“Mən öldürməmişəm...”- Orxan Zeynalov ilkin ifadəsindən imtina etdi

Səfir: “Bizim imkanlarımız var idi ki, xalqı ayağa qaldıraq, ”rus azərbaycanlını öldürdü", “rusları qovun ölkədən” deyək”

Moskvada qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov dekabrın 10-na qədər həbsdə qalacaq. Bu haqda Moskvanın Presnenski Rayon Məhkəməsi oktyabrın 17-də qərar verib. Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz məhkəmədə günahsız olduğunu deyib və ondan polisdə alınan ilkin ifadəsindən imtina edib: “Mən razı deyiləm, mən öldürməmişəm”. Rusiya İstintaq Komitəsinin rəsmiləri isə hakimin diqqətinə O.Zeynalovun məhkəmədən əvvəl verdiyi ifadəsini çatdırıb. Həmin ifadəsində O.Zeynalov Y.Şerbakovun onu yumruqla bir neçə dəfə vurduğunu və qarşılığında bıçağa əl atdığını deyib. Məhkəmədə O.Zeynalov tərcüməçi ilə təmin edilib. O.Zeynalov tərcüməçi vasitəsilə girov ödəmək müqabilində azad edilməsini də istəyib.

“Məsələ isterika vəziyyətinə gətirilib çıxarılıb”

“Baş verənlər mənim üçün iki fərqli tarixdir. Birincisi, baş verən qətl, ikincisi isə meyvə-tərəvəz bazası ilə başlanan olaylar. Bütün baş verənlər Rusiya KİV-ləri tərəfindən isterika vəziyyətinə gətirilib çıxarılıb”.

Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu oktyabrın 16-da “Dojd” telekanalına müsahibəsində deyib. Səfir qətlə yetirilən Yeqor Şerbakovun ailəsinə və yaxınlarına başsağlığı verib. P.Bülbüloğlu qeyd edib ki, səfirlik bu hadisədən xəbər tutan kimi Azərbaycan DİN-in Rusiyadakı nümayəndəsi Rusiya hüquq-mühafizə orqanlarını dərhal lazımi informasiyalarla təmin edib. P.Bülbüloğlu O.Zeynalovun həbsi əks olunan videonun Rusiya telekanallarında yayımlanmasına da münasibət bildirib: “Bütün hüquq müdafiəçiləri internetdə yazır ki, baş verənlər insan hüquqlarının pozulmasıdır. O, xarici ölkə vətəndaşıdır. Ona lazımi qaydada münasibət olmalıydı. Hər şeydən əvvəl ona konsul dəstəyi göstərilməli idi, vəkil və tərcüməçi ilə təmin olunmalı idi. Əgər həmin insan günahkardırsa, qanun çərçivəsində layiqli cəzasını almalıdır”.

Səfir bu qətlin məişət zəminində baş verdiyini vurğulayıb. Deyib ki, Moskvada və dünyanın bir çox meqapolislərində hər gün bu cür qətllər baş verir: “Baxın görün, bu hadisənin ətrafında hansı isterikanı düzəltdilər. Bu gün Moskvada Azərbaycan vətəndaşını öldürüblər. 1986-cı il təvəllüdlü Qaraxanlı Ruslan Arif oğlunun cəsədi bir dayanacaqdan tapılıb. Heç kim heç nə bilmir. Bu, baş verən hadisəyə cavab olub, ya yox... Milli zəmində baş verən qətllər isə əksinə, nadir hadisə olur. İnsanı dərisinin rənginə, milliyyətinə görə öldürürlər. Bax, bu nadir hadisədir. 2012-ci ildə Moskvada dükandan çıxarkən Mətin Mehdiyev adlı bir azərbaycanlını küçədə bıçaqlayıb öldürdülər. Biz həmin vaxt bu hadisədən isterika düzəltmədik ki?! Bakıda 2012-ci ildə milliyyətcə rus olan Boris Sergeyeviç adlı bir şəxs içkili vəziyyətdə qonşuluğunda yaşadığı azərbaycanlı Xəlilov soyadlı birisini bıçaqlayaraq qətlə yetirib. Bizim də mətbuatımız, TV-lərimiz və imkanlarımız var idi ki, xalqı ayağa qaldıraq, ”rus azərbaycanlını öldürdü", “rusları qovun ölkədən” deyək. Biz bunu eləmirdik axı..."

Qətlin “Pokrov” meyvə-tərəvəz bazası ilə əlaqəsini şərh edən səfir deyib ki, Y.Şerbakovun qətlə yetirilməsi hadisəsi ilə meyvə-tərəvəz bazasının bağlanmasını əlaqələndirmək düzgün deyil: “Bir sual vermək istəyirəm. Bu qətli törətməkdə şübhəli bilinən Zeynalov kosmik zavodda işləsəydi, həmin zavodu bağlayacaqdılar?!

Təəssüflər olsun ki, bunlar baş verir. Baş verənləri dövlətlərarası səviyyəyə qaldırmaq düzgün deyil. Mən səfir kimi Rusiyanın daxili işlərinə qarışa bilmərəm. Demək istəyirəm ki, “Pokrov” meyvə-tərəvəz bazası 40 ildir ki, fəaliyyət göstərir. Bu vaxta kimi heç kəs orda zibilin daşınmamasını və digər çatışmazlıqları görmürdü? Miqrasiya xidməti qoy bununla məşğul olsun! Viza tətbiq etmək istəyirlərsə, buyursunlar, etsinlər. Çox güman ki, kimlərinsə burda biznes marağı var".

Səfir Qərbi Biryulevoda məlum qətl hadisəsindən sonra baş verənlərə belə münasibət bildirib: “Qətl hadisəsi oktyabrın 10-da baş verib. Nədənsə iğtişaşlar 3 gün sonra başlayıb. Biryulevo rayonunda baş verən hadisələr zamanı saxlanılanların əksəriyyəti o rayonun sakinləri deyil, digər rayonlardan gələnlərdir. Niyə digər rayonlardan insanlar gələrək başını OMON-un dubinkasının altına qoyur? Normal insan bunu edərmi? Bunu eləmək üçün gərək insan öyrədilsin, motivasiya olunsun. Bu, o deməkdir ki, baş verən hadisələr üçüncü bir qüvvə üçün vacib idi. Azərbaycanla Rusiyanın arasını vurmaq istəyirlər. Əgər bir siyasətçi kimi soruşursunuzsa, bu, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə cavab idi. Bu iki ölkə və xalq arasında münasibətləri gərginləşdirmək üçün edilmişdi. Qabaqcadan demək istəyirəm ki, bu, alınmayacaq”. Qeyd edək ki, səfirlik dünən bununla bağlı bəyanat da yayıb.

“Məsələnin arxasında siyasi motivlər var”

Politoloq Zəfər Quliyev də hesab edir ki, Rusiya prezidentinin Azərbaycana məlum səfərindən sonra bu məsələnin süni şəkildə şişirdilməsi təsadüfi deyil. Politoloqun səfirin fikirləri ilə razılaşmadığı məqamlar da var: “Putin Bakıda İlham Əliyevlə bir sıra görüşlər keçirdi. Bu görüşlər qapalı olsa da, əksər ekspertlər Putinin rəsmi Bakıya dəstəyinin avans xarakteri daşıdığını söylədilər. Putin həmin dəstəyi məlum idi ki, hansısa şərtlərlə verirdi. Güman etmək olar ki, həmin şərtlər sırasında Gömrük və Avrasiya ittifaqlarında iştirak məsələsi olub. Putinin dəstəyinin qarşılığını tək maliyyə ekvivalenti ilə ölçmək düzgün deyil. Bir çoxları bildirirdilər ki, Putin gəldi və istədiyini alıb getdi. Hesab edirəm ki, məsələ daha dərin və ciddidir. Bu gəlişdən siyasi uduşlar alınmalı idi, görünən odur ki, rəsmi Kreml istədiyi uduşu almayıb”.

Z.Quliyev Orxan Zeynalov məsələsinin Rusiya ilə Azərbaycan arasında gizli dartışmaların təzahürü olması fikrini də əsaslı hesab edir: “Rusiyanın şəhərlərində hər gün onlarla belə olaylar baş verir. Orxan Zeynalov məsələsi olmasaydı belə, başqa bir oxşar məsələ bu səviyyəyə qədər şişirdiləcəkdi. Orxan Zeynalov məsələsi məhz lazım olan məqamda baş verib və bundan məharətlə istifadə olunur. Hiss olunur ki, bu məsələni şüurlu şəkildə şişirdirlər. Bu, azərbaycanlılara qarşı kampaniya xarakteri alır və məsələnin arxasında siyasi motivlər var. Sovet dövründə də, sovet dağılandan sonra da Kremlin siyasətində milli kartdan dəfələrlə istifadə olunub. Qarabağ məsələsi də süni şəkildə şişirdildi və müharibə vəziyyətinə gətirildi. Kreml bu məsələdən istifadə edib bir neçə məqsədə nail olmaq istəyir. Rusiya demokratları da deyirlər ki, Orxan Zeynalov məsələsindən siyasi hakimiyyətləri daxili istifadə üçün yararlanır. Belə ki, Rusiya əhalisinin diqqətini siyasi problemlərdən milli problemlərə yönəltmək üçün məsələ qəsdən şişirdilir. Rusiyada insanlar Azərbaycanda olduğu kimi, hakimiyyətdən çox narazıdır, onlar öz həyat səviyyəsindən, avtoritar hakimiyyət və korrupsiyadan beziblər. Kreml ilk növbədə Orxan Zeynalov məsələsindən istifadə edib millətin çox hissəsini zombiləşdirmək, milli ruhu qaldırmaq, xaricdə düşmən axtarışını daha qabarıq şəkildə əhaliyə çatdırıb diqqəti rəsmi Kremldən miqrant məsələsinə yönəltməyə can atır. Yəni rus xalqına təlqin edirlər ki, problemlərin mənbəyi Kreml deyil, miqrantlardır. İctimaiyyəti çaşdırıb, manipulasiya edib istədikləri məqsədə nail olmağa çalışırlar”.

Z.Quliyev deyir ki, məsələdən Azərbaycana qarşı istifadənin konturları açıq görünür: “Putin bu məsələdən bir qədər əvvəl demişdi ki, bazarlarda, iri ticarət obyektlərində nəzarəti gücləndirmək, həmin iaşə yerlərindən yadları çıxarmaq vacibdir. Məişət zəminində baş verən bir hadisənin bu səviyyəyə çıxarılması göstərir ki, proses başlayıb və bundan Azərbaycana qarşı istifadə olunur”.

Politoloqun fikrincə, baş verən hadisədən sonra Rusiyada yaşayan azərbaycanlıların bir çoxu könüllü şəkildə, bir hissəsi də təzyiq altında ölkəyə qayıdacaq. Bu isə Azərbaycanda vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq.

Azərbaycan tərəfi qətldə təqsirləndirilərək saxlanılan O.Zeynalovla görüş almaq üçün Rusiya tərəfi ilə danışıqlar aparır. Bunu keçirdiyi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. E.Abdullayev Azərbaycan səfirliyinin Rusiyada öldürülmüş azərbaycanlı Ruslan Qaraxanlının qətli ilə bağlı istintaqın gedişini də diqqətdə saxladığını söyləyib.

Baş verən olay Rusiya müxalifətinin hakimiyyətlə eyni mövqedə olmasını da ortaya qoydu. Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnıy Moskvada üsyana səbəb olmuş “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasının ardınca paytaxtın başqa rayonlarında yerləşən bazaları da bağlamağa çağırıb.

Rusiya mənbələrinin xəbərlərinə görə, “Pokrovka”nın bağlanmasının ardınca OMON, FTX və Miqrasiya Xidməti Moskvanın digər bazarlarında, o cümlədən “Sadovod”da yeni reydlərə başlayıb.

Rüstəm İbrahimbəyov da Moskvaya etiraz etdi

“Rusiya vətəndaşını öldürməkdə günahlandırılan azərbaycanlı ilə vəhşicəsinə rəftar edirlər və heç bir ölkədə belə işlər aparılmır” - Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Milli Şuranın sədri və hazırda Moskvada işləyən Rüstəm İbrahimbəyov belə deyib. O qeyd edib ki, ortada real fakt olmadan azərbaycanlının adının hallandırılması çox pisdir.

R.İbrahimbəyov qeyd edib ki, Rusiyada nəinki azərbaycanlılara, eyni zamanda başqa millətlərə də münasibət yaxşı deyil: “Hadisələr başlayanda bilmirdilər ki, bu azərbaycanlıdır, ya başqa millətdəndir. Moskva əhalisi də miqrantlardan çox narazıdır. Burada da əsas günah rus administrasiyasındadır. Bu işləri elə görürlər ki, ölkəyə işləməyə gələnlər çox çətin vəziyyətə düşürlər, onlara yaxşı imkanlar yaradılmır, şəraitləri qeyri-normaldır və nəticədə belə cinayətlər olur. İndidən bu məsələlərlə bağlı ciddi iş görülməsə, axırı pis olacaq. Bir tərəfdən Rusiyaya bu adamlar lazımdır, işləri kimsə görməlidir, digər tərəfdən bunu lazımi səviyyədə təşkil etmirlər və çox vaxt da cinayətlərin başvermə səbəbləri bununla bağlı olur”.

“Rusiya Orxan Zeynalov məsələsində özünü biabır etdi”

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyada baş verən olayları şərh edərkən belə deyib. Onun sözlərinə görə, qətldə şübhəli bilinən Orxan Zeynalova qarşı Rusiya polisinin etdiyi vəhşilikdir: “Hətta cinayətkarı da döymək olmaz. Amma Rusiya öz vəhşiliyini nümayiş etdirdi. Digər tərəfdən, hiss olunur ki, Putin rus millətçilərindən qorxur. Çünki Rusiya başçısı ölkədə heç bir qayda-qanun yarada bilməyib. Əhalinin əksəriyyəti pis vəziyyətdə yaşayır”.

Azərbaycanın Gömrük İttifaqına qoşulmayacağı təqdirdə Kremlin məlum hadisələrlə gözdağı verdiyi barədə fikirlərə V.Quluzadə qısaca olaraq belə aydınlıq gətirib:

“Azərbaycan heç vaxt Gömrük İttifaqına daxil olmayacaq”

“Hesab edirəm ki, məsələnin bu müstəviyə gətirilməsi Rusiyadakı azərbaycanlılar üçün yaxşı bir şey vəd etmir” - bunu Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov deyib.

Deputat Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun problemin həlli üçün görə biləcəyi işlərdən də danışıb: “İki ölkə arasındakı münasibətlərdə parlamentlərin rolu böyükdür. Odur ki, bu süni yaradılmış problemin həlli üçün parlamentlərin ciddi fəaliyyətə keçməsini zəruri sayıram”.

Abbas Abbasov da danışdı

“AzerRos” Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov “Dojd” telekanalına müsahibəsində bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar baş verən hadisələrdən çox təəssüflənirlər və heç bir halda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Zeynalovu dəstəkləmirlər.

A. Abbasov deyib ki, “bir nəfərə görə hamının üstündən xətt çəkmək olmaz”: “O, bu cinayəti törədibsə, qoyun, bu sübuta yetirilsin və ona layiqli cəza verilsin. Amma bundan başqa məqsədlər üçün istifadə etmək düzgün deyil. Bu qətldən istifadə edib iğtişaş törədənlər Rusiyanın zəifləməsini istəyənlərdir”.

“Başlandı!!!”

Rusiyanın Sankt-Peterburq şəhərində irqçi qruplar iki nəfəri pul qarşılığında özlərini yaralamaları üçün razı salıblar. Plana görə Qurban bayramı günündə 25 yaşlı Vasliy Baranov və adı açıqlanmayan 16 yaşlı şəxs özlərini bıçaqla, şok silahla yaralayıblar. Daha sonra isə bu iki nəfər öz şəkillərini sosial şəbəkələrdə yayıb və bildiriblər ki, bunu Qafqaz mənşəli müsəlmanlar edib. Onlar bu plan vasitəsilə yerli xalq və miqrantlar arasında yeni qarşıdurmanın yaranacağını düşünüblər. Yerli polis hər iki şəxsi həbs edib. Faktla bağlı cinayət işi başlanıb. Həmin şəxslər irqçi qrup, xalqlar arasına nifaq salmaqda ittiham olunacaqlar.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar