BİLİYİN DƏYƏRİ 

Cəsarət Əliyev

(üçüncü yazı)

(başlanğıcı I yazı II yazıda)

Sız tələbəsinizmi? Bu sual elmlər doktoruna, AMEA-da ən böyük elmi vəzifə daşıyıcısına Azərbaycandan kənardakı bilici tərəfindən ünvanlanıb. Azərbaycanda düşüncə kapitalına necə dəyər verilməsi ayrıca bir danışıq alanıdır.

Laborant akademizmi, akademik laborantlıq günümüzün reallığıdır. Əgər akademiyaları bürümüş laborant akademizmi intellektual kapitala dəyər verə bilmirsə, dışdan dəyər verilməsini gözləyirsə, onda soruşmaq yerinə düşər – onların, yəni laborant akademizmi daşıyıcılarının akdemik idarəetmədə nə işi var?

Dəyərvermə baxımından önəm verdiyimiz bir neçə faktı da diqqətə çatdırmaq yerinə düşər.

1) Gizli deyildi ki, keçmiş sovet məkanında regionlardan (respublikalardan) mərkəzə bilik dalınca gələnlərə qarşı xırda məsələlər qoyulurdu. Bir çox hallarda dissertasiya xatirinə qabiliyyətli insanların da bu halla barışdıqları faktdır. Öz ölkəsinə qayıtdıqdan sonra bu problem araşdırmaçıya nə sanballı iş görməyə, nə də məktəb yaratmağa imkan verirdi. Xırda problemlərdən imtina halları da olub. Bolsman (xətti şüaköçürmə halı) tənliyinə operator əmsallı tənlik kimi baxılaraq analitik həll edilməsi (Moskvada və) Azərbaycanda baş verib. Bu keçmiş sovet məkanında pioner işi adlandırılıb. İnternetdə axtarış verilsə bəlli olacaq ki, sonrakı dövrdə bu mövzuda demək olar, heç bir iş yoxdur.

Nədəni odur ki, bu mövzular qapalıdır və sovet dönəmində günbatanda qismən açılırdı ki, sovetlərdən olan araşdırmaçıların kimliyi bilinsin və cəlb edilsin. Neytronköçürmə tənliyi formal olaraq astrofizikada öyrənilən şüaköçürmə tənliyi ilə üst-üstə düşdüyündən astrofiziklərin də işləri diqqət çəkirdi. Elə o nədəndəndir ki, bir iki işdən sonar bəzi ad-soyadlar açıq çapdan birdəfəlik yox olurdu. Belə işlərin təkcə informasiya baxımından nə dərəcədə önəmli olduğunu aydınlaşdırmaq üçün dünyanı bürümüş bir xəbərə baxaq.

Rusiya artıq nüvə reaktoru ilə işləyən raketlər yaratdığını xəbər verdi. Bir qədər susqunluqdan sonra günbatan mətbuatında xəbər getdi ki, Rusiya üzərində, ayrı-ayrı bölgələrdə vaxtaşırı radiasiyanın artdğı müşahidə olunub. Bu ona işarə idi ki, bu, yeni silahın sınaqları vaxtı baş verə bilərdi. Yəni,  Rusiyanın verdiyi xəbər olsun ki, doğrudur. Amma jurnalistlərin bilmədiyi, bilənlərinsə susması nədənindən heç vaxt qalxmayan suallar var. Nüvə reaktoru ilə işləyən raketlər yaratmaq üçün miniatür nüvə reaktorlarının yaradılması mümkün olmalıdır. Mümkündürmü? Öz ölkəsi üzərində radiasiya artıqlığı yaratmaq sonradan veriləsi bəyanatı təstiq üçün düşünülmüş bir addim idi, yoxsa real sınaqların nəticəsi? Günbatan (uyğun strukturlar, jurnalistlər yox) verilən bəyanatı doğru saydı, yoxsa alternativ yeni silah yaratmaq adıyla konqresdən pul qopartmaq üçün susdu?

Uyğun silahları yaratmayan, onlara malik olmayan ölkələr belə problemlərlə bağlı heç olmazsa informasiya güvənliyini qurmalıdır. Çox söz-söhbətlər var ki, “danışmaqdan danışmamaq yaxşıdır”. Burada bir məsələyə də, informasiya dəyərləndirilməsinə də toxunaq. Seminarda bir çıxış bəs etdı ki, dissertasiya müdafiə etməmiş, az qala baş laborant işləyən bir kəsin işi çap üçün, o vaxt üçün ən nüfuzlu jurnal sayılan “SSRİ EA məruzələri”nə təqdim olunsun. Təqdim edən bununla demək istəyirdi ki, bax bu yenilik SSRİ EA –ya məxsusdur. Çapdan heç bir həftə keçmədi ki, dünyanın bu sahədə ovaxt da, elə indi də ən sanballı araşdırma mərkəzindən məktub aldıq. Onlar bütün dünyaya qulaq kəsilmiş, göz dikmişdilər. Aidati informasiya gecikdirilmədən mərkəzə ötürülür və gecikdirilmədən ona reaksiya verilir(di). Bu sahədəki araşdırmaçılar nişanlanmış atom adlandırılır və onların harada olmasından asılı olmayaraq üstlərində göz, daha çox qoruyucu göz var.

2) “Günəş aktivliyi” problemi insanlara bizim eradan öncə bəlli olsa da, yalnız son iki yüz ildə dəqiq elmi metodlarla öyrənilir. Amma hələ də açıq problem sayılır (yəni həll edilməmiş). Öyrənilməsinin dəyərliliyini vurğulamaq üçün deyim ki, son bir neçə onillikdə az qala bütün araşdırmalar “əgər problem həll olunarsa, onda bütün bəşəriyyət nə qədər irəli düşər” anlamı verən kəlmə ilə başlayır. Problemin yerinə yetirilməsi yolunda fərqli, tam yeni fiziki model və onun riyazı modelləşdirilməsi və proqramlaşdırılması (modulun adı “SolAkt”) Azərbaycanda yerinə yetirilib (hə də, plagiatı ilə bəlli akademik laborant dərin ah çəkir, çoxları dəqiq biliklərdəki plagiatdan xəbərsizdi). İşin gedişində bir çox ünlü jurnallarda çap olunmuş işlərin yanlış olduğu göstərildi və öncə araşdırmaçıların özlərinə göndərildi. (İşlə tanış olan bir amerikalı bizə yazdı ki, siz indiki dünyagörüşünü qırmağa çalışırsınız. “Öz başıma gələnlərdən bilirəm ki, bu çox çətin olacaq”. Əlbəttə.) Yaradılan proqram “xırda bir iş” kimi bütün göy cisimlərinin və onların peyklərinin (ilk dəfə) üç ölçülü hərəkətini verməklə yanaşı, çox ağır, “spin-orbital ilişgi”ni nəzərə alan tənliklər sistemini də həll edir.

3) Çox böyük (məsələn, yüz illərlə toplanmış) və həm də çox kirli ədədlər bazasının dəqiq araşdırılması üçün proqramlar çox azdır və olsa belə heç kim onları hamının istifadəsinə vermir. Azərbaycanda yeni ideologiyaya söykəkli qurulmuş proqram-paket yetmiş illik kirli materialın (ulduz fotometriyası) içərisindən bir ulduz üçün otuz günlük periodun tapılmasına gətirdi (2013-cü il) və üç il sonra bu nəticənin doğruluğu çox dəqiq peyk müşahidələrilə təsdiq edildi (proqram-paketin adı “DaImAn”). Bu nəticə, elmi dəyərliliyi bir yana, bizim astronomiya (yəqin ki, həm də akademiya) tarixində hamını qabaqlamaq baxımından yeni idi. Bu proqramın yeni variantında yalançı periodların hesablanması kimi bir tapıntı da yer alıb. Yalançı periodların hesablanmasını heç kim heç vaxt çap etdirməyib və etdirməyəcək də. O, informasiyanın diskretləşdirilməsi (sampled data) vaxtı çox sirlərin saxlanmasına yardımçıdır.

4) Arktika və Antarktika buz qatları altında yatmış Be (Beryllium) izotopunun “yadda saxladığı” on min illik dövrü xarakterizə edən informasiya ünlü araşdırmaçılar tərəfindən analiz edilərək Günəş aktivliyi ilə korelyasiya edən çoxlu sayda böyük periodlar tapılmışdı. Bunu (guya ki) aydınlaşdıran modellər təklif edilmişdi. İş onda idi ki, nəticələr bir-biriylə konfliktdə idi və araşdırmaçılar bir-biriylə açıq çapda savaşa çıxmışdılar. Dışdan olan bir araşdırmaçı (onun bizim yaratdığımız proqramlardan xəbəri vardı) bizdən xahiş etdi ki, bu işə aydınlıq gətirərək.

Azərbaycanda yaradılmış “TiTor” (Tidal Torque) proqram-paketinin köməyi ilə konfliktdə olan tərəflərin nəticələrinin hamılıqla yanlış olduğu göstərildi və ilkin olaraq araşdırmaçıların özlərinə göndərildi. Araşdırmaçılar hamılıqla aztrofizika sahəsində adlı-sanlı olmaqla yanaşı, yazılarını böyük “impakt factor”lu jurnallarda çap etdirmişdilər. Bizim iraddan sonra onlar üç ilə yaxın heç bir iş çap etdirmədilər (hansı ki, az qala hər ay bir kollektiv işi elektron çapa çıxarırdılar, işbilən kimi birgə iş üçün başqa ölkələrə çağırılırdılar). Yanlış nəticə və metodlardan imtina etdilər, yeni proqramlardan yararlanmaqla təzəcə işə başlayıblar. Burada başqa bir məsələ önə çıxır. Demə böyük impakt faktorlu jurnallarda da, janlış yazılar çap edilirmiş. Dünyada heç bir əsl bilik adamı işə yalnız çap olunduğuna görə qiymət vermir.

Çap həm yiyəlik hüququnun qorunması üçündür, həm də başqasının xəbər tutması üçün, başqa sözlə - “xəbəriniz olsun” deməkdir. Dəyərləndirmə sonra baş verir. Nəticə doğru olarsa bu, həm iş yiyəsinə, həm də jurnala şərəf gətirər. Əgər belə olmasaydı, onda bütün çap olunmuş poemalar, romanlar və povestlər, çəkilmiş bütün filmlər, bəstələnmiş musiqilər hamısı çox dəyərli olardı, heç kəs oxuya, baxa, qulaq asa bilmədim, yarımçıq atdım deməzdi.

5) Kvantlanma, diskret paylanma təkcə mikroaləmdə deyil makroölçülərdə, kosmik fəzada da var. Qalaktika və kvazarlar kosmik fəzada qırmızı sürüşməyə, başqa sözlə uzaqlığa görə diskret paylanıb. Böyük ədədlər bazasını idarə edən proqram-paket (qalaktikaların üç ölçülü fəza paylanması və paylanmanın spectral analizi) və diskret paylanmanı aydınlaşdıran nəzəri model də Azərbaycanda qurulub.

Bütün bunlar hamısı deyil. Belə nəticələrin alınmasının nədəni onillikləri, yüzillikləri qabaqlamağa imkan verən proqramların yaradılmasıdır.

Riyazi proqramların birbaşa öyrətmədə tətbiqi də, elə burada, Azərbaycanda, Azərbaycan Dövlət Unuversitetində (Bakı? Yüz illik keçmişin üstündən belə asanlıqla cızıq çəkmək olar?) baş verib. Öyrənənlər (magistrlər) Çandrasekarın Nobel ödülü aldığı “Ağ cırtdanlar” problemini proqramların köməyilə bir akademik saatda həll edirdilər, ağlagəlməz fiziki şəraitlərdə spectral xətlərin yaranmasının necə modelləşdirildiyini öyrənirdilər. Onlar ADU-nun 90 – 100 illik keçmişində ilk dəfə Eynşteyn tənliyini həll edərək tapdanmış cığırla getmədən yeni metrika alırdılar (və hələ ki, bunu edirlər).

Hazır proqramlardan yararlanmaqla iş gördükdə yalnız nəticə yeni və sanballıdırsa işin dəyəri var. Əks halda proqramın adıyla alver etməyə dəyməz. Bəzən hazır proqramı işlətmək üçün cəmi bir neçə ədədi daxil etmk gərək olur və bir-iki düymənin basılmasıyla proqram işə salınır və nəticə alınır. Bu, laborant işidir və elmi işçinin işi belə “qara” işdən sonra başlamalıdır. Hansı ki, adi “Word”də yazı yığmağa daha çox əmək sərf edilir. Ona görə, ayrı-ayrı hallarda, hazır proqramın adı altında gızlənməklə görülən işlərin heç bir dəyəri yoxdur.

Kiməsə laborantlıq edib ad yanında ad yazdırmaqla alimlik edənlər də az deyil. Axı bilik adamı tək görülmüş işində öz bacarığını ortaya qoymalıdır ki, bilinsin nə dərəcədə işbiləndir (Lütfi Zadəni, Hiqsi yada salın). Adətən belələri “Həmədanda yeddi kərdi ...” deməyi çox xoşlayırlar. “Kərdi” ki, burdadır. Göstər bacarığını. Elə ki göstərməyə çalışırlar, onda da, rüsvayçılıq başlayır, dediyinə də peşman olursan. Adı yüzlərlə adamın adı yanında yazıldığından özünü alim sayanlardan, özünütəsdiq üçün tək ya iki kəslə məqalə çap etdirib özünü də, Azərbaycanı da gülüş hədəfinə çevirənlərdənmi danışaq?! Deyirsiz, deyib danışdıqlarının yanlış olduğu özlərinə deyilməyib? Deyilib, ancaq asan ov görmüş yırtıcını dayandırmaq çətin olduğu kimi, onları da dayandırmaq çətindir. Çatıb əldə etmək istədikləri elmi nəticə deyil axı, yalançı imicdir. Bu tip araşdırmaçıların bəziləri işlərinə edilən istinadların çox olduğunu gözə çarpdırmağa çalışır.

Aydın olur ki, adları yalnız ünlü bilicinin adının yanında olduğu işlərə istinad var, özlərinin tək və ya həmin komanda ilə birgə olmayan işlərinə heç bir istinad yoxdur. Deməli, özgə adına istinadla öyünməyə dəyməz. Alınan nəticədən deyil məqalə sayının çox olmasından, bəzən də yazıda səhifələrin sayının çox olmasından danışanlar da bu sırada olan araşdırmaçılardır. Say heç vaxt düşüncə kapitalı üçün dəyərlilik göstəricisi olmayıb (Hiqsi yada salın, cəmi doqquz məqalə və onlardan yalnız ikisi sadalanmışdı, hər biri də səhifə yarım). Əgər sanballı problem yonulmamış almazdırsa, onda onu cilalamağa nə qədər vaxt gərəkdir, qısa vaxt kəsiyində çoxlu sayda brilyant necə yaradıla bilər?

Akademiyaların işi ünlü jurnallarda çap olunmuş işlərdən hesabat vermək deyil. Milli akademiyaların yaradılmasının əsas nədəni ölkə içində aparılan araşdırmalarda tapılan nəticəyə, yaradılan intellektual kapitala dəyər vermək, ona dövlət səviyyəsində yiyə durmaq, onu yaradan kəsin yiyəlık (müəlliflik) hüququnu iş hələ çapa getməmiş qorumaqdır.

Hələ sovet dövründə akademiyalarda hələ çapa getməmiş yeni və dəyərli bilinən nəticə bir cümlə ilə bütün dünyaya yayılırdı: Bilin, biz bunu artıq etmişik, bu tapıntının yiyəsi bizik (aydın olurmu, niyə qrant verən ölkələr çalışırlar ki, öz vətəndaşları işdə tərəfdaş olsun). Əgər məqalə çap olunubsa, özü də bu ola dış jurnallarda, onda yiyəlik hüququ avtomatik təsdiq olunur və şöhrət, tanınmışlıq da yazılır yazı yiyəsinin və jurnalın adına. Yazı yiyəsinin, müəllifin hüquqlarını qorumayan akademiyalar kimə lazımdır? Bu işin – akademik dəyərvermənin başqa bir tərəfi də var. Ola bilər ki, iş görən bilici işinin nə dərəcədə dəyərliliyini başa düşməz və onu açıq çapa göndərmək istəyər. Onda cavabdeh kəslər işin dövlət səviyyəli gərəkliyini aydın etməli və qapalı çapa göndərilməsi qərarını verməlidirlər.

Deyirlər Leninin səhəri ölkədə çap olunmuş qəzetlərin oxunması ilə başlarmış. Bir dəfə, 1918-ci ildə əyalət qəzetlərinin birində çap olunmuş bir xəbər onu bərk özündən çıxarır və sözü gedən bilik adamını əyalətdən çağırtdırır. Kremldə onunla görüşən Lenin, sız neynirsız, belə bir xəbəri qəzetə vermək olar, deyir. Yazıda uzaqdan radioidarə olunan partlayıcı qurğunun yaradılmasından söhbət gedirmiş. Bax bu fakt çox dəyərli işlərin çapa çıxarılmasına yol vermir. Son vaxtlar heç bir fundamental tapıntı xəbəri aləmə səs salmayıb və nəticədə 94 yaşlılara Nobel ödülü verilir.

Yoxsa düşünürsüz ki, dünyada heç bir dəyərli araşdırmalar aparılmır? Yox, dövr elədir ki, təkcə ideyanı bilmək bəs edir ki, problem proqramlaşdırılaraq işə buraxılsın, dövlət əhmiyyətli tətbiqini tapsın. (Məsələn, vaxtilə bizim Lent.az-da gedən yazılarımızda hansı ideyalar cinəyət dəstələrini ilgiləndirmişdi? Oğurlamaq istəyilə bütün yazıları təkcə Lent.az-dan deyil, bütün saytlardan silmişdilər. Özləri reallaşdırmaq, yoxsa kiməsə ötürmək istəyirdilər. Bildirək ki, həmin ideya və metodlar artıq proqramlaşdırılıb, modul hazırdır. Belə nəsnələr onların dişi batan, ağlı kəsən bir nəsnə deyil.)

İndiki dövrdə çapa gedən işlərin əksəriyyəti sıradan bir işlərdir və indeksi qaldırılaraq reklam olunmuş jurnalların satılmasına xidmət edir. Elə ona görə, belə jurnallarda çapa gedən bir çox yazılarda yanlışlıqlarla uzləşmək olur. (Ünlü bir jurnalda yanlış bir işi çap etdirmiş kəs özünü artıq yetgin bir işbilən sayaraq Azərbaycandan kənardakı bilicilərlə yazışmağa başlamışdı. Qoyduğu problem, apardığı diskussiyanın səviyyəsi ona gətirdi ki, dışdakı bilici soruşdu: Sız tələbəsinizmi? Hə də, bu sual elmlər doktoruna, AMEA-da ən böyük elmi vəzifə daşıyıcısına ünvanlanıb.)

Azərbaycanda düşüncə kapitalına necə dəyər verilməsi ayrıca bir danışıq alanıdır. Laborant akademizmi, akademik laborantlıq günümüzün reallığıdır. Hesabatlarda yeni görülmüş iş yox, ünlü jurnalda çap olunmuş iş dəyərli sayılır. Əgər akademiyaları bürümüş laborant akademizmi intellektual kapitala dəyər verə bilmirsə, dışdan dəyər verilməsini gözləyirsə, onda soruşmaq yerinə düşər – onların, yəni laborant akademizmi daşıyıcılarının akdemik yönləndirmədə nə işi var?

Düşüncə kapitalını dəyərləndirmək üçün sadaladıqlarımız bu mövzuda yüngül gəzişmədir. Problemlər daha çox dəqiq biliklərə aiddir. Orta və ali oxuda öncə öyrətməni və öyrənməni, sonra isə biliklərin dəyərləndirilməsinin yenidən qurulması gərəkdir. Öyrənənlər özləri deyirlər ki, onlar yırtıq imtahan süzgəcini “aldadaraq” gərəyincə bal toplaya bilirlər (Astrofizika üzrə birinci kurs magistrindən soruşdum ki, Günəş nə, planet nə, spektr nə? Bütün sorğular cavabsız. Onlar astrofizik olmaq üçün hansı fənlərdən və necə imtahan verirlər ki, qəbul olunurlar?).

Bu cür bal sisteminə yönəlmiş öyrətmə nə istəyirdisə, onu da əldə edib. Aydın deyildi ki, qısa vaxtda yüzlərlə sorğunun cavablandırılması biliyi deyil, yalnız tapmaca tapmaq bacarığını ortalığa çıxarır? Hə, orta və ali təhsildə “Tapmaca institutu” artıq yaradılıb. Dəyişmək gərəkdir.

Niyə də öyrətmənin Azərbaycan modeli işlənməsin? Nəvaxta kimi başqalarının üzü çıxarılmış düşüncəsi ilə iş yola veriləcək? Ötən yüz illiyin başlanğıcında düşüncə brilyantlarımız sayılanların hamılıqla bu işə - öyrətməyə qoşulması hamıya örnək deyil? İşə bax, Üzeyir bəy “Hesab” kitabını yazmışdı. Sabirin “Uşaq və buzu”, Abbas Səhhətin ölçüyəgəlməz əməyi hələ də öyrədir. Bu yolda gərəkli bildiklərimizdən biri praktik proqramlaşdırmanın orta və ali öyrətməyə gətirilməsidir. Bu nə deməkdir? Bilirsinizmi, sürücü avtomaşının mühərrikinin, korpusunun hansı prinsiplər əsasında qurulduğunu, demək olar ki, bilmir. Amma onu gözəl idarə edir. Bu sözləri təyyarəçi və bir çox başqa peşə yiyələri haqqında da demək olar. Eləcə də, öyrənənlər C++, Fortran və bir çox başqa riyazı proqramları bilmədən də proqramlaşdıra bilər. Bunun üçün artıq başqa tip proqramlar var. Dərslərin öhdəsindən riyazi proqramların köməyi ilə gəlinməsi, sadə animasiyaların qurulması onları elə çəkəcək ki, onlar gələcəkdə seçəcəkləri peşədə də bu işdən ayrılmayacaqlar. Bir çoxları isə riyazi proqramlaşdırmanı peşə seçəcək.

Danışdıqlarımızdan kənara çıxaraq bir nəsnəyə də toxunaq. Valideynlər də, öyrənənlər də çox gileylənirlər: bu qədər kağız kitab yükünü hər gün daşımaq çox çətindir. Hansı dövrdə yaşayırıq, bir electron kitaboxuyan və ya planşet, sadə noutbuk bəs etməz ki? Bütün dərs kitabları lokal elektron kitabxanalarda saxlana və uyğun elektron vasitələrə yüklənə bilər. Yazı işi də, elektron vasitələrlə aparılmalıdır. O ki qaldı elektron kitabların yayılmasında yiyəlik (müəllif) hüquqlarına, onları qorumağın yeni qaydaları işlənməlidir. İndiki dövrdə məktəbə (və geriyə) ağır kağız kitabları daşımaq, kağız dövrü başlananda bir dəvə yükü gön daşımağa bənzəyir. Evində əntiq nəsnə kimi patefon da, val da saxlayan tapılar, amma çətin ki musiqi dinləmək üçün onlardan yararlanan ola. Necə ki çağdaş dövrdə daş, gil, gön kitablar keçmişi öyrənmək üçün işlədilir, bir qədər sonra kağız kitablar da eyni taleyi yaşayacaqlar. Anlaşılmalıdır ki, hər bir informasiyanın yaradılması, saxlanması və daşınması vasitələri artıq dəyişib. Kitab dedikdə təkcə kağız kitab anlaşılmır.İnternet də təkcə əyləncə, oyun yeri deyil, insanların arzu etdiyi çox böyük imkanlı iş yeridir. Texnologiyaların belə yeyin yerişlə böyüməsi, olsun ki, bir qədər sonra daha yaxşı elektron vasitələrin yaranmasına gətirəcək (yada salın və tutuşdurun, məsələn, ilkin disketlər və indiki fləşlər), amma bircə bu aydındır ki, bu proses dönməzdir. Elektron vasitələrlə öyrənmənin də, öyrətmənin də, araşdırmaların da oturuşdurulmasında gecikmək olmaz. Orta oxuda electron vasitələrlə işləməyi öyrənməyənlərin işi ali oxuda çox çətin olur (misalmı çəkək, çox acınacaqlıdır).

Bir sorğu qalxır. Hansı çətindi, ötən yüz illiyin otuzuncu illərində körpəsini kürəyinə sarıyıb bir əliylə nehrə yırğalayaraq “A” deyənlərin “əlifba savadsızlığı”nın, yoxsa indiki funksional savadsızlığın aradan qaldırılması? (Fuksional savadsızlıq – oxumağı bacarmaq, ancaq oxuduğunu anlamamaq.) Yəqin ki, işinə yazılmış mənfi rəyi oxyub anlamayan professorla (misalmı çəkək?), yanıldığını göstərəndə belə başa düşməyən elmlər doktoruyla (misalmı çəkək?) iş daha çətin olacaq. “Tələbəsən” sualının nə qədər aşağılayıcı olduğunu anlamadığından, “xan mənə salam verdi” deyib hamıya sevincək çatdıran elmlər doktoruyla, altmış yaşlı elm “ocağında” bütün müşahidə arxivini məhv edən, son iki onillikdə bütün eksperimenti yanlış qurub yanlış analız etmə nədənindən dünya çapında tək özünü deyil, Azərbaycan elmini də qınağa tuş edənlərlə iş necə, asanmı olacaq? Lap elə “dünən” elmi şurada, yenicə başlayan gəncə mövzu qoya bilməyən, amma qoyulmamış mövzunu təsdiq edənlərin işi necə olacaq? Çox çətin!

635x100

Şərhlər

Bəhram Basqallı 2019-03-01 22:28:44

P.S. Commeny-lərdə getmiş bir yanlış haqda. Sovetin стврший научный сотрудник-i azəri türkçəsinə böyük elmi işçi gibi çevrilməli olaraq elmi ad - научное звание idi. İndi bu elmi ada dosent deyilir. Baş elmi işçi-главный научный сотрудник isə vəzifədir. Dilimizdəki старший-главный yanlışları və digər problemlər haqqında İnternet-də bax: Bəhram Basqallı. Dil təsərrüfatımızın bəzi məsələləri.

Bəhram Basqallı 2019-03-01 22:28:44

SAabir müəllim, mən ancaq Sizin irəli sürdüyünüz ittihamlara cavab verirdim. Bir daha hamını sülhə, barışa dəvət edirəm. Nifrinləri bir-birimizə çilədiyimiz yetər. Gəlin, köhnə incikliklərə son qoyaraq əl-ələ verib ümumi məqsəd naminə birləşək.Axı biz LütfiZadələr, Mirzəcanzadələr yetirən ulusun övladlarıyıq.

SAbir Məmmədov 2019-03-01 22:28:44

Bəhram müəllim, bir tərəfdən çəkişmələri dayandırmaği tələb edirsən, bir tərəfdən də özün çəkişmələri davam etdirirsən. Buna nə ad vermək olar?

Bəhram Basqallı 2019-03-01 22:28:44

Sabir Məmmədov, mənim önəm verdiyim Cəsarəti, o, fizfakı fərqlənmə ilə qurtarsa da, BDU-da dərs deyərək gələcəyin yüksək səviyyəli astrofiziklərini yetişdirsə də, bəyənmirsən. Özün necə? Bir baş elmi işçi gibi axırıncı dəfə haçan auditoriyaya daxil olmusan? Neçə diplomant, doktorant yetişdirmisən?Sənin bilavasitə sahənə aid olan Günəş teleskopunun bu günlü vəziyyətinə zərrə qədər də məsuliyyət daşıyırsanmı?

muzaffar1949 2019-03-01 22:28:44

QIr.Dipl.adətən ballastdır.Müəllifi müdafiə edənləri səmimiliyə çagırıram.Adamsız QD almaq?! Müəllif yaxşı məqalə çap etdirə bilməməyini belə malalamaq istəyir ki, o "məxfi" ışlərlə məşğuldur. Bunu hamı deyə bilər. AMEA isə onu müdafiə etməlidir. AMEA müəllif hüquqları k.deyil, bunun üçün Agentlik var! Bir də o iş yoldaşları haqqında guya deyilənləri hardan bilır. Onların poçtuna girirmi?! Məsləhət: Əgər sənin çapa layiq məqalən varsa ilkin onu arXiv.org-a göndər, sonra çap et. Cəs.m. açıq desin nə istəyır

Bəhram Basqallı 2019-03-01 22:28:44

Bir daha hamıdan bu çəkişmələrə son qoymağı tələb edirəm. Sabir müəllim Məmmədov, Cəsarəti aşağılamaq istəyiniz yersizdir. Rəsədxanada cəmi 3 nəfər: Cəsarət bəy Əliyev, Bəhram xan Basqallı və Elçin əfəndi Babayev fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Fizfakı öz gücünlə qırmızı diplomla bitirmək təsəvvür edirsiz nə deməkdir?! O ki qaldı Cəsarətin tənqidlərinə, mötəbər bir komissiya yaradılar və kimin haq, kimin nahaq olduğu aydınlaşar.

Sabir Məmmədov 2019-03-01 22:28:44

Fizik müəllim, siz deyirsiniz ki, C. Əliyevin 30 ildə bir dənə də məqaləsi yoxdursa və ona istinad yoxdursa o başqalarının nöqsanını gpstərə bilməzmi? Göstərə bilməz! Onun mənəvi haqqı yoxdur! Həm də ki heç bir sübut gətirmədən böhtanlar, iftiralar, ağ yalanlar yağdırmaq. Guya ki haçansa kimsə kiməs tələbə deyib, Bunun axı sübutu yoxdur! Ağzına gələn böhtanı yazır. Бумага все терпит- Az.Politika все терпит.İnşallah yaxınlarda kollektiv onun cavabını veəcək

Sabir Məmmədov 2019-03-01 22:28:44

Fizik Müəllim, tələbə sözü mənə aid deyil, "akademiyada ən böyük vəzifə tutana" aiddir. Mən isə Rəsədxanada nə direktoram, nə müavinəm, nə şöbə müdiriyəm, mən sadəcə baş elmi işçiyəm. Baş elmi işçi diplomunu Sovet vaxtı Moskvadan almışam. Mənim işim haqqında Moskvada çıxan dərslikdə geniış yazılıb və belə yazılıb: " Метод Мамедова отличается большой простотой и изяществом" (Курс астрофизики и звездной астрономии, Москва 1973 с.561) . Lap tutaq ki tələbə mənə aiddir. Bu-onun növbəti böhtan və ağ yalanıdır

Məmmədov Sabir 2019-03-01 22:28:44

Fizik müəllim, N.İsmayılovun tənqid olunduğu məqaləni (A.A.,v.417 p 715 2004) int-də SAO/NASA ADS saytında oxuyn görün nə yazılıb:"İsmayılovun aldıği nəticə bizimkindən fərqlidi, ola bilsin ki onun müşahidəsi vaxtı instrument stabil olmayıb- təqribən belə. Alimlərin biri-birlərinin işində səhv tapmaq bəyəm görünməmiş şeydirmi? Səhvlər düzəldilə düzəldilə elm inkişaf etmirmi? Bu tənqidin Azərbaycanı biabur edir demək nə qədər mənasızdır. Orjinal elmi məqlələri oxuyan belə şeyləri çox görmüş olar.

Bəhram Basqallı 2019-03-01 22:28:44

Çox təəssüf edirəm ki, mənim də əməkdaşı olduğum Gözləmevinin (Rəsədxana) əməkdaşları qlobal elmi problemləri həll etmək əvəzinə vaxtlarını belə gərəksiz dartışmalara xərcləyirlər. Elmimizin bu tənəzzül uçurumundan çıxmaq yolunusa 0 variantında görürəm. Təhsilimiz beynəlxalq standardlara qədər yüksəlməli, ən yaxşı məzunlar dünyanın ən ünlü elm məbədlərinə göndərilməli, mükəmməl hazırlıq keçəndən sonra Vətənə qayıdıb elmimizi irəlilətməlidirlər. O çağadək kəmsavad köhnə kadrlar da sovrulub gedər.

FİZİK 2019-03-01 22:28:44

Nəriman İsmayılovun işləri xarici mətbuatda səhv və plagiat kimi təqdim edilirsə, Sabir Məmmədovu görkəmli mütəxəssis tələbə deyə tanıyırsa onların gəzdirdiyi doxtur diplomu kimə və nəyə lazımdır? Sənsə, ay Müzəffər1949, inteqralı diferensialdan ayıra bilmirsənsə, nə haqla elmdən-alimdən danışırsan?!

muzaffar1949 2019-03-01 22:28:44

Yazının adı "biliyi necə dəyərsizləşdirmək" olmalıdır. Müəllif son 33 ildə bir dəfə də TR-də məqalə dərc etdirməyib. BDU tezisləri ilə baş girləyir.Ona görə elmi(biliyi) necə dəyərdən salmaq üçün silsilə yazılar yazır. Dəyərləndirmənin belnəlxalq aləmdə qəbul olunmuş meyarlarına nifrət sərgiləyır.Sayır ki, bir küncə sixilib mən hamıdan üstünəm deməklə məsələ bitdi.İşlərin hanı. Müəllif və onu müdafiə edənlər ölkə elmini bu kökə salanların dəyirmanına su tökür.ŞAR-da cəmi 2 ed var Nİ və SM hədəfdə onlar.

FİZİK 2019-03-01 22:28:44

Opponentləri ciddi-cəhdlə Cəsarət Əliyevin az məqalə yazmağını, ona istinad olmamağını vurğulayaraq sudan quru çıxmağa çalışırlar. Ay Sabir Məmmədov, Cəsarətin məqalələrinin az, ya çox olması xarici alimin sənə vurduğu "tələbəsən" damğasının təsirini azaldırmı? Ay Nəriman İsmayılov, Cəsarətə istinadın olması, ya olmaması sənin xarici jurnallarda tənqid olunmağına məlhəm olurmu? Ay Müzəffər49, I kurs riyazi analizin əsaslarından bixəbərsənsə, haranın "alimisən"?!

Məmmədo Sabir 2019-03-01 22:28:44

C.Əliyev elmdə özünü Azərbaycanın və bəlkə də dünyanın ən böyük alimi kimi qələmə verir özünün tərifini göylərə qaldırır, elmi məqalələrin alimin göstəricisi olmadığını deyir. Bəs görəsən alimin göstəricisi nədir. BDU -da çıxan tezislərini tərifləyir. Bəs bu tezislərə niyə istinadlar yoxdu?30 il bundan qabaq yazılmış 5-6 məqaləsinə niyə istinad yoxdu.Özünü görünməmiış dərəcədə tərifləyən adam alim deyil. İstinad yoxdursa dedikləri ağ yalandı. İndi akademiklərin üstünə düşüb, onları laborant adlandıdır

Riyaziyyat üzrə elmlər doktoeu 2019-03-01 22:28:44

Cəsarət müəllim ad çəkməsə də adi məntiqi təhlil görsədir ki məqaləsi nufuzlu jurnalda cəfəngiyat elan ediən profesor yazıya birinci fikir bildirən Nariman İsmaylov xarici alimin tələbə hesab etdiyiysə ikinci fikir bildirən Sabir Məmədovdu İnteqral altı funksiyanın və inteqralın munasibətlərindən xəbərsiz olan isə şübhəsiz Müzəfər49 imzasıynan yazan psevdoalimdi

Nizami 2019-03-01 22:28:44

Cəsarət bəy yazılarında heç bir ad çəkməsə də, onun "qəhrəmanlarının" xoflanıb verdikləri reaksiyalardan müəllifin ağır artilleriyasının bütün elmi antipodların mövqelərini darmadağın etdiyi göz önündədir. Məncə, Cəsarət Əliyev elmi jurnalistikamızın ən kamil nümayəndələrindəndir.

elvin 2019-03-01 22:28:44

Akadem.-ləri laborant adlandıran bu "Cəsarətli" əslində onların əlinə oynayır.Xaricdə dərc olunanlara, istinadları olanlara və.s.qarayaxmaqla AMEA-ya öz tayfa üzvlərini doluşduranların xeyrinə işləyir. 2012-də Fatma Abdul. bir nəfəri ( o duyadadır) ona görə müxbir üzv təyin etdirib ki, o bir dəfə müdafiədə "yaxşı" çıxış edib. Başqa birisini isə-Ənvər Nəhmədovu 3 ilə namizədlikdən həqiqi üzv eləyib:30 il xaricdə işləyib cəmi 50 istinadı ola birisini. Cəsarət m. get BDU tələb tezislərindən yuxarı qalx bir az.

Ədəbiyyat İnstitutu 2019-03-01 22:28:44

Yazılanlardan hədəflərin vəlvələyə düşərək özlərini büruzə verməyindən aydın olur ki, Müəllif lap "doqquzluğa" vurub.

Qəhrəman 2019-03-01 22:28:44

AMEA-nın nədamət yuvası olduğunu anlamaq üçün gözəl yazarımız Zamin Hacının pamfletlərini oxumaq kafidir. Akademiyada mələyin sürətini ölçənlər, günümüzün bu günündə Yerin yox, Günəşin fırlandığını israr edən "alim"-cahillər var. Elmimizin inkişafını istəyiriksə, savadsızlıq, plagiat, korrupsiya mənbəyi olan Elmlər Akademiyası qapanmalıdır!

muzaffar1949 2019-03-01 22:28:44

Bu adamın 63 yaşı var, elmlər namizədidir, xaricdə cəmi 3 məqaləsi ola olmaya. Heç Google da belə istinadları yoxdur. İndi durub öz savadsızlığının acığını başqalarına irad bildirməklə (hətta təhqir) cıxmaq istəyir. Özu sığortalamaq üçün deyir ki, xaricdə məqalə dərc etdirmək heç nədır, istinad heç nədir və s. Kimin nəyi çatışmır ondan danışır. Müasir dövrdə elm ən qobal sahədir.İsolyasiya indiki zamanda ölüm hökmüdür! Amma ölkədə lab- akademiklər 99 faizdir. Belə uğursuzlar AMEA-da yüzlərlədər.

Son yazılar