Elşad Abdullayevin universiteti hissə-hissə ələ keçirilir

ABU-nun ərazisi tamamilə metro deposunun gözünə qatılır, həbs qoyulan əmlaka müdaxilə var

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ərazisi hissə-hissə sabiq rektor Elşad Abdullayevdən alınır. ABU-nun böyük həyətyanı sahəsi metro deposunun tikintisinə görə plana düşür.

Universitetin ərazisi getdikcə kiçilir və bu massiv deponun gözünə qatılır. Universitet E.Abdullayevin şəxsi mülkü olsa da, əmlaka həbs qoyulub. Onu nə almaq, nə satmaq mümkündür. Müxbirimiz bu ərazidə olarkən öyrənib ki, E.Abdullayevin razılığı olmadan ABU-nun ərazisindən deponun massivi kimi istifadə olunur.

Ərazidə işləyənlər isə deyirlər ki, onlara hara qədər tikinti işləri aparmaq icazəsi verilibsə, ondan kənara çıxmırlar. Universitetə aid yeməkxana sökülüb, ətrafdakı tikililər dağıdılıb. E.Abdullayevin yaxınları mülkün özəlləşdirildiyini açıqlasalar da, əmlaka müdaxilə olunur. Əslində dövlət əhəmiyyətli obyekt söküldüyü halda sahibinə kompensasiya verilməlidir.

Ancaq hakimiyyətlə E.Abdullayev arasındakı konflikt o dərəcə dərindir ki, ABU-nu ondan soruşmadan sökürlər. Bu ali məktəbdə testdən kənar qəbul olunmuş tələbələrin sənədləri isə hələ də prokurorluqdadır. Minlərlə məzun diplomunu ala bilməyib.

Təhsil naziri Mikayıl Cabbarov Şirvanda vətəndaşları qəbul edərkən “Yeni Müsavat”a bildirmişdi ki, ABU məzunlarının problemi qanunvericilik çərçivəsində həll edilməlidir. Amma sabiq rektorla bağlı olduğu üçün məzunların sənədləri prokurorluqdan nazirliyə verilmir.

Xatırladaq ki, 2010-cu il sentyabrın 1-də o zamankı təhsil naziri Misir Mərdanov ABU-nun fəaliyyətinə verilmiş lisenziyanı qüvvədən düşmüş hesab edib və bir müddət sonra rektor Elşad Abdullayev ölkəni tərk edərək Fransaya sığınıb. Onun sonradan mediada dərc olunan məktublarından belə anlaşılıb ki, ABU hakimiyyətdaxili qruplaşmaların oyununun qurbanı olub. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar