"Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub" - Rəsmi statistika

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Rəsmi hesabatda bildirilir ki, 2019-cu ilin yanvarında Azərbaycanda 5 milyard 929,5 milyon manatlıq və ya əvvəlki ilin ilk ayı ilə müqayisədə 2,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 2,7 faiz, neft sektorunda 3,2 faiz artıb.

Əlavə dəyərin 45,9 faizi sənayedə, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 5,6 faizi tikintidə, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 17,2 faizi digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizinə bərabər olub.

Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manat göstərilir.

Hesabata əsasən, 2018-ci ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 1,2 faiz, bitkiçilik məhsullarının istehsalı 43,6 faiz artıb.

2019-cu ilin yanvar ayında əsas kapitala 868,7 milyon manat məbləğində, yaxud 2018-ci ilin müvafiq ayı ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilib. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcminin 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyaların 1,9 faiz artdığı vurğulanır.

Ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi yaşayış evlərinin tikintisinin payına düşüb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 66,6 faizini daxili vəsaitlər təşkil edib.

Nəqliyyat sektoruna gəlincə, 2018-ci ilin yanvarı ilə müqayisədə yük daşınması 2,1 faiz, sərnişin daşınması 1,2 faiz artıb.

İnformasiya və rabitə xidmətlərinin həcminin dəyər ifadəsində 5,6 faiz artdığı, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizinin qeyri-dövlət sektorunun payına düşdüyü vurğulanır.

Yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 6,1 faiz artaraq 3 milyard 800 milyon manata çatıb.

Dövlət büdcəsinə 2 milyard 97,1 milyon manat vəsait daxil olub, büdcədən 1 milyard 269,1 milyon manat vəsait xərclənib.

Mərkəzi Bankın məlumatlarına görə, yanvarın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 20,3 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 12,2 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği yanvarın 1-nə 8 milyard 375,4 milyon manat göstərilir.

635x100

Şərhlər

buzlaq 2019-02-20 19:52:38

3,8 mlrd. qazanc olub. Xub əla!! Millət sevincdən ... Ona görə də mitinqə icazə vermədiniz. Deyə bilərsinizmi ki, xərclərimiz nə qədər olub???? ..

İstehlakçı 2019-02-20 19:52:38

İqtisadi rəqəmlərin belə dolaşıq terminlərlə buraxılmaması və ya Mütəxəssis-ekspertindən keçməsi faydalı olardı? 3,9 milyardın hansı hissəsi rəsmən əhaliyə, hansı hissəsi sahibi-iş verənlərə və işbazlara qalır? Hətta bütün məbləgi ailələrə bərabər böləndə 1500 man(918 dol) hansı reytinqi verir? Burada sənayenin 45,9% əlavəsinin natural ifadədə hansı çeşidlərdən ibarət olması əhalinin sosial soragındadır!

Son yazılar