Cəmil Həsənli Avropa Şurasının insan haqları komissarı ilə görüşüb

Oktyabrın 17-də Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli Avropaya səfəri çərçivəsində öz rəsmi görüşlərinə Strasburqda davam edib. Bu barədə musavat.com-a C.Həsənlinin seçki qərargahından xəbər verilib.

Bildirilir ki, həmin gün o Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muizneks ilə görüşərək Azərbaycanda keçirilən son prezident seçkiləri və habelə insan haqqlarının vəziyyəti barədə geniş müzakirə aparıb.

Görüş zamanı Cəmil Həsənli təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan 9 oktyabr seçkilərinə ilk dəfə olaraq 140-dan artıq siyasi məhbusla gedib.

O, REAL hərəkatının rəhbəri İlqar Məmmədov, Müsavat partiyasının rəhbərliyində təmsil olunan Tofiq Yaqublu və Yadigar Sadıqov, jurnalistlər Pərviz Həşimli, Əvəz Zeynallı və Hilal Məmmədov, tanınmış vəkil Qurban Məmmədov, Nemət Pənahlı, ilahiyyatçı Taleh Bağırzadə və habelə NİDA gənclər həərkatının fəallarının saxta ixttihamlarla həbs olunduğunu bildirərək komissarın bu həbslərə xüsusi diqqət ayırmasını xahiş edib.

Professor Həsənli Azərbaycanda siyasi cəhətdən fəal olan şəxslərə və xüsusilə gənclərə qarşı narkotika ittihamının və insanların evinə və maşınına silah atılmasının kütləvi xarakter almasından öz narahatçılığını bildirib.

AŞ İnsan Haqları Komissarı Nils Muizneks, öz növbəsində adı çəkilən siyasi məhbusların işləriylə yaxından tanış olduğunu və onları diqqət mərkəzində saxladığını söyləyib.

May ayında Bakıya səfəri zamanı Kürdəxanı təcridxanasında İlqar Məmmədov və NİDA-çı gənclərlə görüşdüyünü bildirən komissar bu həbslərin qeyri-qanuni olduğunu və heç bir hüquqi əsasa söykənmədiyini bir daha vurğulayıb.

Sonra müzakirələr 9 oktyabrda keçirilmiş prezident seçkilərindəki saxtakarlıqlar ətrafında davam etdirilib və Nils Muizneks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəyininin ATƏT-in müşahidə missiyasının rəyindən fərqlənməsinə öz təəssüfünü bildirdi.

Cəmil Həsənli 9 oktyabr seçkiləri zamanı Azərbaycan vətəndaşlarının seçki hüququnun kobud şəkildə pozulduğunu, xalqın öz iradəsini azad şəkildə ifadə edə bilmədiyini, informasiya məhəl qoyulmadığını, bütövlükdə 9 oktyabrda seçki adı altında hakimiyyətin mənimsənilməsinin baş verdiyini ifadə etdi.

Görüşdə həmçinin seçkilərin nəticəsinin bir gün əvvəl elan olunması (AppGate qalmaqalı) , onun legitimliyinin şübhə altına alınması üçün yetərli olduğu qeyd olundu.

Görüşdə son olaraq noyabr ayında Vilnüsdə keçiriləcək Avropa Birliyi və Azərbaycanın da daxil olduğu keçmiş sovet ölkələri arasında assosiativ üzvlüklə bağlı toplantıda qoyulacaq öhdəliklər arasında insan haqqları və azad seçki kriteriyasının daha açıq şəkildə vurğulanmasının zəruriliyi ifadə olundu.

Görüşlərdən sonra Parisə gedən Cəmil Həsənli oktyabrın 18-də Bakıya qayıdacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar