“Putinin təhdidlərinin heç bir ciddi əsası yoxdur… – Zərdüşt Əlizadə

Dərc olunub: 21/02/2019 - 21:49

zerdust“Prezident Vladimir Putinin ABŞ-ı açıq formada təhdid etməsinin Rusiya üçün dağıdıcı nəticələri olmayacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Ekspert hazırkı situasiyada dünyanın iki supergücü arasında müharibə ehtimalının olmadığını bildirib:
“Buna görə də hesab edirəm ki, Putinin təhdidlərinin heç bir ciddi əsası yoxdur. Rusiya Amerika ilə, Amerika da Rusiya ilə oyun oynayır. Qarşılıqlı təhdidlər də bundan irəli gəlir, nəticədə hərə öz işini görür. Nə ABŞ Rusiyanı, nə də Rusiya ABŞ-ı vuracaq. Çünki bu iki ölkə zəmanətli şəkildə bir-birini məhv etmək gücündədir. Heç biri ölmək istəmir, ikisi də yaşamaq istəyir.

Amma siyasi gediş onu göstərir ki, iki dövlət bir-birini hədələməlidir və bunu da edirlər. Belə təhdidlərə fikir vermək və ciddi qəbul etmək lazım deyil. Mən şəxsən bu hədələrə fikir vermirəm. Bu, siyasi cəhətdən cahil olan adamlar üçündür, mən isə özümü siyasi cahil saymıram”.

Zərdüşt Əlizadə vurğulayıb ki, ABŞ dünyanın yeganə hegemon gücü olmaq istəyir və heç kəsin ona qarşı çıxmamasına çalışır:

“Rusiyanın hakim siyasi zümrəsi isə deyir ki, “Rusiyanı biz özümüz yeyəcəyik, özümüz dağıdacağıq, siz də bizim işimizə qarışmayın”. Eyni zamanda ABŞ şirkətlərinin Rusiyanın neft resurslarının istismarındakı rolu durmadan artır. Krım və Donbasın ələ keçirilməsindən sonra Rusiyaya qarşı silsilə cəza tədbirləri həyata keçirilir. Buna adekvat olaraq, Rusiyanın Avropa ölkələri ilə ticarət və iqtisadi əlaqələri xeyli dərəcədə zəiflədi, amma ABŞ-la bu istiqamətdə əlaqələr gücləndi.

Luqansk, Donetsk və Krımın Rusiyanın nəzarətində olmasına baxmayaraq, Moskvanın Ukrayna ilə də siyasi və iqtisadi əlaqələri sürətlə inkişaf edir. Habelə Cənubi Osetiya və Abxaziyanın işğal edilməsinə baxmayaraq, Rusiya və Gürcüstan arasında da belə əlaqələr genişlənir. Rus kapitalı Gürcüstan bazarında öz yerini gücləndirir. Yəni, belə təhdidlərə ciddi yanaşmaq lazım deyil”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı bu ölkəyə raket zərbələri endirməklə təhdid edib. O, açıq təhlükə vəziyyətində Amerikanı nüvə başlıqları ilə təchiz edilmiş “Siklon” raketləri ilə vuracaqlarını da istisna etməyib.








loading...


Fikrinizi bildirin