Ermənilərə kəşfiyyat və əks-kəşfiyyat qüvvələri lazım deyil - Video

Ordumuzun güc strukturuları ilə əlaqəsi olan, xüsusilə cəbhə xəttində baş verən hər bir hadisə ilə bağlı ANS olaraq heç bir informasiyanı sizə rəsmi mənbənin istinadı olmadan çatdırmırıq.

Ölkəmizdə, xüsusilə avqust ayının birindən etibarən cəbhədə vəziyyət gərginləşəndən sonra yaranmış vəziyyətdən mətbuatımız heç də üzüağ çıxmadı. Çünki əhaliyə, hətta adicə kənd sakininin bəzən emosiyadan yaranmış təxəyyülünun məhsulu informasiya kimi çatdırıldı. Reytinq yarışmasında udmağı düşünərkən biz nələri itiririk.

ANS TV-nin məlumatına görə, əsas etibarilə bir sıra elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan rayonlarından birindəki hərbi hissədən orduya məxsus tankların cəbhə xəttinə doğru irəliləməsi haqda məlumat yayıldı. Filan rayonda hərbi vəziyyət, əhali təşviş içində və s. başlıqlarla verilən məlumatlarda təkcə kütləvi informasiya vasitələrinin ay-haray qışqırığı çatışmırdı. Qalan hər şey vardı. Tankların nömrələri, hansı markaya aid olması, sayı, hara istiqamətlənməsi, yəni hərəkət trayektoriyası və s. Bunun adına kimlərsə, informasiya naşılığı deyə bilər. Amma bu naşılıqdan da çox təxribatdır, xəyanətdir.

Bunu biz edirik. Biz jurnalistlər. Avqustun əvvəllərində cəbhədə vəziyyət kəskinləşəndə də analoji durum yaranmışdı. Düşmən tərəf birmənalı olaraq susurdu, ölən-itənlərilə bağlı bir kəlmə də danışmırdı, bizim jurnalistlər isə artıq bir neçə kəndimizi azad etmişdilər. Hətta guya azad edilən Yusifcanlıda bir jurnalist qardaşımız şəkil də çəkdirib paylaşmışdı. Sonra məlum oldu ki, nə kəndimiz boşalıb, nə müharibə var, sadəcə jurnalistlərin boş yerə hay-küyüdür və onlar bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməklə məşğuldurlar.

Nə baş verir qardaşlar? Xüsusilə ona görə qardaşlar deyirəm ki, bu gün bu xəbərləri paylaşan, manşetə çıxaran media resurslarının rəhbərlərinin əksəriyyəti kişilərdir. Kişinin isə hülqumu olar deyiblər. Üstəgəl, bunu ondan təkcə daşıdıqları vəzifə tələb etmir, həm də keçmiş əsgər, döyüşçü kimi onlar bu tip xəbərlərin yayılmasında ehtiyatlı olmalıdırlar. Bu o deməkdirmi ki, biz 25 il sonra da müharibəyə hazır görünmürük.

Yəni sabah həqiqətən də müharibə başlasa, biz bu informasiya müharibəsilə heç nəyə nail ola bilməyəcəyik. Və ən maraqlısı. Saytlardan birinin rəhbərindən sonruşdum ki, bu xəbəri hardan almısız. Dedi ki, kənd məktəbinin tanış müəllimindən. Soruşdum ki, bəlkə bu müəllim erməniyə işləyir və o, nə qədər etibarlı mənbədir? Bəlkə o kadrlar heç bu gün çəkilməyib, heç ümumiyyətlə Azərbaycanda çəkilməyib. Susdu, mən də susuram.

Məktəb müəllimi. Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri və dövlət sirri haqqında qanunda anonim məktəb müləlliminə - yəni təsdiq olunmamış və mənşəyi bəlli olmayan mənbəyə istinad barədə bir bənd belə yoxdur. Belə getsə, artıq 25 ildir Azərbaycanla müharibə aparan Ermənistan Respublikasının Silahlı Qüvvələrinə kəşfiyyat və əks kəşfiyyat qüvvələri lazım deyil. Azərbaycan saytlarına müraciət etsələr kifayətdir. Bəlkə də artıq müraciət edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar