Kayseridə Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Türkiyənin Kayseri şəhərində, Ərciyəz Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, ali məktəbin Ədəbiyyat fakultəsinin konfrans zalında baş tutmuş toplantıda Xocalı faciəsinin qurbanları yad edilib və soyqırımın insanlığa qarşı törədilmiş cinayət olduğu bildirilib.

Toplantıda çıxış edən universitetin tarixçi professoru Yahya Bağceçi Xocalı faciəsinin xüsüsi qəddarlıqla, planlı şəkildə törədilmiş bəşəri bir cinayət olduğunu bildirərək, indiyə qədər bu cinayəti törədənlərin cazasız qalmasına öz etirazını bildirib: “Ermənilərin Azərbaycan türklərinə qarşı apardıqları bu etnik təmizləmənin izləri XX əsrin əvvələrinə gedir. Erməni millətçiləri o zaman da Azərbaycan türklərinə qarşı Bakı, Quba, Şamaxı və İrəvanda xüsusi qəddarlıq göstəriblər”.

O qeyd edib ki, ermənilərin eyni qəddarlıqları Türkiyənin Kars, Van, Ərzrum və digər bölgələrində də baş verib: “Erməni millətçilərinin törətdikləri bu vəhşiliklər barədə bir sıra dövlətlərin arxivlərində yetəri qədər fakt və sübütlar var. Bütün bu qəddarlıqların müəllifləri zavallı və məzlum millət pərdəsi altında saxta “erməni soyqırımı”nı dünyaya sırıyırlar. Lakin dünyanın gözü qarşısında özləri qadın, uşaq, qoca demədən günahsız insanları vəhşicəsinə qətlə yetiriblər”.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş və müxtəlif xarici dillərə tərcümə olunmuş “Güllələnmiş uşaqlıq” kitabının müəllifi, Ərciyəz Universitetinin müəlliməsi Əsli Xəlil qızı cıxış edərək nəşr barədə danışıb: “Həmin gecənin dəhşətlərini gözləri ilə görmüş, canlarında yaşamış, ölümün bir addımlığında olan, amma sağ qalan uşaqların danışdıqlarını dinləmək olduqca ağır və acıverici olub”.

Xocalı faciəsinin digər şahidlərinin də acısını anladan müəllif sözünə davam edərək bildirib ki, Xocalıda törədilənlər əsl soyqırımıdır: “Bu soyqırımı bütün beynəlxaq hüquq aktlarına ziddir. Təəssüflər olsun ki, bu günə qədər Xocalı soyqırımını törədənlər layiqli cəzalarını almayıblar”.

Ə.Xəlil qızı dünya ölkələrində Xocalı soyqırımının tanıdılması ilə bağlı aksiya və tədbirlərin koordinasiya olunmasının zəruriliyini vurğulayıb.

Anım tədbirində ali məktəbin müəllim və tələbə heyəti iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar