vermiş saxtakarlıq hallarının hamısını əhatə etmir. Bizim ölkəmizdə baş verən seçki saxtakarlığından nəinki ATƏT-in Varşava bürosu, heç CBS telekanalının aparıcısı Cen Uyğur demişkən fələk də baş aça bilməz. Saxtakarlığın mənzərəsini öyrənmək üçün baş sındırmaq lazım deyil. MSK-nın rəsmi saytı hər şeyi açıq-aydın əks etdirir. Məsələn, 81 saylı Beyləqan Seçki Dairəsinin 38 saylı seçki məntəqəsi üzrə 705 seçicinin 323-ü səsvermə otağında, 382-si isə məntəqədən kənarda səyyar qaydada səs verib. Həmin dairənin 39 və 40 saylı seçki məntəqələrində də oxşar nəticələr qeydə alınıb. Birincisində 990 seçki bülleteninin 240-ı səsvermə otağında, 750-si isə məntəqədən kənarda İlham Əliyevin lehinə işarələnib. İkincisində isə müvafiq qaydada 483 seçici məntəqədə, 486 seçici isə məntəqədən kənarda səsvermədə iştirakedib və müvafiq qaydada bütün bülletenler İlham Əliyevin xeyrinə işarələnib. Bu yalnız bir dairənin üç məntəqəsində baş verənənlərdir. Axı necə ola bilər ki, yalnız bir məntəqədə şikəst, əlil, zəlil, hərəkət qabiliyyətini itirən seçicilərin sayı sağlam seçicilərin sayından üç dəfə çox olsun. Zamənəmizin böyük filosofu Ramiz Mehdiyev bunu nə ilə izah edir? Ya bu hakimiyyət etiraf etməlidir ki, əhalinin 75 faizini şikəst vəziyyətinə salıb, ya da özü əqli cəhətdən şikəstdir. Əslində 81 saylı Beyləqan seçki dairəsinin 39-cu məntəqəsinin göstəriciləri 9 oktyabrda baş verənlərin real bir mənzərəsidir və burada 990 seçicidən məntəqədə səs verən 240-ı respublika üzrə seçici fəallığını əks etdirən ən doğru göstəricidir. Seçicilərin 40 faizinin ölkədə olmadığı bir şəraitdə 72 faiz seçici aktivliyi necə ola bilər. Naxçıvanda seçicilərin 40 faizinin yaşayış yerində olmadığı halda 83 faiz seçici aktivliyi necə ola bilər. Hesab edirəm ki, bu məsələ ATƏT-in ilkin hesabatında yanlış getdmişdi. Əgər bir nəfər tərəfindən topa ilə qutuya 50 bülleten atılırsa, belə hallar bütün məntəqələrdə təkrar olunursa, eyni seçici 20-30 məntəqədə səs verirsə, bütün ölkə karuseldə yırğalanırsa, bəzən əlavə seçki siyahıları əsas seçki siyahılarını üstələyirsə bunu seçici fəallığı hesab etmək doğru deyil. Niyə Nəsimi rayonunda yaşayan vətəndaş əlavə siyahi ilə Yasamal rayonunda səs verməlidir? Bunun sirrini Ramiz müəllim bizə də izah etsin. Azərbaycanda seçici fəallığı 20 faiz ətrafında olmuşdur və seçkiyə çıxan vətəndaşların da böyük əksəriyyəti MŞ-nın namizədinə səs vermişdir.

Mehdiyev üçün "şəffaf və azad seçki" anlayışı bilavasitə polis idarəsindən keçir

- Siz saxtakarlıqdan danışırsınız, Ramiz Mehdiyev isə deyir ki, müxalifət seçkilərin yekunlarına əsasən ictimaiyyətə bircə dənə də saxtalaşdırılmış bülleten təqdim etməyib. Bu iddia nə dərəcədə əsaslıdır?

- Görünür Ramiz Mehdiyev xəbərsizdir ki, İlham Əliyevin xeyrinə işarələnib qutulara atılmaq üçün bir gün əvvəl ayrı-ayrı şəxslərə paylanmış möhürlənmiş yüzlərlə bülleten oktyabr ayının 10-da saat 11-də keçirdiyimiz mətbuat konfransında mənim tərəfimdən mətbuat işçiləri qarşısında nümayiş etdirilib və hətta həmin saxtalaşdırılmış bülletenləri oktyabrın 11-də məşhur "Evronyus" kanalı 20-dəfədən çox nümayiş etdirib. Bizim müşahidəçilərin məntəqələrdən topladığı seçki saxtakarlığını özündə əks etdirən 2000-ə qədər sənəd isə səlahiyyətli nümayəndəmiz Gülağa Aslanlı tərəfindən MSK-ya aparılarkən, Azərbaycan hakimiyyətinin bilavasitə qurduğu əməliyyat nəticəsində MSK-nın iclasının keçirildiyi müddətdə Binəqədi rayon polis idarəsində saxlanılıb və yalnız iclas başa çatdıqdan sonra azad edilib. Görünür Mehdiyev üçün "şəffaf və azad seçki" anlayışı xalqın səsindən deyil, bilavasitə polis idarəsindən keçir.

- Ramiz Mehdiyevin müsahibəsində ən diqqətçəkən məqam əlbəttə ki, ABŞ-ın hakimiyyətə "təklifi"dir. Söhbət Milli Şuranın namizədinə 25 faiz, İlham Əliyevə isə 74-75 faiz səs yazılması barədə təklifdən gedir. ABŞ deyilənləri təkzib etdi. Amma maraqlıdır Ramiz Mehdiyev yalandan niyə belə desin ki?

- Mən həmişə demişəm və yenə deyirəm hakimiyyəti mənimsəmiş bu adamlar onun mənbəyini ölkənin içindən onun xaricinə çıxarıblar. Bunlar xalqın müstəsna hüququ olan hakimiyyəti formalaşdırmaq haqqını bir kənara qoyub, millətimizin konstitusion hüquqlarını arxa plana keçirib hakimiyyəti mənimsəmək məsələlərini xarici ölkələrlərdə müzakirə edirlər. Ramiz Mehdiyev bunun izahatın verməlidir ki, xalqın konstitusyon haqqı olan səsvermə məsələlərini, faiz göstəriciləri seçkidən qabaq niyə xarici dövlətlərin nümayəndələri ilə müzakirə edib. Azərbaycanın hakimiyyət orqanları tərəfindən aparılan belə danışıqlar hakimiyyətin İlham Əliyev tərəfindən mənimsənilməsinə xidmət edib və ölkə Konstitusiyasına görə bu Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir. Bu cinayətə görə cavab verilməlidir. Məhz belə əməllərinə görə İlham Əliyev getməlidir və gedəcək!(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar