XANIM DEPUTATIN İNANILMAZ  SƏRVƏTİ – Aytən Mustafayeva danışdı (Yeniləndi)

Dərc olunub: 02/03/2019 - 11:45

ayten-1-660x330

Milli Məclisin üzvü, Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva çoxsaylı mülkləri barədə yayılan məlumatlarla bağlı “Yeni Müsavat”a açıqlama verib.

Xanım deputat adına çıxarılan siyahının doğru olmadığını deyib: “Mənə köməkçi məlumat verdi, dedi ki, bir siyahı çıxıb, əmlaklarınızın, biznesinizin olmasını yazıblar. Siyahı ilə tanış oldum. Təəssüflər olsun ki, siyahıdakı əmlakların reallıqda mənimlə heç bir bağlılığı yoxdur. Mən biznesdən uzaq adamam. Rəhmətlik yoldaşım Rövşən Mustafayev də, mən də sırf elmlə məşğul olmuşuq və oluram. İnstitutda sırf qanunlarla məşğulam. Sabah mənə hədiyyə də gətirib versələr ki, bu “budka”nı işlət, mən bunu bacarmaram. Mənim heç vaxt o siyahıda göstərilən əmlaklardan olmayıb. 1 evim, 1 də bağım var. Bağım Nardarandadır, o da yarımçıqdır, tam tikilməyib. Mənim başqa mülküm yoxdur. Xaricdə də heç bir əmlakım, mülküm olmayıb, yoxdur. Azərbaycanda 1 evim və 1 bağım var, hansı ki, sonacan tikilməyib. Orada qarovulçu yaşayır. Mənim əmlaklarım, biznesim, pulum olsa, gedib bağı tikərdim. Bunlar hamısı yalandır, böhtandır. Başqalarının nəyi var bilmirəm, bilmək də istəmirəm. Həmin siyahıdan olan əmlakın, biznesin birinin sənədini mənə göstərsinlər. Açıq-aşkar şər, böhtan atırlar”.

Xanım deputat adına bu qədər mülk siyahısının çıxarılmasının səbəbini bilmədiyini dedi: “Bilmirəm bunu niyə, nə üçün edirlər. Kimə lazımdır bu? Mən əlillərin məsələləri ilə məşğulam. Son illər əlillərin problemi ilə məşğulam, parlamentdə üzvü olduğum komitədə əlillərlə bağlı qanunvericilik hazırlamışam. Bu yaxınlarda əlillərin məşğulluğu ilə bağlı kitabım çıxacaq. Mən tibb hüququ kitabını yazmışam. Həmmüəlliflə bərabər ilk dəfə belə bir sahəni işləmişik. Kitab səhiyyə sistemində hüquqi münasibətlərin qorunması, hüquqi platforma yaradılmasının vacibliyini özündə əks etdirib. Artıq bunun tədrisini də başlamışıq. Çalışıram ki, vətəndaşların hüquqlarının qorunması üçün əlimdən gələni edim. Səhiyyədə yaranan problemlər zamanı pasiyentlərin hüquqlarının qorunması üçün səylərimizi əsirgəmirik. Həkimlərin hüquqlarının qorunması üçün addımlar atırıq. Mən bu işlərlə məşğulam. Belə şou xarakterli məsələlərlə məşğul olan insanları da başa düşmürəm. Belə məlumatlar niyə yayılır, hansı məqsədə xidmət edir, bunu bilmirəm. Belə məlumatlarla mənim şəxsiyyətimə kölgə sala bilməzlər. Mən elmlə məşğulam. Heç vaxt harama əl vurmamışam, belə məlumatları yayanları da anlamıram”.

Deputat xanım belə siyahıların bədxahları tərəfindən yayıla biləcyini gizlətməyib: “Mən çıxışlarımda dəfələrlə müavinətlərin aşağı olması ilə bağlı fikirlərimi açıqlamışam. Direktoru olduğum institutda hazırladığımız qanunlar parlamentdə müzakirə olunur, təsdiqlənir. Bu məni çox sevindirir. Şükürlər olsun ki, prezidentimiz bu məsələni həll etdi. Bəlkə kimlərinsə bir insan kimi məndən xoşu gəlmir. Heç kəsə pisliyim dəyməyib, heç kimdən pul götürüb aldatmamışam ki, barəmdə belə xəbərlər yayılsın. O siyahıdan bir əmlak mənim olsaydı, mənə bu qədər təsir etməzdi. Adıma niyə belə siyahı çıxarırlar bilmirəm”.

Azərbaycanda vəzifəli şəxslərin, məmurların əmlakları qohumları, tanışları, ətrafında olan şəxslərin adına rəsmiləşdirilməsi prakrikası mövcuddur. Bu baxımdam Aytən Mustafayevaya bu praktikaya müraciət edib-etməməsi haqda da sual ünvanladıq. “Mənim şirniyyat biznesim olsaydı, institutda keçirilən tədbirlər zamanı gedib öz şirkətimin istehsal etdiyi şirniyyatları alardım. İşdə də deyirlər ki, Aytən xanım, şirniyyat biznesiniz varsa, niyə mağazadan şirniyyat alırsınız. Vallah mənim biznesim yoxdur. Nə üçün mənim biznesim olmalıdır? Başa düşə bilmirəm ki, insana 2-ci, 5-ci, 10-cu ev niyə lazımdır? 1 ev, 1 bağ olar. Başqa mülkə nə ehtiyac var” –deyə deputat sual edir.

A.Mustafayeva yayılan fotosunun tarixçəsini da danışıb: “Yazırlar ki, guya Las-Veqasda dincəlirəm. Həmin foto mən 2012-ci ildə Las-Veqasda Dünya Tibb Hüququ Assossasiyası üzvlərinin konfransında iştirak etdiyim zaman çəkilib. Həmin konfrans Las-Veqasda keçirilib və orada konfrans zaldan hotelə keçəndə holda oturub söhbət etmişik. Mən Las-Veqasa istirahətə yox, konfransa getmişəm. Mənim atam da, yoldaşım da Azərbaycanda transplantasiyanın yoxluğuna görə rəhmətə gediblər. Bu hadisələrdən sonra qarşıma məqsəd qoymuşam ki, transplantasiya problemi ilə məşğul olum, problem həll olunsun. Rövşən Mustafayev bizdə transplantasiya olmadığına görə dünyasını dəyişdi. Həmin vaxt bizdə qara bazar var idi. Atam həkim səhlənkarlığı üzündən dünyasını dəyişdi. Mən tibb hüququ ilə bu hadisələrdən sonra məşğul oldum və Dünya Tibb Hüququ Assosiasiyasının üzvü oldum. Mən tibb hüququnu Azərbaycana gətirdim. Bütün bunları ona görə deyirəm ki, adıma siyahı çıxaran düşük adamlar xəcalət çəksinlər”.

Deputat həmin saxta siyahının tərtib edilməsini parlamentdəki fəaliyyəti ilə əlaqəli ola biləcəyini də istisna etmir: “Ola bilər ki, hansısa məsələləri qaldıranda bu kimlərinsə xoşuna gəlmir. Azərbaycanda vəkilliyin inkişafı üçün də məsələlər qaldırmışam. Yəqin ki, bu addımlarım da kimlərinsə xoşuna gəlməyib. Ola bilər ki, tibb hüququ ilə bağlı çıxışlarımda pasiyentlərin hüquqlarının yetərincə qorunmaması məsələsini qaldırmışam. Bilmirəm, bəlkə də deputat kimi aktiv olmağım kimlərəsə xoş deyil. İctimai həyatla bağlı məsələlərə reaksiyalarım, yeni çağırışlara dərhal münasibət bildirməyim də kimlərdəsə qıcıq doğura bilər. 2018-ci ildə əlillərin problemləri, internetdə uşaqların təhlükəsizliyi məsələləri ilə məşğul olmuşuq. Müasir həyatda yaranan problemlərlə məşğuluq. Bu il süni intellektlə məşğul olacağıq. Belə çirkli işlərlə məşğul olan insanlara yazığım gəlir. Belə işlərlə məşğul olmağa nə istəyim, nə vaxtım var. Maraq dairəm tam başqadır. Bir bağ evimiz var, rəhmətlik Rövşən müəllimlə almışdıq, lakin tikintisini başa çatdıra bilmədik, Rövşən müəllim rəhmətə getdi. Elə həmin vəziyyətdə qalıb. Tikintini başa çatdırmağa imkanım yoxdur. Deputat maaşı hər kəsə bəllidir, institut direktoru kimi 700 manat maaş alıram. Başqa gəlirim yoxdur. Naşükür də deyiləm, qazancım özümə bəs edir, işləyirəm”.

Deputat deyir ki, belə məsələlərə vaxt ayıranlara acıyır: “Mənim bu işlərə sərf olunan vaxta heyfim gəlir. Camaata ürəyim yanır, istəyirəm xalqıma bacardığım köməyi edim. Mən özümə cavabdehəm, vəzifəmi, məsuliyyətimi dərk edirəm. Belə yalanlarla məni öz sevimli işimdən ayıra bilməzlər. Təəssüf edirəm ki, barəmdə belə şər-böhtan yazır, yayırlar. Əgər həmin siyahıdakı hər hansı bir ev, biznesə aidiyyatım varsa, sənədlərini də çəkinmədən yaysınlar. Mən 10-la evi olan insanları baş düşmürəm, belə yaşayışı anlamıram. Heç kim bu dünyadan bir çöp də aparmayacaq, apara bilməyəcək. Belə yaşayışı başa düşmədiyim kimi, belə şər-böhtanı insanın üstünə atmağın da mənasını anlamıram. Başa düşürəm ki, siyasət təmiz ola bilməz, amma bu qədər çirkabı insanlara atmaq olmaz. Bizim millət qeyrətdən çox danışır, hanı bəs? Bir insana belə böhtan atmaq hansı qeyrətdəndir?”

***

Milli Məclisin üzvü Aytən Mustafayevanın sahib olduğu əmlakların siyahısı yayılıb.

“AzPolitika.info” AzToday.az-a istinadla sosial şəbəkələrdə yayılmış həmin məlumatı təqdim edir:

1. Azad Şirniyyat istehsalat Birliyi (azadsirniyyat.az) – 30 mağaza

2. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada bir neçə mənzil

3. H.Cavid propektində mənzil

4. İdeal Concept Group ( holdinqin prezidenti oğlu Orxandır, 29 yaşı var)

5. “One o One” ticarət kompaniyası

6. “Fresh Berry” supermarketlər şəbəkəsi (Dubayda yerləşir)

7. “Newadvice”- PRO şirkəti

8. “Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti (Dubay – Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində). Tərkibində yüzlərlə yaxta- ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulub.

9. Tualet kağızları biznesi

10. Kartric doldurma biznesi

11. “Qart” avtomobil mərkəzi

12. İdeal Concept Groupun baş ofisi Dubayda “Grosvenor Business Tower”də yerləşir, İllik icarə haqqı kimi 520 min dollar pul ödəyir.

13. İtaliyanın məşhur “Sezak” şirkətinin parnyorudur.

14. İnşaatçılar metrosunun yaxınlığında şirniyyat evi

15. Bakının bir neçə yerində sifarişlə tort hazırlayan Sezak şirniyyat evi

16. Deputat həm də İnsan Hüquqları İnstitutunun direktorudur, İş yerində və evində bahalı itlər, pişiklər saxlayır

17. Dubayda sahilə yaxın yerdə villa

18. Türkiyədə mənzil

19. Bir neçə ölkədə şirkətlərin tərkibində reklam biznesi

20. Deputatın şirkətləri inşaat sahəsində də fəaliyyət göstərir… və s.

Xatırladaq ki, bir neçə il öncə deputatın Las-Veqasda kazinolardan birində fotosu yayılmışdı.

ayten










loading...


Fikrinizi bildirin