Müdafiə nazirlərinin Naxçıvan razılaşması nə vəd edir?

Üzeyir Cəfərov: «NATO Türkiyə vasitəsilə Gürcüstan və Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək istəyir»

Azərbaycanın, Gürcüstanın və Türkiyənin müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünün nəticələri maraq doğurur. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Eyni zamanda qərar qəbul edilib ki, müdafiə nazirləri bu formatda hər altı aydan bir görüşsünlər. Danışıqlardan sonra mətbuata məlumat verilib ki, üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi məqsədəuyğun hesab olunub.

Bəs Naxçıvanda təməli qoyulan əməkdaşlıq regionda təhlükəsizliyin təmini üçün yetərlidirmi? Regionda baş verə biləcək fors-major hadisələr zamanı Türkiyənin proseslərə müdaxiləsini gözləmək olarmı? Rusiyanın təməli qoyulan hərbi əməkdaşlığa reaksiyası necə ola bilər?

Bu sualla cavabı hərbi ekspert Üzeyir Cəfərovdan almağa çalışdıq. Ü.Cəfərov vurğuladı ki, baş verən görüş regionda Rusiyanın törədə biləcəyi çətinlikləri öndəmək üçün atılan bir addımdır. Baş verən görüşdə NATO-nun xəttinin daha aydın göründüyünü deyən Ü.Cəfərov vurğalıd ki, NATO Türkiyə vasitəsilə Gürcüstan və Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək istəyir:

«Bu üçtərəfli görüş Gürcüstan və Azərbaycanı öz himayəsi altına almaq məqsədi daşıyır. Rusiyanın isə ola biləcək reaksiyasından qorxmağa dəyməz. Rusiya bir qədər sərt mövqe sərgiləyib, daha sonra susacaq. Rusiya müxtəlfi proyektlər reallaşdırır. Onlar sırasında Avrasiya İttifaqı, Gömrük İttifaqı var. Əlbəttə ki, Naxçıvandakı görüşlə bağlı Rusiyadan sərt reaksiya gələcək. Bu reaksiya yəqin ki, XİN səviyyəsində çatdırılacaq».

Ü.Cəfərov hesab edir ki, bu tip görüşlər Azərbaycanın hərbi rəhbərliyi üçün bir dəstəkdir. Çünki fors-major hallarda Azərbaycanın hərbi rəhbərliyi özünü itirməməli və Türkiyə kimi güclü müttəfiqinin olduğunu bilməlidir.

Bölgədə baş verə biləcək kritik olaylara reaksiyada Türkiyənin ata biləcəyi addımlara gəlincə isə, Ü.Cəfərov vurğuladı ki, Naxçıvan Türkiyənin tam müdafiəsindədir: «Çünki Bakıdan Naxçıvana kömək gəlincə, Türkiyə Naxçıvanı daha yaxşı müdafiə etmək gücünə malikdir».

Soçi görüşündən əvvəl və sonra istər Ermənistandan, istərsə də Rusiyadan səslənən bəyanatlara diqqət çəkən Ü.Cəfərov vurğuladı ki, baş verənlər onu deməyə əsas verir ki, hələ Azərbaycana qarşı Qarabağ kartından çox istifadə olunacaq. Ü.Cəfərovun qənaətincə, ona görə yaranmış situasiyada Türkiyə ilə hərbi əməkdaşlığı dərinləşdirmək ən doğru seçimdir.

/azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar