BAKIDAKI SƏNƏDSİZ BİNALARLA BAĞLI QƏRAR VERİLDİ - "Kupça"sız binalar problemi həll olunur!

Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

-Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Bu Fərmanın 1.1-ci bəndinə əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək; bu Fərmanın 5.3-cü bəndində verilmiş tapşırığın icrasını nəzarətdə saxlasın və Əmlak Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlərə əsasən, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı zəruri tədbirlər görmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini təmin etməli; istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun mütəmadi yenilənməsini təmin etməli; Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 gün müddətində təqdim olunmasını təmin etməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı onların döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsində Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərməli; istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etməli; istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etməlidir.

Yerli icra hakimiyyəti orqanlarına bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan rəy onlara təqdim edildiyi hallarda həmin rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərmək tapşırılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi zamanı mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlıq baxımından aktlaşdırılmasını təmin etməklə Fövqəladə Hallar Nazirliyinə zəruri kömək göstərmək; istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etmək tapşırılıb.

Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

“Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı vətəndaşların və MTK-ların illərlə yığılıb qalan qeydiyyat problemini həll edəcək, üstəlik bürokratik əngəllər aradan qalxacaq, büdcəyə daxilolmalar artacaq”. Bunu virtualaz.org-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı söyləyib.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən edilib.

 

Osmanlının sözlərinə görə, uzunmüddətli qeydiyyat problemi olan çoxmənzilli binaların istismara qəbulu Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində olub. “Bakı Şəhər İcra Hakimiyyəti sənədlərində müəyyən çatışmazlıq, qüsurlar olan çoxmənzilli binalara istismar aktı verməkdən imtina edirdi. Tikinti şirkətləri isə müəyyən səbəblərdən bu məsələni Allahın ümudinə buraxırdılar. Vətəndaşlar özləri müvafiq qurumlara, ölkə başçısına müraciət edərək problemin aradan qaldırılmasına çalışırdılar. İndi isə artıq bu məsələ birbaşa dövlət nəzarəti altında həll ediləcək”, - Osmanlı qeyd edib.

 

Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində binaların siyahıya alınmasını həyata keçirməli və binaların istismara yararlı olub-olmaması haqda rəy verməlidir. Ekspert deyir ki, bu rəy müsbət olduqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin istismara qəbulla bağlı müraciətdən imtina etmək səlahiyyəti olmayacaq: “Xeyli bina vardı ki, Fövqəladə Hallar Nazirliyi istismara qəbul edilməsi ilə bağlı müsbət rəy verib, amma meriya sənəd verməkdən imtina edib. Artıq bu problem də öz həllini tapacaq. Beləliklə, hansı binaların kı, istismara yararlı olmasına dair rəy verilib, həmin binaların problemi aradan qalxacaq”.

Bununla yanaşı, istismara yararlı olmayan binalardakı qüsurların aradan qaldırılması, təkrar müraciət məsələləri də asanlaşacaq. Belə ki, fərman MTK rəhbərlərinin qüsurların aradan qaldırımasından sonra Fövqəladə Hallar Nazirliyinə təkrar müraciət etmələrinə imkan yaradır. “Bir sözlə, binaların istismara qəbulu, həmçinin qeydiyyat məsələsi artıq asanlaşdı. Bəzi hallarda korrupsiya elementləri ilə bağlı şikayətlər də vardı, onlar da aradan qalxacaq, nəticədə, büdcəyə daxilolmalar artacaq”, - R.Osmanlı deyib və əlavə edib ki, bu fərman çoxmənzilli binaların problemlərinin həllində əsaslı rol oynayacaq.

635x100

Şərhlər

Abdulqadir - Kamil 2019-02-19 20:30:57

,,Mehsul,,stadionu kichik olsa bele böyük derdlerin ilacidir.

Sumqayitdan Eli Memmedov 2019-02-19 20:30:57

hormetli hokumet bawcilari, Sumqayitin rehberi Zakir Ferecov sumqayitda Aslan adli tikinti mafiozuna dur deyen olacaq ya yox? bu adam binani tikir xalqa satir ve sonra yene deyir binada menimdir ,menzilde menimdir,nece isteyirem komunal teleb edirem, nece isteyire, burani idare edirem.Prezidentin serencami var Yeni tikilen binalarin sakinleri ozleri secki yoluyla ozlerne MMC yaradir ve ya belediyye vasitesi ile bina idare olunur, bes bu serencami Aslan saya salmir niye Zakir Ferecov tedbir gormur?

Kamil 2019-02-19 20:30:57

Bu qrar FHN-nin rüşvətinin qabağını almaq üçündür? Gecikmiş qərar deyil? Bəs qeydiyyatı olmayan evlərdə yaşayan vətəndaşlar seçkilərdə necə və hansı siyahi üzrə iştirak ediblər? Əgər binada yaşayan əhali pasport qeydiyyatında ola bilməyiblərsə,deməli seçkidə də iştirak edə bilməzdilər.Elə buradan saxtakarlıq görünür.

Son yazılar