"Sərəncamla sosial müavinətlər 120-130 faiz artmış oldu" - Nazir

"Son 1 ayın paketi 2 milyon insanı əhatə etdi". Musavat.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamına həsr olunan mətbuat konfransında nazir Sahil Babayev deyib.

Əmək və əhalinin sosial müdafiə naziri söyləyib ki, cənab prezidentin son sərəncamı onun tərəfindən elan edilən islahatlar planının tərkib hissəsidir: "Cənab prezident çıxışında da bildirdi ki, bu il sosial yönümlü tədbirlər daha da genişlənəcək. Sosial müavinətlərin artırılması ilə bağlı sərəncamla əlillərin aldığı vəsait ciddi şəkildə artacaq."Bu sərəncamla birinci qrup əlilliyi olan şəxslər üçün müavinət 82 manatdan 150 manata , eyni kateqoriyadan olan vətəndaşlara verilən prezident təqaüdü isə 73 manatdan 100 manatadək artırılacaq. Aprelin 1-dən etibarən birinci qrup əlillər 300 manat müavinət alacaqlar.

Ümumi səbəbdən ikinci qrup əlilliyi olan şəxslərin müavinəti 61 manatdan 130 manat, üçüncü qrup əlilliyi olanlara 52 manatdan 110 manata çatdırılıb.

Birinci qrup müharibə əlilləri 150 manat sosial müavinət alacaq, prezident təqaüdləri artırılaraq 250 manata çatdırılacaq. Beləliklə, ümumilikdə birinci qrup müharibə əlilləri ayda 400 manat vəsait alacaqlar. İkinci qrup müharibə əlilləri cəmi 360 manat, üçüncü qrup müharibə əlilləri isə 320 manat müavinət alacaq. Birinci qrup əlillərə qulluq edən şəxslərə əlavə 50 manat dəyərində əlavə vəsait veriləcək".

Nazirin sözlərinə görə, sağlamlıq imkanı məhdud olan 18 yaşadək uşaqlar 82 manat alırdılarsa, bu rəqəm indi 150 manata çatdırılır, onlara qulluq edənlərə əlavə 50 manat müavinət veriləcək: "Beləliklə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün dövlətin ayırdığı vəsait 200 manata çatdırılıb, bu rəqəm hazırda 82 manatdır. Bu, ümumilikdə əlilliyi 256 min vətəndaşı əhatə edir. Sosial müavinətlərə əlavə olaraq 250 milyon, təqaüdlərdə isə 26 milyon artım olacaq. Əlilliyi olan şəxslərə pensiyalarla birlikdə artım ümumilikdə 300 milyon manatdır".

S.Babayev bildirib ki, həmçinin sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri nazirlik tərəfindən hazırlanaraq qeyd olunan müddətdə dövlət başçısına təqdim olunacaq: "Bu gün imzalanan sərəncam eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Yaşa görə müavinət 73 manatdan 130 manata artırılır".

635x100

Şərhlər

Pensiyaçı 2019-02-25 18:54:57

Bu artım əslində cərimələrin məbləğinin artırılmasına (minimal əmək haqqının ..misli), bəzi qiymətləndirilmələrdə bahalaşmaya yol açdığını unutmaq doğru olmaz!.Əgər artım nəzərdə tutulursa onu bütün növ müavinətlərə,pensiyalara (məbləğindən asılı olmayaraq) şamil etmək lazım idi.Bu artımın əhalinin əsas təbəqəsinə təsirsiz olduğu görünür. Məsələn,200-250 manat pensiya alanın pensiyasına 5-5.6 manat artım etmək,insanara həqarətdən başqa bir şey deyil.Hələ pensiyaların təyinatında ayrı seçkilik daha iyrəncdir

t.ədalət 2019-02-25 18:54:57

Prezidentin sosial sahədə verdiyi sərəncamın,guya nazir tərəfindən elan edilmiş sosial planın tərkib hissəsidir--kimi təqdim olunması ölkə rəhbərinin humanist qərarlarına gölgə salır.Əslində nazir fikrini belə təqdim etməliydi: "mənim elan etdiyim sosial planlar Prezidentin sərəncamının tərkib hissəsidir".Hörmətli nazir vəızifəcə prezidentə tabe olduğunu,görünür unudub. Nə isə.Dili bilməmək,sahəyə naşı olmaq həmişə adamı çaşdırır..

Son yazılar