"YA BİZİ DƏ BURAXIN, YA DA ONU HƏBS EDİN" - Gömrükdəki "dərman mafiyasının" məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda ittiham olunan xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə Əlamət Quliyevin vəkili Bəylər Məmişov müvəkkilinin səhhətində ağır problemlərin olduğunu, bu səbəbdən də onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Anar Məmmədovun vəkili Abuzər Mehrəliyev də vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs barəsində səhhəti ilə əlaqədar həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini istəyib.

Digər təqsirləndirilən Fərman Məmmədlinin vəkili Gülşən Salmanova isə cinayət işinin prokurorluğa qaytarılmasını istəyib: “İttihamda məbləğ çox şişirdilib. Buna görə də, dəymiş zərərlə bağlı ekspertiza rəyləri sübutlar siyahısından çıxarılmalıdır. Dərmanların satışından gələn gəlir hesablanıb, amma dərmanların alınmasına ayrılan vəsait göstərilməyib. Şəxsən mənim müdafiə etdiyim şəxsin burada hansı məbləği mənimsədiyi göstərilmir. Müəyyənləşdirsinlər görək, qeyd edilən məbləği konkret olaraq kim mənimsəyib? Müdafiə etdiyim şəxs hansı qaçaqmalçılıq əməlini törədib? Hansı qaydada iştirak edib? Bu baxımdan hesab edirəm ki, iş yenidən prokurorluğa qaytarılmalıdır".

Vəkil G.Salmanova daha bir vəsatət verərək, təqsirləndirilən şəxs, general-mayor Fikrət Qədiməliyev barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib: "İstintaq dövründə vurulan ziyandan bir manat da ödəməyib. Nəyə görə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, ancaq digərləri həbsdədir? Bu baxımdan hesab edirəm ki, Fikrət Qədiməliyev dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır".

Təqsirləndirilən şəxs F.Məmmədli günahsız olduğunu əsas gətirərək deyib ki, F.Qədiməliyevlə eyni maddə ilə ittiham olunsalar da, general azadlıqda, o isə həbsdədir: “Fikrət Qədiməliyevin ifadəsinin istintaqın gedişatına heç bir müsbət təsiri olmayıb. Nə üçün o azadlıqdadır, biz həbsdə? Ya bizi də buraxın, ya da onu həbs edin".

F.Məmmədlinin digər vəkili Rəşad Mirmehdizadə də bütün təqsirləndirilən şəxslərə münasibətin eyni olması baxımından F.Qədiməliyevin məhkəmə zalında həbs edilməsinin düzgün qərar olacağını deyib.

Təqsirləndirilən Cəmil Mehdiyevin vəkili Əbil Həsənov da cinayət işinə xitam verilərək, işin ibtidai araşdırma orqanına qaytarılması haqqında vəsatət qaldırıb. Vəkil C.Mehdiyevin barəsində həsb qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi istəyib.

Hakim müdafiəçilərin verdikləri vəsatətlərlə bağlı növbəti məhkəmə iclasında qərar veriləcəyini deyib. Məhkəmə prosesi fevralın 14-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Məmmədova məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 manat təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb.

Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən aptekə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki "Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb. İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər. Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Məmmədli, Vasif Xıdırov Cəmil Mehtiyev, Atanur Ateş, Anar Məmmədov, həmçinin Əlamət Quliyev müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

635x100

Şərhlər

EJDER 2019-02-11 18:48:42

HA HA HA ,EDALET MEHKEMESI... MUSTSQIL HECNE YOXDUR......LUKAWENKO CANI

Son yazılar