Vəkil Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşına bəraət istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbəribə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Əhmədovun vəkili Samir Əsədov müdafiə çıxışı edib.

O, müvəkkilinin əməlində cinayət tərkibinin olmadığını, Cinayət Məcəlləsinin adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələri ilə verilən ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyini bildirib.

Vəkil söyləyib ki, zərərçəkmiş Hörmət Əsgərovun döyülməsi ilə bağlı verilən ekspert rəyi də əsassızdır: "Əvəz Əhmədov Hörmət Əsgərova biznes məqsədi ilə verdiyi pulu tələb edib".

O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Ə.Əhmədovun digər vəkili çıxış üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin olunub.

Xatırladaq ki, prokuror çıxışında Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar