Özünü körpüdən atmaq istəyən şəxs: "İcra başçısı məni aldadıb" - [Yenilənib]

Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Sadiq Nəsirovla apardığı danışıqlar nəticə verib və o, fikrindən daşındırılaraq körpüdən düşürülüb. Hadisə yerinə onun ailə üzvləri də gəlib. Qeyd edək ki, intihar etmək istəyən şəxs hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olan Lütfəli Babayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olarkən ondan aldığı 65 min dolları qaytarmadığını iddia edir.

* * *  

Bu gün Bakı metrosunun "Koroğlu" stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən şəxs şikayətini ancaq millət vəkili Qənirə Paşayevaya çatdıracağını bildirib.

 Lent.az bununla bağlı millət vəkili ilə əlaqə saxlayıb. Qənirə Paşayeva bildirib ki, məsələdən xəbəri var:

"Rayonda mənə güclü soyuq olmuşdu, müalicə olunurdum, sistem qoşdurmalı idim, halım da yoxdu. Bu səbəbdən də bu gün işə çıxmamışdım, evdə idim. Biraz əvvəl zəng edib belə bir məsələnin olduğunu dedilər. Əgər belə bir vəziyyət yaranıbsa, köməyimə kiminsə ehtiyacı varsa mütləq getməliyəm. İndi yoldayam, həmin əraziyə gedirəm. Əlbəttə ki, gedib ona qulaq asmalıyam".

  * * *   

12:40

Metronun "Koroğlu" stansiyası yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs danışıb.

Bizimyol-un məlumatına görə, həmin şəxs külli miqdarda pulunun icra başçısı tərəfindən mənimsənildiyini deyib:

"Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa". 

* * * 

12:23

Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxsin adı məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs Sadiq Nəsirovdur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri S. Nəsirovu fikrindən daşındırmaq üçün danışıqlar aparır.

 * * *  12:05 Bakıda kişi intihara cəhd edir. APA-nın məlumatına görə, metronun “Koroğlu” stansiyası yaxınlığında kişi intihar etmək məqsədilə körpüyə çıxıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar