“Azərbaycana olimpiya medalı gətirəcəyəm” – Nazim Babayev

Dərc olunub: 20/02/2019 - 14:47

650cb309-dbe9-4d26-88b5-63e541e1b890Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya yarışları bu ilin iyulunda başlayacaq.

Bu barədə “Report”a azərbaycanlı atlet Nazim Babayev məlumat verib. Üçtəkanla uzunluğa tullanma yarışlarında iştirak edən 22 yaşlı idmançı lisenziya qazanmaq üçün ən azı 16,95 metrlik nəticə göstərməli olduğunu vurğulayıb.

O, həmçinin dünyada 32 ən güclü atlet arasında olmağın vacibliyini qeyd edib: “Bu nəticəni Azərbaycan çempionatı da daxil olmaqla, müxtəlif beynəlxalq turnirlərdə göstərmək olar. Bunlara Avropa, dünya çempionatları və hansısa Brilliant Liqa da daxildir”.

Babayev bu vəzifənin öhdəsindən gələcəyini vurğulayıb. O, “Tokio-2020″də medala da ümid etdiyini söyləyib: “Real danışsaq, ən azı, ilk “3-lük”də yer almaq istəyirəm. Qızıl medal demirəm, amma hansısa əyarlı medal qazanmaq niyyətindəyəm. Bir atlet kimi Azərbaycana olimpiadadan medal gətirə biləcəyimə inanıram”.

Gənc idmançı son olaraq iştirak etdiyi və gümüş medal qazandığı Balkan qış çempionatı barədə də danışıb. O, həmin yarışın özü üçün uğurlu alınmadığını deyib: “İstədiyim kimi alınmadı. Yarışın əvvəlində qaçış məsafəmdə bir az problem oldu ki, bunu da gec aradan qaldırdım. Uğurla tullana bilməsəm də, bu, mənim qış mövsümü üçün ən yaxşı nəticəmdir. Amma daha artığını bacara bilərəm. İlk növbədə, hədəfim “qızıl” idi. Gümüş medalı qənaətbəxş hesab etmirəm”.

Yeniyetmə və gənclər (U-23) arasında Avropa çempionu olan atlet fevralın 27-də qış Avropa çempionatı üçün Şotlandiyanın Qlazqo şəhərinə yollanacağını bildirib. Yarış isə 1 – 3 martda olacaq.

N.Babayev üçtəkanla uzununa tullanma növü ilə məşğul olmaq istəyənlərə səbrli olmağı tövsiyə edib: “Hər bir atlet ilk növbədə öz üzərində işləməli və məşqlərə laqeyid yanaşmamalıdır. Bu növlə məşğuliyyətdən ötrü fanat olmalısan. Atletikaya 6 yaşımdan başlamışam. Həmin vaxt valideynlərim məni bura yönəldiblər. Ondan sonra isə marağım yaranmağa başlayıb. Hazırda elə gün yoxdur ki, məşq barədə fikirləşməyim”.

Təlim-məşq toplanışları üçün Türkiyənin Antalya bölgəsini seçmə səbəblərinə də toxunan gənc atlet deyib: “Ora bizim üçün ən əlverişli yerdir. Toplanışa hər qış və yay mövsümündən öncə yollanırıq. Qış mövsümündən əvvəl iki təlim-məşq toplanışı keçmişəm. Yarışlar bitəndən sonra isə apreldə yenə həmin məkanda hazırlıq prosesində olacağam”.








loading...


Fikrinizi bildirin