Milli Şura Müstəqillik Gününü qeyd etdi -Fotolar- YENİLƏNİB

Elçibəyin məzarını ziyarət olundu; Müsavat Partiyasında toplantı keçirildi

Demokratik Qüvvələrin Milli Şurası 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər. Şuraya daxil olan partiya liderləri və fəallarının iştirakı ilə təşkil olunan anım törəninə Elçibəy ideyalarının daşıyıcı olan gənclər də qatılmışdılar. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Bozqurd Partiyasının sədri İsgəndər Həmidov Elçibəyin məzarı başında çıxış etdilər. Lidelər xalqımızı Milli Müstəqillik Günü münasibəti ilə təbrik etdikdən sonra müstəqilliyimizin qazanılmasında Əbülfəz Elçibəyin xidmətləri böyük və əvəzsiz olduğunu vurğuladılar.

Müsavat başqanı İsa Qəmbər Elçibəyin məzarı başında qeyd etdi ki, müstəqilliklə bağlı Azərbaycan tarixində iki gün var: “Onlardan biri 28 May - müstəqilliyin əldə edilməsi, digəri 18 oktyabr müstəqilliyimizin bərpa olunduğu gündür. Hər iki günün öz memarı var. Müstəqilliyimizin əldə edilməsinə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları rəhbərlik edirdisə, müstəqilliyimizin bərpa edilməsi prosesinə Əbülfəz Elçibəy rəhbərlik etdi. O böyük bir xalq hərəkatı formalaşdırdı və ona rəhbərlik etdi. Kimsə özündən yeni kəşf etməsin. Kimsə özünü memar, bani hesab edə bilər. Amma, heç kəs Rəsulzadə və Elçibəyin müstəqilliyimizin qazanılması və bərpa olunmasındakı böyük rolunu dana bilməz. Bizlər Rəsulzadə-Elçibəy yolunun yolçularıyıq. Ötən ildə bizlər bu yoldan heç bir zaman kənara çıxmadıq. Artıq gənclər də bizimlə birgə, çiyin-çiyinə bu yolu addımlayırlar. Bilirik ki, bundan sonra da bu yolun davamçıları var. Minlərlə gənc bu yola sadiqdir və bu mübarizəni davam etdirəcək. Bizlər hər il 18 oktyabrda Elçibəyin müqəddəs məzarı başına gələrək hesabat veririk. Qələbə çox yaxındır. Biz mənəvi qələbəni qazanmışıq, növbəti hədəf faktiki qələbədir. Çətinliklərlə bərabər bizim mübarizəmiz də davam edir. İnsanlarımız azad-fiərvan yaşayacaq. Biz buna yaxın zamanda nail olacağıq”.

Daha sonra çıxış edən Milli Bozqurd Partiyasının sədri İsgəndər Həmidov 75-77-ci ildə Elçibəyin həbsi ilə bərabər milli azadlıq mübarizəsinin cücərdiyini söylədi: “Növbəti ildə bir neçə fəal iti öldürüb Leninin Azadlıq meydanında olan heykəlinin boğazından asmışdılar. Xalqın azadlıq istəyi qarşısında Sovet kimi imperiya duruş gətirə bilmədi. Milli Azadlıq Hərəkatının böyüməsində Elçibəyin böyük rolu oldu. Əbülfəz Elçibəy bizi qələbəyə apardı. O şəhiddir, ölməyib. Şəhidlər heç bir zaman ölmür”.

AXCP sədri Əli Kərimli qeyd etdi ki,18 oktyabr tariximizin şanlı səhifələrindən biridir: “Bu böyük gün tariximizdə böyük əziyyət və mübarizə bahasına gəlib. Vaxtı ilə böyük Rəsulzadə yoxdan bir cümhuriyyət qurdu. Müstəqilliyimizi biz o zaman qazandıq. Daha sonra böyük Əbülfəz Elçibəy itirdiyimiz müstəqilliyimizi bizə qovuşdurdu. İndi bəziləri deyir ki, onsuz da sovet imperiyası dağılacaqdı. Siz neyləmisiz ki?... Bunu o vaxt milli azadlıq hərəkatında iştirak etməyə cəsarət etməyənlər deyir. Biz müsətiqlliymizə asan nail olmamışıq. Xalqın seçilmiş üzvləri, nümayəndələri bizə müstəqillik qazandırmaqla yanaşı, şərəfli bir tarix yazıblar. Nə qədər başımıza ağır işlər gəlsə də, içimizdə özümüzə inamsızlığın yaranmasına imkan verməmişik. Biz Azadlıq meydanına milyonları toplayan şəxslərik”.

Müstəqillik Günü ilə bağlı tədbir daha sonra Müsavat partiyasında davam etdirildi. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhuna sayğı duruşundan sonra davam etdi. Çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirdi ki, millətlərin bel sütünü hər zaman dövlət quruculuğu olub: “Müstəqil və demokratik dövlət önəmlidir. Bunu biz ilk dəfə babalarımız sayəsində 1918-ci ildə nail olmuşuq. Müstəqilliyimiz bərpasında Elçibəylə çiyin-çiyinə mübariəz aparan fədakar insanların çoxu bu zalda bizimlə birgə əyləşib. Müstəqilliyimizi bizim əlimizdən ala bilməyiblər və ala da bilməyəcəklər. Müstəqillik yolunda gedən və mübarizə aparan insanlarımız var. Rəsulzadə-Elçibəy ideyalarına sadiq insanların sayəsində millətimizin bütün problemlərini həll edəcəyik. Biz Azərbaycanımızın adını dünya dövlətlərinin sırasına qatacağıq”.

İsa Qəmbər bildirdi ki, müstəqilliyi heç bir xalq hədiyyə olaraq almayıb: “O zaman tarixi vəziyyət özü bizim ölkəmizi müstəqilliyə doğru aparırdı. Həmin dönəmdə Azərbaycan, Ukrayna, Gürcüstan və Baltik dövlətləri xalqlarının azadlıq istəyi olmasaydı biz öz müstəqilliymizə nail ola bilməyəcəkdik. Biz bütöv bir qüvvə kimi, bir yerdə bu müstəqilliyi qazanmışıq. Hər zaman deyirəm ki, bu prosesin iştirakçıları öz xatirələrini yazmalıdırlar. Hqiqət yazılmalıdır. Bu şanlı tarix gələcək nəsillərə çatdırılmaldır. Bizim sıramızda tarix yazan şəxslər var. Gələcək nəsil onlardan bu tarixi öyrənməlidir”.

“Xalqa divan tutulur, ölkəni müstəmləkə kimi idarə edirlər”

Müsavat başqanı sözü istiqlalçı deputat Hacıbaba Əzimova verdi. O bildirdi ki, müstəqillik və azadlıq böyük nemətdir: “Xalqımız bu yüksək amal uğrunda mübarizə aparıb. Müstəqilliymizi əldə etdikdən sonra dünya birliyi bizim bu müstəqilliyimiz tanıdı. Müstəqilliyi əldə edən xalqımızın ölkənin sərvətlərindən faydalanmağa da haqqı var idi. Lakin, bu belə olmadı. Vaxtı ilə müstəqilliyin əleyhinə çıxanlar hakimiyyəti ələ keçirdilər. Bu müstəqilliyin bərpasında canla-başla mübarizə aparan insanlara qara yaxdılar. Ölkənin sərvətlərini çapıb-taladılar. Biz indi müstəqil dövlət olsaq da, insanlarımıza qarşı repressiya hələ də davam edir. Xalqa divan tutulur, ölkəni müstəmləkə kimi idarə edirlər. Haqqın tələb edəni şərləyib həbsə atırlar. Bu nə vaxta kimi davam edəcək?”.

H. Əzimov bildiri ki, 18 oktyabr Milli Müstəqillik Günü bayram kimi qeyd olunmalıdır: “Vaxtı ilə Hadi Rəcəbli parlamentdə qaldırdığı təkliflə qərar verildi və bu gün iş günü kimi qeyd olundu. Xalq kimin kim olduğunu yaxşı bilir. Xalq müstəqilliyin bərpa olunmasında əvəssiz xidmətləri olan istiqlalçı deputatların xidmətlərini yüksək qiymətləndirir. Xalq yenidən öz iradəsini ortaya qoyacaq və xalqımız bu antimilli hakimiyyətdən xilas olacaq”.

İstiqlalçı deputat bildirdi ki, bu hakimiyyətin saxta olmasını xalq 9 oktyabr seçkisində gördü: “Milli Şura Cəmil Həsənlinin simasında göstərdi ki, bu hakimiyyət saxtadır. Mən əminəm ki, biz qələbə qazancağıq. Xalq haqq-ədalətin, bizim tərəfimizdədir”.

“Min şükür ki, bu hakimiyyət bizə bir damcı su da vermir”

Milli Bozqurd Partiyasının sədri İsgəndər Həmidov milli azadlıq hərəkatına qara yaxanları sərt şəkildə tənqid etdi: “Azərbaycan Xalq Cəbhəsinin sayəsində xalqımız öz müstəqilli əldə etdi. Biz xalqımızın 20 Yanvar qırğınınında azadlıq eşqi ilə alışıb-yandığını və necə mübarizə apardığının şahidi olduq. Yaranmışların axırı var. Bu ölkədə heykəllər yıxılanda demokratiyanın zirvəsi olacaq. Tarixdən ibrət götürməyənlərə, tarix özü cəhhənəmi göstərəcək. Min şükür ki, bu hakimiyyət bizə bir damcı su da vermir. Onların verəcəyi bir damcı su belə zəhərdir. Biz tankın, topun qarşısına sinəsini vermiş xalqıq. Biz hakimiyyətə gələndə ölkəmiz xarici borcun içində üzürdü. Hakimiyyətdən gedəndə ölkəmizin bir manat xarici borcu yox idi. İndi Azərbaycanda doğulan körpənin belə xarici ölkəyə borcu var”.

İstiqlalçı deputatlardan Arif Hacılı isə vurğuladı ki, xalqımız müstəqilliyi öz canı və qanı bahasına qazanıb: “Faktiki olaraq Azərbaycan xalqı öz mübarizəsi ilə Sovet İmperiyası tərkibindəki digər dövlətlərin azad olmasına səbəb oldu. Bu proses öz-özünə baş verməyib. 18 oktyabra gedən yol uzun bir yoldur. 20 Yanvar faciəsi bu yolun pik nöqtəsi idi. Azərbaycan xalqının bu mübarizəsi bu gün də davam edir. Bu xeyirlə şərin mübarizəsidir. Leninin, Şaumuyanın, Kirovun heykəllərinin qoyulmasına Heydər Əliyev başçılıq edib. Şaumyanın adına rayon belə var idi. İndi həmin şəsxslərin xələfləri Azərbaycanda hakimiyyətdədir”.

Arif Hacılı bildirdi ki, Elçibəy hakimiyyəti beş il də davam etsəydi Azərbaycan dünya dövlətlərinin arasında bu dəqiqə ən öndə gedən ölkələrdən biri idi: “Bu hakimiyyətin apardığı siyasət nəticəsində bizim bütün işlərimiz yarımçıq qaldı. Biz bu xalqın içindəyik və bu xalq görə məsuliyyət daşıyırıq. Onun gələcəyini fikirləşirik. Əlimizdən gələni edəcəyik ki, bu cəmiyyət azad və firəvan yaşasın”.

Növbəti çıxışçı, sabiq millətvəkili Gültəkin Hacıbəyli bildirdi ki, bu bayramı az sayda bir insanın qəbul etməsindən aslı olmayaraq bu bizim ən əziz bayramımızdır: “Hər bir xalqın müstəqillikdən böyük arzusu və istəyi ola bilməz. Bu müstəqillik bizim sərvətimizidir. Bu bayramın dövlət səviyyəsində qeyd olunmaması hakimiyyət üçün utancverici bir hadisədir”.

Tədbir növbəti çıxışlarla davam etdi.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar