SİYASİ TERRORİZM: İNSANLIĞA QARŞI CİNAYƏTİN PƏRDƏARXASI - Həqiqi günahkarlar kimlərdir?

Ruşanzadə Ruşan

Siyasi elmlər üzrə fəlsəfə doktoru. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Terrorizm həm bütün forma və təzahürlərinə, həm də miqyqsına görə ən qəddar, qeyri-insani hadisə olaraq qlobal problemə çevrilmişdir. Ona görə ki, o, bir tərəfdən kütləvi insan qırğınına səbəbdirsə, digər tərəfdən uzun əsrlər boyu mümkün vasitələrlə meydana gələn mənəvi dəyərlərin, maddi-mədəni yaradıcılıqların məhvinə yol açıb. Məhz elə bu baxımdan terrorizm varlığın intizamını, ahəhgini pozur, ictimai sistemlərdə, sosial-siyasi instututlarda bərpası mümkün olmayan dağıntılar yaradır. Bu deyilənlər problemin nə gədər aktual olduğunu göstərir. Aktual olan həm də ondan ibarətdir ki, terrorizm, həyata məna verən bütün mənəvi dəyərləri yox etməklə insanı öz müqəddəs təyinatından çıxmış qorxunc vəhşi məxluqa çevirib...

Siyasi terrorun mahiyyəti və təzahürləri

“Terror” anlayışına dair konkret bir tərif olmasa da verilən təriflər sırasında BMT-də bütün millətlər tərəfindən qəbul edilmiş bir tərif vardır. 2001-ci ildə terrora qarşı Beynəlxalq Konvensiya yaradıldı. Həmin konvensiyadakı tərifin yığcam mənası (mahiyyət etibarı ilə) belədir: “terrorizm hökumətləri, beynəlxalq təşkilatları hansısa bir hərəkət etmək məcburiyyətində qoymaqdır”. Başqa sözlə, terror böyük planların bir hissəsidir. Bununla belə, 01.12.2010-cu ildə BMT-nin Terrorizmlə Mübarizə Komitəsinin icraçı direktorunun açıqlamasına görə terrorizmin universal bir tərifinin olmamasının özü də bir problem yaradır.

Müxtəlif təriflərə baxmayaraq terrorizm çox dəhşətli bir hadisədir. Dəhşətli olması həm də onun mürəkkəbliyindən irəli gəlir. Ümumi toplumun baxışı nöqteyi-nəzərilə bir qrup və ya bir cəmiyyət tərəfindən cinayətlər sistemi kimi dərk edilən terrorizm, digər qrup və cəmiyyətlər tərəfindən xilaskarlıq və qəhrəmanlıq kimi başa düşülür. Başqa sözlə, bir ölkənin terrorist elan etdiyi bir təşkilatın hərəkəti başqa bir ölkə tərəfindən “mübarizə, müstəqillik savaşı”, “zəiflərin, məzlumların silahı” kimi tanınır .

Latınca “dəhşət”, “böyük təhlükə”, “qorxu qaynağı” kimi istifadə edilən terror kəlməsinin ən uyğun anlamı “qorxmaq” “diksinmək”, “vahimələnmək” mənasındadır.

XIV əsrdə Fransada “terreur” kimi ifadə olunan fikir ingiliscə “terror” olaraq ifadə edilmişdir .

 

Siyasi terrorizmin aktoru qruplaşma da ola bilər, siyasi hakimiyyət də. Bu baxımdan siyasi terror təkcə xarici siyasət strategiyası kontekstində məhdudlaşmır. O, daxili siyasətdə də törədilir. Belə ki, hakimiyyətdə təmsil olunan siyasətçilər siyasi sistemi təzyiq altına almaq üçün terrorizmi alət kimi istifadə edirlər.

Siyasi terrorizmin ideoloji əsası müəyyən qruplara ayrıla bilər.

  1. Siyasi maraqları təmin etmək istiqamətində hakimiyyətə gəlmək üçün siyasi rəqiblərin sıradan çıxarılması.
  2. İfrat millətçilik və irqçilik.

1520-ci illərdə Avropada “dəhşətə yol açan səbəb” anlamında ifadə edilən terror sözü, 1831-ci ildən etibarən “terror hərəkəti” ifadəsi kimi genişlənmiş və beynəlxalq anlayışa çevrilmişdir. Qeyd edim ki, 05.07.1793- cı ildə Fransada 300 000 insanın həbsi, edilməsi, 17 000 insanın isə amansızlıqla qətlə yetirilməsi terror anlayışının fenomenə çevrilməsinə səbəb olmuşdur.

Empirik baxımdan terrorizmə belə bir tərif vermək olar: bir şəxsi, bir cəmiyyət üzvülərini məhv etməyə, bu kimi digər aktlar törətməyə terrorizm deyilə bilər. Eyni zamanda, siasi terrorizm müəyyən bir qrupun, yaxud, təşkilatın öz azadlıq hüdudlarını aşaraq bir cəmiyyətin, bir dövlətin müəyyən hissəsini şiddət və zor vasitəsilə basqı altına alaraq yönləndirməsidir. Nəticə etibarilə terrorizm siyasi maraqların aləti kimi zor və qorxu hökümranlıgıdır.

Siyasi maraq xarakterli terror təşkilatları və onların törətdiyi hadisələr siyasi elmdə (sözün həqiqi mənasında) çox mürəkkəb və çoxçeşidli bir hadisə olaraq qəbul edilir.

ABŞ-da qurulan The Task Force dövlət güvənlik heyətinə görə terrorizm əsasən altı yerə ayrıla bilər.

  1. “Sivil itaətsizlik; 2. Terror xarakterli aktlar. 3. Qeyri-siyasi terror; 4. Siyasi terror. 5. Sərhədli siyasi terror; 6. Dövlət terroru” 3.

Yuxarıdakı yanaşmanı əsas götürərək (kateqorial olaraq) terrorun digər növlərini də təsnifatlaşdırmaq olar:

  • daxili siyasətdə sağçı və solçu marginallıq
  • hakimiyyətə gəlmək istiqamətində tək hədəfli terror
  • xarici siyasətdəki strateji terrorizm
  • kiber terrorizm
  • narko terrorizm.

Siyasi elmə dair ədəbiyyatlarda “siyasi terrorizm” adətən XX əsrin soyuq müharibələri fonunda baş verən hadisələrlə əlaqədar olaraq göstərilir. Lakin onu da nəzərə almaq lazımdır ki, siyasi terrorizm yalnız soyuq müharibə dövrü kimi yadda qalan XX əsrlə yekunlaşmadı. XXI əsr siyasi terrorun daha geniş füsət aldığı, daha dərin fəsadlar yaratdığı bir dövrdür. Bu kontekstdə siyasi terrorizm özünün əsl mahiyyətini biruzə verdi və bu baxımdan aşağıdakı təriflə şərtlənir.

Siyasi terrorizm hansısa bir hegemon dövlətin digər (qonşu, regional yaxud, hansısa uzaq) bir dövlət üzərindəki iqtisadi-siyasi maraqlarını həyata keçirmək üçün əks tərəfdə qrup və təşkilatlar yaradıb onları yüksək məbləğdə vəsaitlərilə əldə saxlaması, mütəmadi silahlandırması, başqa qrup və təşkilatları, digər rəqib quvvələri məhv etdirməsidir. Eyni zamanda, həmin dövləti zəiflətmək üçün sosial-siyasi instututları sıradan çıxarıb öz siyasi maraqlarını reallaşdırması üçün mənəviyyatsız, əxlaqsız vasitələrlə həmin quvvələri  hakimiyyətə gətirməsidir.

Tərifi əsaslandırmaq və ayrı-ayrı tərəflərini açıqlamaq üçün göstərilməlidir ki, “tənqidi mövqedən çıxış edən mütəxəssislər qeyd edirlər ki, mövcud qloballaşma qütbləşməni (insanlar, ölkələr və regionlar arasında) dəhşətli surətdə dərinləşdirmişdir: bir tərəfdə böyük yoxsullar ordusu, əks tərəfdə isə imtiyazlı və sərvətli azlıq formalaşmışdır. Üstəlik də qeyri-tarazlıq və ədalətsizlik durmadan artır. Heç də təsadüfi deyildir ki, Qərbin özündə, ABŞ da bura daxil olmaqla hal-hazırda həyata keçirilən qloballaşmaya qarşı çıxış edənlər kifayət qədərdir. Onların fikrinə görə bu tip qloballaşma, əgər belə davam edərsə, gələcəkdə yoxsulluğu və qeyri tarazlığı, özgələşmə və destruksiyanı fəlakətli həddə çatdıra bilər. Məsələn, C.Stiqlits, LTrou, Z.Sardar, M.Devis kimi tanınmış alimlər qətiyyətlə söyləyirlər ki, hazırda reallaşdırılan qloballaşma bəşəriyyətin kamilləşmə aləti ola bilməz, o, yalnız kütləvi özgələşmə, qarşılıqlı nifrət, terror və s. fəsadlar ortaya çıxara bilər” 4.

Akademik tədqiqatlara əsaslanan ümumiləşdirmə apararaq demək olar ki, terrorizm elə bir zorakılıq fenomenidir ki, onun təhdidinin özü də artıq (terror edilməmişdən əvvəl) zorakılıq deməkdir. Bu təhdid və zorakılığın əhatə dairəsi heç də məhdud deyil.

Əksinə, çox genişdir. Ona görə də həm fərdi, həm də ictimai-siyasi həyatı əhatə edən əsas dörd terror növü müəyyənləşdirmək mümkündür:

  1. Maddi-ekoloji-iqtisadi terror.
  2. Sosial-ictimai terror
  3. Hüquqi-siyasi terror.
  4. Psixi-mənəvi terror

Valter Loquerurun qeyd etdiyi kimi, “terrorizm günahsız insanları hədəfə alaraq siyasi məqsədlərə nail olmaq üçün qeyri-qanuni olaraq istifadə edilən bir gücdür” . Buradakı “qeyri-qanuni” ideyasını nəzərə alaraq izah edilməlidir ki, qanun hüququn tələbidir. Bu arqumentlə İ.Kantın “hər bir hüqiqi hərəkəti yerinə yetirmək əxlaqın tələbidir” ideyasına müraciət etsək, deməli nəticə alarıq ki, terrorizm hər şeydən əvvəl əxlaqsızlıqdır.

Terrorizmi döyüş metodu kimi də izah edən müəlliflər vardır. Məsələn, Tore Bjorqonu və Fernando Reinaresin fikirlərinin ümumiləşməsi belədir ki, terrorizm müəyyən bir ideoloji hərəkətdən daha çox döyüş metodudurdır və qorxu vasitəsilə başqalarına psixoloji təsirə nail olmaq üçün ilk növbədə qeyri-döyüşçülərə qarşı şiddət tətbiq edilməklə həyata keçirilən hərəkətdir. Məntiqi olaraq burada şiddətli hərəkətin bir neçə növü ifadə edilir. Bu baxımdan mən  əsasən hərəkətin dörd  xüsusiyyətini ayırd edə bilərəm.

  1. Simvolik dəyərlərə və hədəflərə qarşı yönəldilən zorakılığılı ifadə edən gözlənilməz hərəkətlər.
  2. Münasibət və davranışlara təsir göstərə biləcək qorxu və məşəqqət kimi geniş yayılmış qeyri-mütənasib emosianal reaksiyalar yaradan təzyiqli hərəkətlər.
  3. İctimai-siyasi nəzarət əldə etmək üçün mesajlar, təhdidlər,təhlükələr yaradan şiddətli hərəkətlər.
  4. İnsanlara qarşı fərdi qətl və ya kütləvi surətdə məhv aktları törədən hərəkətlər.

Yuxarıda hərəkətlə bağlı diqqət çəkən əsas məqam “qeyri-döyüşçülərə qarşı” məsələsidir. Deməli terrorizmin hədəfində nəzərdə tutulandan daha çox hadisələr var... Başqa sözlə bu fikir empirik olaraq ABŞ-nı Şərq siyasətində özünü göstərdi. Belə ki, C.Buş dövründə İraqda bilavasitə Amerika ordusu işğal aktı aparırdı və çoxsaylı amerikan hərbiçisinin həlak olması onların ailə üzvülərinin, yaxın qohumlarının kəskin etirazına səbəb oldu və nəticədə bu qlobal hadisə kimi geniş bir ictimai rəyə çevrildi. Bundan sonra B.Obama dövründə (Ağ Evin “başbilənləri”nin ssenarisi əsasında) Amerika ordusunu (yaradılan, idarə edilən xaos) İşid əvəz etdi.

 Siyasi terrorizm və reallıqlar

Təsir miqyasına görə dünyanın ən böyük təşkilatı olan BMT-nin hazırda ən zəruri təyinatı hərbi-fiziki terrorun aradan qaldırılmasıdır. Buna nail olmaq üçün isə siyasi terror problemi aradan qaldırılmalıdır.

Siyasi terrorizm siyasi opponentlərə qarşı təzyiq vasitəsi olaraq onları qorxutmaq və əzmək üçün zorakı, silahlı aktların həyata keçirilməsidir və bu metodlar vasitəsi ilə siyasi mübarizə üsuludur. Siyasi terrorun bir sıra subyektləri var. Bunlar əsasən ayrı-ayrı partiyalar, siyasi mübarizənin konstruktiv formalarını qəbul etməyən zorakı təsirləri əsas götürən qruplar və təşkilatlardır.

21.07.2016- ABŞ Dövlət Departamentinin açıqlamasında belə bir məqam varıydı Mark C.Toner qeyd etmişdir ki, Suriyada 12 yaşlı uşağın başını səhvən kəsiblər”. Onun nitqindəki digər bir məqama nəzər salaq: “uşağın başının kəsilməsində yalnız bir nəfərin, baş kəsənin günahı var”. Bu açıqlamanı təhlil etdikdə hadisəyə verilən qiymətin arxasında həqiqi günahkarların pərdələnməsinə cəhddən başqa bir fikir müşahidə edilmir. Həqiqi günahkarlar isə böyük dövlətlərin və böyük qurumların böyük kürsülərində əyləşən istismarçı, sələmçi kapitalistlərdir.

“Vikiliks” tərəfindən üzə çıxarılan gizli yazışmalarda müəyyənləşmişdir ki, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2012-ci ildəki məktublarının birində belə bir cümlə qeyd edib: “... sünnü və şiələrin müharibəsi bizim və bütövlükdə Qərbin işinə yarayır...”

 

Hansı ki, 2011-ci ildə İraqda müsəlmanların müqəddəs şəxsiyyətlərdən olan Həsən Əsgərinin məqbərəsinin dağıdılmasını sünnülərin üzərinə atmaqla sünnü-şiə qarşıdurması yaratmaq istədikdə İraqın görkəmli dini nümayəndələrindən olan Ayatullah Sistani tərəfindən belə bir fətva vermişdir ki, “şiələr və sünnülər qardaşdır, hər hansı bir şiənin hər hansı  bir sünnüyə əl qaldırması haramdır”. Az sonra məlum oldu ki, hadisəni işğalçı, yırtıcı koalisyanın xüsusi qruplaşmaları törədib.

CNN-nin rəhbəri Ted Ternerin ABŞ mətbuatında yer alan “225 milyon insandan ibarət bir dünya arzusu” təsadüfi məsələ deyil, Qərb strategiyasının ifadəsi idi.

 

2004-2009-cu illərdə Böyük Britaniyanın İraqı işğalda iştirakına dair 150000 sənəd üzərində “İraq istintaqı” aparan  Çilkor araşdırmasının nəticəsi kimi hazırladığı hesabatında bir məqam var. Həmin məqamın bir cümləlik ümumiləşdilməsi belədir. Toni Bleyrin  rəhbərliyi ilə hökumət İraqda çox kobud siyasi və hərbi səhvə yol verib. Yeri gəlmişkən vurğulayım ki, Toni Bleyr həmin hadisələrə dair çox peşman olduğunu və Quran oxumağa başladığını açıqlamışdır. Lakin bu, nə kütləvi surətdə məhv edilən dinc əhalinin, nə də qadın və uşaqlardan ibarət ölüm düşərgəsi olan bir bəlalı diyarda törədilən “qəhrəmanlığa” üzr ola bilməzdi.

Həmin dövrdə, yəni dünya dələduzlarının sifarişini icra edən C.Buşl və T.Bleyrin əlbir olduğu vaxtda ABŞ-ın dövlət katibi olmuş, İraqda törədilənlərlə bağlı bəzi hadisələri qələmə alan Madlin Olbrayt “Din və dünya siyasəti” kitabında qeyd etdiklərini -sakit etiraf- (şəxsən mən adlandırardım) adlandırmaq olar. Həmin əsərdə M.Olbrayt  bir məsələni xüsusi vurğulayır ki, “Mərkəzi Kəşfiyyat İdarəsinin bir sıra rütbəli zabitlərinin yalnış, qeyri-dəqiq məlumatları dövləti bir çox cinayətlərə sürüklədi. Bir halda ki, İraqa girməyə heç bir lüzum yox idi...” 

Hazırda terrorizmə “imperiyalizmin fəsadı” kimi də qiymət vermək olar.

Yuxarıda deyilənlərin əsasında belə qənaətə gəlmək olar ki, ABŞ- ın xarici siyasət strategiyası sələmçi kapitalizmdən ibarət iqtisadiyyat, muzdlu döyüşçülərdən ibarət hərbi, mənəviyyatsız aktorlardan təşkil edilmiş diplamatiya üzərində qərarlaşan siyasi realizmi ilə neo-imperializmə söykənir.

Bu arqumentimi əsaslandırmaq üçün ABŞ-ın görkəmli politoloqu Maykl Parentiyə müraciət edə bilərəm. M.Parenti “Seçilmişlər üçün demokratiya” kitabında yazır: “İmperializm elə qarşılıqlı münasibətlər sistemidir ki, bu sistemdə bir ölkənin hakim dairələrinin maraqları  iqtisadi və hərbi gücün, torpağın, əməyin, ressursların, maliyyənin və siyasətin köməyi ilə başqa ölkə üzərində hökmüranlıq edir. Əgər imperializmə belə tərif versək onda ABŞ bəşər tarixində ən amansız imperialist dövlətdir”.

Bu istiqamətdə bir sıra görkəmli alimlərin məntiqi mövqeyi var. Azərbaycan filosofu, professor Əbülhəsən Abbasovun fikrinə görə “ABŞ-ın xarici siyasəti, xüsusən, oğul Corc Buş zamanında bir çox istiqamətlərdən və bir çoxları tərəfindən tənqid edilirdi. Onun birbaşa terrorçu ölkə olmaqda da suçlayanlar da az deyildir. Məsələn, tanınmış yazıçı-publisistlər Z.Sardar, M.V.Devis “Nə üçün insanlar Amerikaya nifrət edirlər?” əsərində yazırdılar: “Dünyanın əksər hissəsi, haqlı olaraq ABŞ-ın simasında terrorçu ölkə görür”... (Сардар З., Девис М.В. Почему люди ненавидят Америку? М. 2003, с. 31.) Anoloji fikirlərlə politoloq C. Stiqlits çıxış edirdi. “Şübhəsiz ki, Amerikaya yönəlmiş “terrogen nifrətin”... real səbəbləri vardır”. (Стиглиц Дж. Глобализация: тревожные тенденции. М. 2003.)                                                  

Yuxarıda deyilənlər hələ əvvəlki onilliyə aid hadisələrə əsasən deyilirdisə, hal hazırkı tarixi müstəvidə isə İraq və Suriya dramında insanlığın ölümü müşahidə edildi... Deməli, terrogen hadisələr daha dərinləşdi, genişləndi və regional hüdudları aşıb qlobal, bəşəri miqyas aldı.

Bu qlobal dramda üç səhnə yer alır.

  1. ABŞ generalı Vesli Klarkın və başqa nümayəndələrin “... İŞİD-i biz qurduq...” kimi etirafı.
  2. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməkdaşı Con Niksonun “Siyasət kəşfiyatı kölgədə qoyur” etirafı.
  3.  Az sonra özünün də qətlə yetiriləcəyi şəraitdə gözləri qarşısında amansızlıqla qətlə yetirilən ata-anasının qanlı cəsədini qucaqlayan, ölüm anında insana, insanlığa nifrət edən körpələrin hələ də bəşəriyyətə çatmayan ahı .

Budur bugünkü dünyanın mənzərəsi.

Bu istiqamətdə vurğulanmalıdır ki, İŞİD  terror təşkilatları şəbəkəsinin maliyyəsi 2015-ci ildə təqribən 2 milyard ABŞ dolları məbləğində olmuşdur. Sual edən varmı ki, bu vəsaitin qaynağı haradır, nədir? Bir halda ki, iqtisadiyyat və Sülh İnstitutunun 2017-ci “Qlobal Terrorizm İndeksi” hesabatına əsasən İŞİD 15 ölkədə 9 mindən çox qətliamla ən birinci terrorçu qrupdur.

Azərbaycan da terrordan, xüsusən siyasi terrordan əziyyət çəkən və böyük itgilər verən ölkələrdəndir. Hələ XXəsrin əvvəllərindən erməni kilsələrinin xarici havadarlarının dəstəyi hesabına silahlı çetelər və təşkilatlar yaradıb İrəvanda, Təbrizdə, Gəncədə, Bakıda, Qubada və bir neçə ayrı-ayrı şəhərlərdə və kəndlərdə Azərbaycan əhalisinə qarşı çoxsaylı terror aktları törətmələri barədə küllü miqdarda dəlil sübutlar vardır.

Bunula belə, Azərbaycanın tarixi torpaqları olan və ərazi bütövlüyünü şərtləndirən Dağlıq Qarabağ müasir dünyanın gözü önündə işğal edilib və hələ də terror birləşmələrinin nəzarəti altındadır. Nəhayət, 25-26.02.1992- ci ildə erməni terrorçuları tərəfindən “Xocalı soyqrımı” törədilmiş və həmin ərazilərdə tarixən analoqu olmayan insanlıq faciələri, bəşəri cinayətlər törədilmişdir. Hətta bu soyqrım aktını törədən terrorçulardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Avropa Birliyindəki çıxışında da etiraf etmişdir ki, “... Xocalıya qədər elə hesab edirdilər ki, biz dinc əhaliyə, qadınlara və uşaqlara rəhm edərik. Amma biz bu stereotipi sındırdıq”. Bu isə öz növbəsində Ermənistanın terrosit hakimiyyətdən ibarət bir terror dövləti olduğuna əyani nümunədir.

Qeyd edim ki, Azərbaycan dövləti daima terrora qarşı olan dövlətdir və bununla bağlı bir çox konstruktiv tədbirlər həyata keçirmişdir. Məsələn, dövlət əhəmiyyətli iki qanuni nümunə göstərmək olar:

  1. “Terrorçuluğa qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”.
  2. "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”. 

Siyasi terrorizim öz mənfur xarakteri ilə artıq ideoloji və praktiki baxımdan beynəlxalq təsirə malikdir. Terrorizm suveren dövlətlərə ən təsirli vasitələrdən biridir. Terrorizim ən təhlükəli və ən pis cinayət növü olmaqla insana, insanlığa qarşı təcavüzdür. Terror insanları məhv etməklə yanaşı bütün maddi mədəniyyət nümunələrini, insani nişanələri yox edir. Bu baxımdan terror bir cəmiyyətin, bir dövlətin, yaxud da hansısa bir qitənin deyil, bütövlükdə bəşəriyyətin və insanlığın fəlakəti və faciəsidir.

Siyasi terrorizm elə bir hadisədir ki, o nəin ki, insan hüquqlarını pozur, eyni zamanda insan hüquqları mühafizəsi sistemlərini dağıdır. Terrorizmlə, xüsusən siyasi terrorla mübarizə kimi insanda vicdan, cəmiyyətdə əxlaq, dövlətdə ədalət meyarlarını müəyyən edən qeyri-zorakılıq və humanizm ideyalarını yaradan maarifçilik hərəkatı aparılmalıdır. Hər halda bu, ümumbəşəri fəaliyyət kimi çox zəruridir.

"AzPolitika" info 

635x100

Şərhlər

R.Ruşanzadə. 2019-02-15 13:01:08

Hörmətli Sara xanım adlı oxucu! Yazıya münasibət bildirdiyinizə görə çox sağ olun.Diqqətinizə çatdırım ki,"köçürüb","plagiat" kimi fikirlərdə ifrat tələsgənlik etmisiniz. Həmin yazı eyni tarixdə digər bir saytda da dərc edilib və orada istinadların elmi mənbəsi göstərilib.Lütfən aşağıdakı kodu axtarışa verib tanış olun. http://strateq.az/arashdirma/322501/siyasi-terrorizm.html Yeri gəlmişkən,İmam Əlini xatırladığınız üçün Sizə öz təşəkkürümü bildirirəm. http://azpolitika.info/?p=229176 Lütfən baxın !

Sara 2019-02-15 13:01:08

Bu yazi haradan kocurulub onun menbeyini xahish edirem yazin hec olmasa orginaldan baxaq. Bu cizma qara gorunur bunun palijiyat dissertasiyasinin bir hissesidir. Terrorun merkezi hemishe yaxin sherq olub. Hesen Sabbah, Mekeni dagidan Gerimet usyanlari ve sair. Imam Ali A.S. terror gurbani olub.

memmed 2019-02-15 13:01:08

Coyden dusen uc almanin ucunu de bir defeye yemeyin.Cunki,-Alimlər: "Gündə cəmi bir alma yemək qanda xolesterini azaldır"

Bəhram Qarabaglı 2019-02-15 13:01:08

Siyasi Terrora dərin istinadlar verilib. 1988-90cı illərdə milyondan çox azərbaycanlı ailəsinin Ermənistandan qovulması Siyasi terrora uygun gəlir. "Qarabag münaqişəsi" isə dinc əhaliyə qarşı geniş qanlı terrorddur! Vəhşi Hərbi genosid yalnız Xocalı və DQMV üzrə deyil, ətraf rayonlarda da aparılıb. Təəssüf doguran etnik müqəddərat adı ilə Azərbaycan xalqına qarşı erməni genosidinə Cinayət İşləri əvəzinə Siyasi rəng verilməsidir? Cənab doktor, operativ BMT həllini yubadan da bu laqeyd münasibət deyilmi?

Son yazılar