Təbrizdə möhtəşəm qarşılaşma: 100 min azarkeş qələbəyə sevindi- Fotolar

Fevralın 15-də Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını Səhənd stadionunda qəbul edib. Musavat.com xəbər verir ki, prinsipial oyun 1:0 hesabı ilə meydan sahibinin xeyirinə başa çatıb. İran üzrə futbol klublarının super liqa yarışlarının 18-ci həftəsində keçirilən görüşün birinci hissəsində heç bir komanda qol vura bilməyib. Azərbaycan komandasına qələbə qazandıran qol oyunun 53-cü dəqiqəsində Əşkan Dejaqe tərəfindən vurulub. Qar və yağışlı hava şəraitinə baxmayaraq, görüşdə 100 min nəfərdən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Möhtəşəm matçı maraqla izləyən “Traxtur” tərəfdarları oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə!”, “Yaşasın Azərbaycan!” və s. milli şüarlar səsləndiriblər.

Gunaz.TV-nin məlumatına görə, “Traxtur” tərəfdarları son vaxtlar tez-tez səsləndirdikləri “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirərək qadınların stadionlara buraxılmasını tələb ediblər.

Oyunun reportyoru dəfələrlə “Traxtur” tərəfdarlarının ünvanına təriflər yağdıraraq onların sayının 100 mindən çox olduğunu elan edib. Məlumata görə, stadionda oyunu izləmək üçün yer olmadığından minlərlə “Traxtur” tərəfdarı ətrafdakı təpələrdən oyunu izləyib, bir çoxları isə qapı arxasında qalmalı olub. “Təsnim” xəbər agentliyi stadiona daxil ola bilməyən “Traxtur” tərəfdarlarının 10 min nəfərdən çox olduğunu qeyd edib. Təbrizdəki coşqunu və azarkeş izdihamını təsdiqləyən fotolar da yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar