Gözlənilməz qiymət artımı

Azərbaycanlı fermerlər üçün çoxlu pul qazanmaq imkanları açılıb

Azərbaycanda boş qalan torpaq sahələri təxminən 400 min hektardan çoxdur. Bunun böyük hissəsi isə əkinçiliyə yararsız vəziyyətdədir. Hazırda Rusiya bazarlarında Azərbaycan məhsullarına ehtiyac yaranıb. Ona görə də bu yararsız torpaq sahələri yenidən bərpa edilməli, Rusiya bazarına çıxarıla biləcək məhsulların istehsalı artırılmalıdır. Əks halda Azərbaycanın daxili bazarında da problemlər yarana bilər.

Bu barədə ANS PRESS-ə aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan fermerlərinin üzünə Rusiya bazarının qapıları açıldığı üçün ölkədə istehsal olunan məhsulların bir hissəsi ixrac olunmağa başlanıb. Azərbaycan bazarlarında həm qıtlığın, həm də qiymət artımının qarşısının alınması üçün bölgələrdə boş qalan torpaq sahələrinin istifadəsinə başlanılmalıdır.

Vahid Məhərrəmov deyir ki, Azərbaycanda boş qalan torpaq sahələri deqradasiya getmiş sahələrdir.

“Həmin torpaqlar gücdən düşərək, şoranlaşıb. Münbit torpaqların hamısında məhsullar əkilir, istehsal olunur. Boş qalan torpaq sahələrinin əkinə yararlı olması üçün müəyyən proqram qəbul etməli, maliyyə vəsaiti ayırmalıdır. Torpaq məhsuldar olduqdan sonra fermer çalışacaq növbəti mərhələlərdə torpaqğın münbitliyini qorusun. Ona görə ki, istehsal etdiyi məhsulu həm daxili, həm də Rusiya bazarlarına çıxararaq xeyli gəlir əldə edəcək”, deyə ekspert bildirdi.

Ekspert həmçinin bildirdi ki, boş qalan torpaq sahələri ilə yanaşı ölkədə olan istixanalardan da geniş istifadəsinə start verilməlidir.

“Azərbaycanda kifayət qədər istixanalar var. Bu istixanalarda məhsuldarlıq hələ də aşağıdır. Hətta digər ölkələrlə müqayisədə 3-4 dəfə aşağıdır. Məhsuldarlığı artırmaq üçün fermerləri bura cəlb etmək lazımdır. Bu istiqamətdə fermerlərin bir sıra ehtiyacları ödənməlidir. Məsələn gübrə, su, elektrik enerjisi, qaza olan ehtiyacları. Əksər fermerlərin bütün bunlarla bağlı ciddi problemləri var və bunu həll etməkdə çətinlik çəkirlər. İstixanalar Sovet dönəmindəki tək yenidən fəaliyyətə başlasa, ölkəmizin daxili bazarlarında qıtlıq yaşanmayacaq və Rusiya bazarına da məhsul çıxaracağıq. Belə olan halda fermerlərin də sosial iqtisadi durumu yaxşılaşacaq. Rusiyada yaşayan azərbaycanlılar da bu işdən gəlir əldə edəcək. Çünki bazarlarda çalışanların əksəriyyəti bizimkilərdir. Ümumiyyətlə, Azərbaycan Rusiyaya təkcə tərəvəzin deyil, meyvə ixracını da artırmalıdır. Çünki Rusiya bazarında buna böyük ehtiyac var”, deyə ekspert qeyd etdi.

Təbii ki, Azərbaycan məhsullarının Rusiya bazarına ixracı bizim üçün sərfəlidir. Espertin dediyi kimi ixrac elə həyata keçirilməlidir ki, daxili bazarda da problemlər yaranmasın, daha doğrusu məhsul qıtlığı və qiymət artımı olmasın. Məsələn, “Yaşıl bazarı”, “Təzə bazar”, “Suraxanı bazarı”, “8-ci kilometr bazarı”nda apardığımız müşahidələr zamanı məlum oldu ki, tərəvəz məhsullarının qiymətində xeyli artım var. Məsələn pomidor bir həftə əvvəl 50 qəpiyə sıtılırdısa, indi 80 qəpik, 1 manatadır. Satıcılar deyir ki, bazara gətirilən məhsullarda da qıtlıq yaşanır.

Ekspert Vahid Məhərrov hesab edir ki, ölkə bazarlarında qıtlığın və qiymət artımının qarşısının alınması üçün Azərbaycan məhsullarının Rusiyaya ixracının qarşısı alınmamalı, əksinə Azərbaycanın bölgələrində məhsuldarlıq artırılmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar