"... Qarabağ da əldən gedəcək, Ermənistan da" - Ter-Petrosyan

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanla münasibətlərindən bəhs edən məqalə yazıb. “İlur.am” saytında dərc olunan məqalədə o, indiyə qədər müxtəlif dairələrdə onlar haqqında yayımlanan məlumatlara aydınlıq gətirib.

Petrosyan hazırladığı yazı ilə Paşinyanı saxta ittihamların hədəfinə salmaq istəmədiyini deyib. O, Paşinyanın siyasətdə onun mənəvi oğlu olması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini də bildirib. Petrosyan, həmçinin Paşinyanın hər axşam ona zəng edib, məsləhətləşmələr aparması haqqında məlumatların axmaqlıq olduğunu vurğulayıb: “2012-ci ildə mən onunla yalnız bir dəfə görüşmüşəm. 2018-ci ilin 16 iyulunda hökumətin mətbuat xidməti bununla bağlı rəsmi bəyanat yayıb. Bundan sonra baş nazirlə hansısa telefon danışıqları olub. Paşinyanı yönəltməyin, ona hansısa məsləhətlər verməyin və diktə etməyin mümkün olduğunu düşünənlər ya dərindən yanılırlar, ya da bu insanı tanımırlar. Bəlkə onlar bu insan barədə öz fikirləri əsasında mühakimə yürüdürlər. Mən Paşinyan qədər müstəqil insan görməmişəm”.

O, “sülh qarşılığında ərazi” formulu ilə bağlı da mövqeyini bildirib: “Dərhal qeyd etmək istəyirəm ki, nə mən “sülh əvəzinə ərazi” formulundan istifadə etmişəm, nə də Paşinyan edir. Bu, pis adamlar tərəfindən uydurulan böhtandır. Qarabağın həlli proqramına gəlincə isə Ermənistanın digər üç prezidentindən fərqli olaraq, Paşinyanın özünün proqramı heç kimə bəlli deyil. O, hələlik bir neçə prinsip səsləndirməklə kifayətlənir. Məsələn, o, Koçaryan-Sarkisyan mövqeyindən imtina etdiyini, Qarabağın danışıqların tam hüquqlu üzvü olmasını istəyir.

Paşinyanın hansı proqram əsasında çıxış etməsindən asılı olmayaraq, bu onun – məndə, Koçaryanda və Sarkisyanda olduğu kimi – öz proqramı olacaq. Hər Ermənistan lideri öz proqramına görə cavabdehdir”.

Levon Ter-Petrosyan onu Nikol Paşinyana “xaç atalığı” etməkdə günahlandıran keçmiş hakimiyyət tərəfdarlarının ölkədə hökuməti devirməyi, çaxnaşma yaratmağı planlaşdırdıqlarını deyib.

Ter-Petrosyan ilur.am saytına müsahibəsində Paşinyan və hökumətinə heç bir təsirlərinin olmadığını bildirərək deyib:“Aydındır ki, bu sadalananlar və digər buna bənzər sərsəm iddialar xalqdan oğurlanmış pullar hesabına fəaliyyət göstərən nəhəng media-resurs mərkəzi tərəfindən dövriyyəyə buraxılır. Həmin mərkəz 1 mart hadisələrinə görə günahkar olan şəxsləri ədalət mühakiməsindən istənilən yolla xilas etmək məqsədi güdür. Və indiki hakimiyyətin qaçılmaz səhvlərindən və xətalarından yararlanır. Bu qüvvələr narazılıq dalğası qaldırmaq və hökuməti devirmək, kriminal rejimi daimi çaxnaşmalar vasitəsilə bərpa etmək niyyətindədir. Hansı ki, bunun nəticəsində Qarabağ da əldən gedəcək, Ermənistan da. Bu, satqınlıqdan başqa bir şey deyil. Devrilmiş rejim faktiki olaraq erməni xalqına və onun seçdiyi hökumətə qarşı müharibə elan edib. Ona görə də xalqın borcu bu çağırışı dəf etmək və antihökumət qüvvələrinə qətiyyətli cavab verməkdir”.

635x100

Şərhlər

Oqtay 2019-02-25 23:27:00

"Bu qüvvələr narazılıq dalğası qaldırmaq və hökuməti devirmək, kriminal rejimi daimi çaxnaşmalar vasitəsilə bərpa etmək niyyətindədir. Hansı ki, bunun nəticəsində Qarabağ da əldən gedəcək, Ermənistan da. Bu, satqınlıqdan başqa bir şey deyil " Yəni köhnə qüvvələr qayıtsa Qarabağ və Emənistan gedəcək ancaq Paşinyan qalsa getməyəcək.. Yəni söhbət bizim xeyrimizə deyil Məqalənin başlığı düz deyil.L-Petrosyanın dediyinə görə Paşinyan Qarabağı verməyəcək

Son yazılar