“Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı” – Dələduz qadının ilginc əməlləri

Dərc olunub: 17/02/2019 - 19:12

8d696267b4229cab4ed7e3bef308b9f1Bir neçə nəfərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. Atası alim olan həmin qadın özünü DTX işçisi və fond rəhbəri kimi təqdim edib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Mirzəyeva Sevinc Faiq qızının cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Surə Kərimova dindirilən zaman deyib ki, “Azadlıq” prospektində mağazası olub. O, geyim malları satdığını və Sevinc Mirzəyevanı da müştəri kimi tanıdığını deyib.

Surə Kərimova qeyd edib ki, təqsirləndirilən şəxs bir neçə dəfə ondan alış-veriş edib və bundan sonra da aralarında münasibət yaranıb: “Nisyə də mal götürürdü. Bir müddət sonra gətirib pulunu ödəyirdi. Mənə yaxınlıqdakı binada yaşadığını deyirdi. Həmin bina da əlillər üçün verilmişdi. İki oğlunun olduğunu bilirdim. Münasibət yaranandan sonra Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini dedi. Söylədi ki, əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradılıb. O, fonda rəhbər təyin edildiyini də söyləyirdi. Özünü nazirlərdən birinin yaxın qohumu, etibar etdiyi adamı kimi də təqdim edirdi”.

Surə Kərimova ifadəsinin davamında qeyd edib ki, Sevinc Mirzəyeva əlillər üçün tikiləcək binada tanışlarına ev vermək imkanı olduğunu, həmçinin pensiya düzəldə biləcəyini də söyləyirmiş.
Zərərçəkmiş pensiya düzəltmək üçün Sevinc Mirzəyevaya pul verib: “Mənə pensiya düzəltmək üçün 3 min manat istədi. Mən də əvvəlcə 2 min verdim. Sonra da 250 manat verdim. Cəmi 2250 manat vermişəm”.

Zərərçəkmiş Surə Kərimovaya verilən suallardan məlum olub ki, onun yaxın ailə üzvləri də zərərçəkmişdir. S.Kərimova kürəkəni Taleh Quliyevin əlillər üçün tikilən binadan ev almaq və gömrükdə işə düzəlmək məqsədi ilə Sevinc Mirzəyevaya pul verdiyini deyib.

Qeyd edib ki, Sevinc Mirzəyeva kürəkənini gömrüyə işə düzəltmək üçün 10 min istəyib: “Sevinc ilk olaraq işə düzəlmək üçün lazım olan sənədlərlə birlikdə 2 min manat lazım olduğunu deyib. Sonra bildim ki, həmin 2 minin əvəzinə kürəkənim ona mal verib. 1500 manatlıq kondisioner və 500 manatlıq geyim əşyaları verilmişdi”.

Surə Kərimovanın dindiriıməsindən sonra maraqlı məqamlar üzə çıxıb. Hakim xatırladıb ki, ötən prosesdə Sevinc Mirzəyeva ifadə verən zaman bu işlərin günahkarı kimi Surə Kərimovanı göstərib. Sevinc Mirzəyeva deyib ki, Surə Kərimova onun adından istifadə edib və bir neçə nəfərdən pul alıb.

“Surə məni öz qohumlarına DTX işçisi kimi təqdim edib. Çünki özü deyirdi ki, qohumları ona inanmır. Buna görə də mənim adımdan istifadə edib pul alıb. Mən heç kimə pensiya düzəltmirdim”- deyə Sevinc Miryeva qeyd edib.

Surə Kərimova isə deyilənlərin yalan olduğunu söyləyib: “Mən elə söz deməmişəm. Onun DTX-da işləmədiyini mən öyrənmişəm. Orada tanışlar var idi. Öyrənəndə dedilər ki, Sevinc Mirzəyeva adlı işçi yoxdur. Onu öyrəndim ki, Sevinc alim Faiq Mirzəyevin qızıdır”.
Bundan sonra Sevinc Mirzəyeva danışıb və Surə Kərimovanın ünvanına ittihamlar səsləndirib: “Surənin oğlu Vergilər Nazirliyində işləyirdi. “Topaz”da 130 min uduzduğuna görə işdən çıxarmışdılar. Borcluların əlindən oğlunu bağda gizlədirdi”.

Məhkəmədə digər zərərçəkmiş Alimə Məmmədova da ifadə verib. Alimə Məmmədova deyib ki, Sevinc Mirzəyevanı mağazada işləyən Surə Kərimova vasitəsi ilə tanıyıb: “Mən müştəri kimi Surənin mağazasına gedirdim. Uzun zaman idi, onu tanıyırdım. Mənim qardaşım Qarabağ döyüşçüsüdür. Ona pensiya düzəltmək istəyirdim. Qardaşım bu vaxta qədər imkan vermirdi ki, ona pensiyası alaq. Deyirdi ki, pensiya almaq üçün döyüşməyib. Artıq vəziyyəti ağırlaşıb. Bir gün Surənin mağazasına gələndə onun telefonla danışdığını gördüm. Çox sevinirdi. Danışığını bitirdi və biz söhbət elədik. Söhbət qardaşımın xəstəliyindən düşdü. Mənə qardaşıma pensiya düzəltməyi təklif elədi. Sevincin bu işu görəcəyini dedi. Mən də razılaşdım”.

Alimə Məmmədova suallara cavab verərkən məlum olub ki, o, qızına, qayınanasına da pensiya düzəltmək, əlillər üçün tikilən binadan ev almaq üçün də pul verib. Onun ümumilikdə 19500 manatı Sevinc Mirzəyevaya verdiyi məlum olub. Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, Sevinc Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir. Sevinc Mirzəyevanın əməli məhkəmə istintaqında sübuta yetirilərsə, onu üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.








loading...


Fikrinizi bildirin