KİTABLARIN VERGİ YÜKÜ

Dərc olunub: 24/02/2019 - 12:41

talibliMəhəmməd Talıblı

İstisnasız olaraq hər ay 2-3 dəfə kitab satışı şəbəkələrinə gedirəm. İllərlə formalaşdırdığın bu ənənədən böyük zövq aldığımı açıq deməliyəm. Cəmiyyətdəki dərdlərimizi daha dərindən dərk olunması və bir az da təskinlik verildiyi yer kimi də ora baxmaq olar. Bu məkanlar gərgin iş qrafikimə əlavə güc qatır, məna verir. Bununla təkcə yeni kitabların nəşrlərini əldə etmirəm, həm də orada dincəlirəm. Kitablarla tanışlıqdan sonra yorulan kimi kofemi götürüb sakit bir yerdə əyləşib tənəffüz edirəm. Almaq istədiyim kitabları vərəqləyirəm. Onları maraq dairəmlə əlaqələndirəm. Tanışlarla, bəzən isə orada tanış olduğum şəxslərlə ayaqüstü söhbət edirəm.

Mənəvi baxımdan dirilik suyu içib sanki oradan çıxıram. Bu baxımdan kitablar dirilik suyu, kitabxanalar isə həmin suyun içildiyi yer sayıla bilər. Yazını yazarkən spontan olaraq ağlıma gələn bu fikir deyəsən, özümü də düşündürdü… Gecələr sakit mühitdə işləyərkən,sanki quşların uçuş səslərin də hiss edə bilirsən. Hardan qala fikirlərin quş qatarı olaraq beynindən uçduğun zamanları… Sakitlikdə fikir qatarından uçan hansısa “quşları” tuta bilirsən.

Ötən həftə satışda olan kitabımla bağlı müdiriyyətin xəbərdarlığı maraqlı oldu; yeni ildən bizdən tələb edirlər ki, həm satılan kitaba görə, həm də kitabı satılan şəxs vergiyə cəlb olunacaq. Rəsmi qayimə yazmalıdır. Rəhmətliyin oğlu kitab yazan biznes subyektidir ki? Vergilər Məcəlləsində bir sıra dəyişiklikərdən xəbərdaram. Yeni qanunun tələbinə görə, bu ildən ofisiiantlar, evlərdə qulluq işləri görənlər və bərbərlər də sabit vergi ödəyiciləri sırasına daxil edilirlər.

Milyard manatlarla ölçülən iqtisadiyyatdan gizlədilən pulların nəhayət ki, mənbələri tapıldı. Gözləriniz xeyir, arkadaşlar. Evrika! Qeyri-leqal iqtisadiyyatın miqyasın genişləndirən elə bu şöğərib sosial qruplar imiş ki… Kitab yazanlar azdır, istəsəniz lap elə kitab oxuyanları da vergiyə cəlb edin. Qoyun, bu ölkənin aydınları birdəfəlik zülmətə qərq olsun.

3

Qaranlıq tuneldə işıqlı insanların nə işi var ki?

Maraqlı cəmiyyətik… Kitab müəlliflərini bu işdə qazanclarının olmadığı halda nə üçün kitab yazdığına görə qınayırlar. Kitab oxuyanları da eyni ittiham formasında: guya oxuyub kim olub və nə qazanacağı ilə bağlı qınamaqda davam edirlər. Bu ölkədə təkcə kitab oxuyanların yox, elə kitab yazanların da halı çox zor…

Kitab yazmaq bir əzab, kitabı satmaq bir əzab, az oxucusu olan kitabdan heç bir gəlir əldə etməmək başqa bir əzab… Buna “Sizif əməyi” də demək olar. Az oxucusu, az gəlirli, kitaba marağın da az olduğu, lakin bununla bərabər dövlətin heç bir dəstəyinin olmadığı ölkədə kitab yazanlara sadəcə fədakar və qəhrəman insanlar kimi baxmalıyıq. Azərbaycanda kitab yazanların ürəyini partladacaq bir nümunəni yazmaqdan özümü saxlaya bilmirəm.

Norveçdə kitaba və yazara münasibət

Bu ölkə Azərbaycan kimi təbii ehtiyatlarla zəngin ölkədir. Lakin bizdən fərqli olaraq resurs pullarından olduqca səmərəli istifadə etməyi bacararaq dünyada uğurlu model olaraq qəbul olunur. Bu ölkənin adı Norveçdir. Norveçdə yazarlara rəsmi dövlətin münasibəti belədir.

76

Əgər Norveçdə bir nəfər kitab yazmaq istəyirsə, dövlət bunun üçün həmin şəxslə “qrants” adlı müqavilə bağlayaraq ona aylıq olaraq əməkhaqqı müəyyənləşdirir. Müəllif kitabı yazıb qurtarana qədər o, bu maaşı alır. Kitab çap olunandan sonra dövlətin dəstəyi bununla da dayanmır. Dövlət kitabxanalarında müəllifin yazdığı kitabın təbliğatı üçün böyük imkanlar yaradır.

Norveç dövləti həmin kitabların müəllifdən 1000 ədədini satın alaraq müxtəlif kitabxanalara paylayır. Dövlətin bu dəstəyinin hansı nəticələr doğurduğunu uzun illər müşahidə etməyimə baxmayaraq hansı üstünlüklərlə səciyyələndiyini tam dəqiqləşdirə bilmirdim. Dövlətin bu cür dəstəyinin son illərədək hansı performanslar doğurduğunu apardığım araşdırmalardan tapa bildim.

Bu zaman 2 amil əsas indikatorlar kimi çıxış etməyə başladı. Hər iki indikator bu nəticələrə gətirib çıxardı:

Birincisi, dövlət səviyyəsində bu tip təşviq tədbirlərinin bir ucu ölkədə sürətlə kitabların sayının dünya ölkələri ilə müqayidə artmasına;
İkincisi, isə norveçlilərin daha çox kitab oxumasına;

Son illərdə dünyada hər evdə ortalama kitabların sayını əks etdirən hesabat yayılıb. Bu hesabata görə, ön sıralarda Estoniyada 218, Norveçdə 212, Çexiya 204, Danimarka 192, Rusiya 154, Türkiyə 27 ədəd kitab var. Deməli, Norveçdə kitab nəşrinə olan bu qayğı vətəndaşların kitab almaq marağını artırıb ki, bu da hər evdə ortalama olaraq kitab sayının artmasına gətirib çıxarıb.

Başqa bir hesabata görə isə, Norveç yenə də nəinki ilk beşliyə, hətta lider ölkəyə çevrilə bilmişdir. Həmin hesabatın nəticələrinə görə, dünyada adambaşına ən çox kitab oxuyan ölkə də Norveç sayılır. Yüksək həyat keyfiyyəti, yaşam standartı və rifah göstəricilərinin göz qamaşdırması bir yana, asudə vaxtın çoxluğu, (bu ölkədə iş saatı 6 saat endirilib) həyatdan zövq almaq fürsətlərini və kitaba marağı da artırıb.

Kitabsızlıqdan itirən cəmiyyət və kitabdan qazanan dövlət

Bu qədər kitab mövzusuna həssas olan bir cəmiyyətdə dövlət nəinki, maliyyə alətləri vasitəsilə bu fəaliyyət növünə dəstək verməlidir, hətta həmin sferanı subsidiyalaşdırmalıdır. Lakin, bizdə dövlət buna nəinki yaşıl işıq yandırmır, işıqforda naşirlərin qırmızı işıqda geçməsin gözləyir.

6

Dəqiq xatırlayıram ki, 2011-ci ildə Azərbaycan Yazıçılar Birliyi ölkədə kitab satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) aradan qaldırılması üçün parlamentə müraciət ünvanlamışdı. Müraciətin üstündən 8 il vaxt keçib. Kitab satışına tətbiq olunan nə ƏDV (18%) aradan qaldırılıb, nə də idxal olunan kağız məmulatlarına olan rüsumlarda dəyişiklik baş verib.

Gəlin sadə bir hesablama aparaq. Deməli, bir nəşriyyat hətta xaricdə kitab çap etdirib ölkəmizə gətirisə və ya çap məhsullarını ölkəyə idxal edirsə, bu zaman o idxal rüsumu üçün 9%, Əlavə Dəyər Vergisi üçünsə 18% ödəməlidir. Nəşriyyat işçi heyət üçün digər ödənişlərindən əlavə, öncədən hələ 27%-lik vergi və qeyri-vergi ödəmək məcburiyyətində qalır. Kitabdan bu qədər qazanmaq istəyən dövlət quurmlarının əlindən nəşriyyat çap etdirdiyi kitabı 50 faiz bahasına satmalıdır ki, kiçicik bir gəlirə sahib olsun. Vətəndaşda məhz bu istehlakçının ödəməli olduğu vergi yükünü öz çiyinlərinə götürməyə məcburdur. Ona görə, bizdə kitablar od qiymətinədir, əziz həmvətənlər. Kitabdan bu qədər qazanmağa iddialı dövlətin cəmiyyətin kitabsızlıqdan nə qədər itirdiyinin fərqindədirmi?

Dünyanın ən inkişaf etmiş ölkələrində kitablara nəinki yüksək vergi dərəcəsi tətbiq edilmir, hətta bəzi ölkələrdə onlar vergilərdən azad olurlar. Mənəvi qida mənbəyi olan kitaba tətbiq olunan vergi yükü lüks mal və xidmətlərin “içindən” çıxarılır. Dövlətin fiskal qurumları (yığım funksiyasını həyata keçirənlər) rentabelli sektorlar da obrazlı desək, qaza az toxunmaqla daha çox tük yolmaq kimi “vergi incəsənətini” məharətlə yerinə yetirirlər. O zaman isə daha çox “yumurtadan yun qırxmaq” düşüncəsinə yer qalmır. Ona görə, kitab nəşri fəaliyyətinə yalnız simvolik vergi “toxunmalarından” danışa bilərik.

Büdcə daxilolmalarında cəmiyyətin maariflənməsinə xidmət edən iqtisadi fəaliyyətə biznes sahəsindən daha çox, maariflənmə kompaniyasının tərkib hissəsi kimi baxılmalıdır. Bundan dövlətin qazancı vergilərədən daha çox maariflənmədən yana olmalıdır. Çünki, maariflənmiş cəmiyyətdə həmdə sabahın potensial vergi ödəyiciləri formalaşır. Onların içərisindən özünün ideyaları, yaradıcı münasibəti və innovativ düşüncəsi ilə ölkənin iqtisadi inkişaf maşınına özünün tövhəsini verəcək insanlar yetişir. Bu baxımdan təhsilə, maariflənməyə biznes kimi baxılmağın tərəfdarı deyiləm. Çünki, iqtisadi nəzəriyyədə təhsil – kvaziictimai nemətlərdən sayılır. Yəni, o hətta özəl təhsil sektoru olsa belə, onu nə birmənalı biznes kimi, nədə ictimai nemət kimi təsnifləndirmək olar. Çünki, bunda hər ikisinə aid əlamətlər var.

Eyni zamanda büdcənin daxilolmalarında o qədər vergi və qeyri-vergi ödəmələri ilə bağlı mənbələr var ki, onlardan istifadə edilsə, çox vacib strateji əhəmiyyətli sahələrin kitab nəşriyyatı ilə bağlı bütün növlərin vergidən azad olması və ya simvolik vergi dərəcəsinin tətbiq edilməsi mümkün ola bilər. Əslində, verginin tətbiq olunmasının iqtisadi fəlsəfəsi həmin sahənin iqtisadi inkişafığını stimullaşdırmaq üçün “qıcıq” rolun oynamasıdır. Əgər dövlət həmin sahənin inkişafın təşviq etmək isitəyirsə, o zaman orada fiskal güzəştləri azaltmaqla həmin sferaya ictimai resursların axınını stimullaşdıra bilər. Sonradan həmin yeri dolduran potensial sahibkarlıq subyektlərindən daha artıq vergi toplamaq imkanı əldə edər.

Amma sərt vergi rejimi tətbiq edilsə, bu həmin sahədə uzunmüddət durğunluq və inersiyanın hökm sürməsinə gətirib çıxaracaq. O baxımdan mən şəxsən onun tərəfdarıyam ki, kitabların satışı üzrə ƏDV-nin yükü nəinki azaldılsın, birmənalı olaraq aradan qaldırılsın. Azərbaycanda kitablara tətbiq olunan ƏDV-in aradan qaldırılması həmin bazarın təşəkkül tapmasına qədər fasilə verilə bilər. Bu indiki halda olduqca vacibdir.

Dində məscid, elmdə kitabxana

Yeni ildən biz yeni aydınlıqlara yox, bəlkə də daha çox qaranlıqlara qərq olacağıq. Ölkə rəhbəri kitabxanalarla bağlı bir fərman imzalayib. Bu fərmanın tələbinə görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilərək, kitabxana sisteminin yenidən təşkili ilə bağlı yeni yaradacaq komissiyaya həvalə olundu. Bu komissiyanın fəaliyyəti isə kitabxanaların başına nə oyunlar açacaq, bilmirik… Amma kitabxanaların başına açılan bir “nümunə” təkcə bizdə deyil. Ürək ağrıdan bir xəbər də qardaş ölkədən gəldi. Belə ki, Türkiyədə ötən il təkcə 552 kitabxana bağlanmışdır.

178cd6827d23

Sevdiyim Azərbaycan filosofu Asif Atanın çox mükəmməl ifadə etdiyi bu fikir iş otağımda asılqandan içəri daxil olanda gözümə tez-tez dəyir: “Dində məscid nədirsə, elmdə də kitabxana odur.” İnanclı insanları Allah evinə aparan nədirsə, elmli və ya elm almaq istəyənləri də kitabxanaya aparan həmin dəyərlərdir. Birincidə inanc dəyərləri, ikincidə elmi dəyərlər dominantdır. O dəyərlərin mənimsənilməsi bəlkə də kamilləşmədən daha çox, cahilləşməyin qarşısını almağa xidmət edir.

Konfutsinin münasibəti çox ibrətamiz görünür. Dahi Çin filosofu Konfutsi oxuduğu kitabın sayına görə dillərdən-dilə dolaşarmış. Konfutsidən onu görənlərdən biri soruşur: “Bu qədər kitab oxumaqla nəyi qazandın, nəyi bildin?” Konfutsi səbrlə ona belə cavab verib: “Nə qədər cahil olduğumu.”

Bizi əsrlərcə keçmişə qaytaran və oradan istədiyimiz marşrut üzrə hərəkət etdirən bir maşın funksiyası daşıyan kitablarla hamıdan daha çox onlarla dostluq etməyimizə ehtiyac var. Onlar təkcə bizi keçmiş dolanbaclarla gəzdirmir, əsrlərlə keçmişə qaytarmır, həm də gələcəyin xəritəsini bizim gözlərimiz qarşısında çəkir. Coğrafi düşüncəmiz olsa və onu oxuya bilsək, gələcək bizimdir. Çünki, kitablar bizə həm də gələcəyi göstərir. Biz isə bəzən nəinki saatlarımızı, bəlkə günlərimizi də televiziya qarşısında keçiririk.

Dünya Səhiyyə Təşkilatının xəstəlik növü kimi təsnifləndirdiyi “internet asıllığı”nın bəzən qurbanı oluruq. Amma “kitab qurdu” kimi xəstəliyə yoluxmağı bacarmırıq. Qardaş Türkiyədə informasiyaya əlçatanlığın müxtəlif üsulları üzrə rəsmi hesabat məni öz cəmiyyətmiz haqqında da düşündürməyə məcbur etdi.

Türkiyə Statistika Komitəsinin yaydığı məlumata görə, Türkiyədə kitab oxunmaya görə adambaşına görə gündə üçün ayrılan vaxt cəmi 1 dəqiqə, televiziya izləməsinə görə 6 saat və internetdə xərclənən zaman isə 3 saat olur. Bəs Azərbaycanda vətəndaşlar dəyərli zaman dilimini necə bölürlər? Sanki evimizdə toy kasetinə baxırmış kimi televiziya məkanı bu qədər məişətə düşüb.

F.Janlisin dəyərli bir fikri var: “Kitab oxuyan insanlar televizora baxan insanları hər zaman idarə edəcək.” Vaxtlarını milli televiziyalar qarşısında keçirən insanların kreditli zamanının necə “yeyildiyinin” fərqindədirmi?

Vaxtın azlığından şikayətlənən kimi, yaxınlarımızı ilk növbədə cinayətkar kimi göz önünə gətiririk. Lakin, özümüz bu zaman diliminin bölüşdürməsində şəxsi intizamsızlığa yol vermirikmi?
Zaman tərəzimizin kitaba tərəf əyilməsi ümidilə…

31.01. 2019








loading...


Fikrinizi bildirin